Özlərini yandırıb arzularını kül edənlərin ölkəsi
Özlərini yandırıb arzularını kül edənlərin ölkəsi

Həyatda elə məsələlər var ki, onlar hadisə olsalar da, barələrində iki həftə, iki ay, iki il və ya iyirmi il sonra da yazmaq olar. Heç nə dəyişən deyil.

Ermənilərin qondarma "soyqırım"la bağlı şivənləri də belədir.
Hər il aprelin 24-də Ermənistanla yanaşı, dünyanın müxtəlif ölkələrinin şəhərlərində ermənilər küçələrə çıxır, bayraq yandırırlar.
Əvvəllər yalnız Türkiyənin bayraqları yandırılırdısa, son iki illərdə Azərbaycan və Macarıstan bayraqları da ermənilərin əllərində od tutur.
Türkiyənin bayrağının yandırılma səbəbi bəlli: ermənilər 1915-ci ildən bəri osmanlı türkləri etmədikləri əməllərdə suçlayır, özlərininsə, yəni hayların "çox böyük cinayət və soyqırıma məruz qaldıqlarını" iddia edirlər.
Ağlaşır, bağırır, nə isə tələb edir, hiddətlənirlər.
Macarıstan bayrağının yandırılmasının səbəbi rəsmi Budapeştin Ramil Səfərovu Azərbaycana təhvil verməsidir.
Azərbaycan bəlli: Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Ermənistanın və ermənilərin ən böyük düşməniyik. Hətta "düşmən sıralaması"nda Türkiyəni belə, "geridə qoymuşuq" ermənilərin nəzərində.
Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun Yerevandakı rəhbərlərindən biri, "Hay Dat"a, yəni "erməni məsələsi"nin ermənilərə sərf edən variantda həllinə nail olmaqda cavabdeh olanlar arasında yer alan Kiro Manoyanın dediyinə görə, Türkiyə bayrağının yandırılmasının budəfəki səbəbi Suriyanın Kesab qəsəbəsində baş verənlərdir. Daşnaklar hesab edirlər ki, Kesabdakı erməniləri türklər qırır.
Necə ki, dünyada baş vermiş bütün ağır cinayətlərdə türkləri, sonra da bizləri suçlu görürlər.
Amma bütün daşnaklar kimi, Kiro Manoyan da ləyaqətsiz, şərəfsiz və yalançı bir məxluqdur.
Belə ki, daşnaklar bir tərəfdən Suriyadakı "ermənilərin yeni soyqırım təhlükəsi ilə qarşılaşdıqlarını" deyərək bütün dünya dövlətlərini, xalqları və təbii ki, erməniləri Kesabdakı "zavallı ermənilər"ə yardıma çağırılarsa - digər tərəfdən həmin yalanlara aldanaraq yardıma getmək, yəni Kesabda əldə silah Suriya prezidenti Bəşər Əsədə sadiq qoşunlarla və bu qoşunlara qənim kəsilmiş islamçılara, terrorçulara qarşı vuruşmaq istəyən ermənilərə "olmaz" deyirlər.
Daşnaklar ermənilərə deyirlər: "Suriyada olan olub, keçən keçib. Artıq gecdir".
Təbii ki, Suriya erməniləri çağdaş mediada artıq klişeyə dönmüş ifadədən yararlansaq, "şoka düşüblər".
Yəni heyrətləniblər, təəccübləniblər və hiddətləniblər.
Bundan başqa, Rusiya Ermənistanı dövlətçilikdən, müstəqillikdən və suverenlikdən məhrum etməyə başlayanda ermənilər susdular.
Rusiyada hər həftə bir erməni döyüləndə, öldürüləndə ermənilər yenə susdular.
Sərnişinlərin ölümü ilə sonuclanan qəza törətməkdə ittiham olunan erməni sürücünün əyninə qadın xalatı geydirib məhkəməyə çıxaranda beş-on erməni Rusiyanın Yerevandakı səfirliyinin binasının qarşısına yığışıb bağırışdılar.
Amma Rusiyanın bayrağını yandırmağa cürət etmədilər.
Ona görə də ermənilərin hər il bayraq yandırmalarına təccüblənməyə, baş verənlərə görə sinirlənməyə dəyməz.
Çünki...
Bayraq yandırmaq olaları üçüncü dünya ölkələrində "imperialistlərə və mənfur Qərbə" qarşı etiraz aksiyalarında çox geniş yayılmış əməldir.
Qondarma "erməni soyqırımı" da ermənilər üçün ayinə çevrilib: Yerevan küçələrində məşəlli yürüşlər, bayraqların yandırılması, yeni xaçkarların qoyulması.
Bu uydurmanın dünya dövlətləri tərəfindən rəsmən tanınmasına can atmaq da ermənilərin ən böyük məqsədinə, ümdə amalına çevrilib. Həmin amal isə erməniləri, gerçəkdən də, nə istədiklərini anlamaq hissindən məhrum edib.
Çünki yalançı iddialara əsaslanan məqsəd ermənilərə baş verənlərə və başlarına gətirilənlərə görə məsuliyyətin böyük hissini çiyinlərindən atmağa imkan verib. Yalanların gerçək kimi sanılması hər erməninin "böyük ideyaya" mənsubluğunun göstəricisinə dönüb.
Fərd isə şüursuz, qorxaq və ya qəddar olanda çirkin əməllərinə görə özünə toxdaqlıq verir, "mənsub olduğum xalq belə edir, mən də həmçinin" deyir və KÜTlənin daxilindəki küt individə çevrilir.
Ermənilər də cinayətkar hakimiyyət tərəfindən idarə olunduqlarından özlərini gücsüz, ümidsiz, zəif hesab edirlər.
Bayraqların yandırılması da əslində ümidsizlik və zəiflik jesti, iddiaların gerçəklə heç əlaqəsi olmadığı halda həqiqəti etiraf etmək qorxusudur.
Ona görə də ermənilərin Türkiyə və ya Azərbaycan bayraqlarına od vurmaları radikalizmin xəstə təzahürü olmaqla yanaşı, elə həmin şəxslərin naəlaclıq və zavallılıqlarının etirafı təsirini bağışlayır.
Ermənilər hələ də anlamırlar ki, orta əsrlərdən qalmış bu ayinlər zamanı aqressivlik vəcdinə gəlmək əvəzinə nəyisə yaradan, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkən, gələcəyə istiqamətlənən cəmiyyət və xalqa çevrilməli, belə tanınmağa çalışmalıdırlar.
Ermənilər səslərinin dünyada eşitmələrini, Ermənistanın da adekvat və normal dövlət kimi qəbul olunmasını istəyirlərsə, marazm bataqlığından çıxıb yatmış şüurlarını oyatmalı, ilk əvvəl onları idarə edənlərlə "mənəvi lider"lərinin kim olduqlarını başa düşməlidir.
Türkiyədən və dünyadan sayğı tələb edən ermənilərin problemi, sadəcə, Yerevandakı Serj Sarkisyan iqtidarı deyil.
Problem odur ki, bayraqlar və ya müqəvvaların yandırılması daxili yanma mühərriki ideyasının hələ də anlaşılmaz olduğu cəmiyyətlərin tapınaq nüsxələridir.
Başqalarından hörmət tələb edən Ermənistan ilk əvvəl özünə sayğı bəsləməli, bu ölkədəki kütlə cəmiyyətə çevrilməli, bandokratik iqtidar devrilməli, demokratik idarəetmə yaradılmalıdır. Bir sözlə, indikindən tam fərqli dəyərlər sistemi və dünyagörüş olmalıdır.
Sadalananlar gerçəkləşməsə, ermənilərə qalan yalnız Yerevan küçələrinə çıxaraq bayraq yandırmaq olacaq.
O da var ki, illər keçdikcə ermənilər bu imkanları da itirəcəklər.
Çıxış yolu təbii ki, var.
Ermənistan vətəndaşları keyfiyyətcə tam yeni dövlətin quruculuğu uğrunda konseptual, şüurlu, düşünülmüş və əzmli mübarizəyə başlayaraq milli maraqlar adlandırdıqları efemer iddialar toplusunu vətəndaş və cəmiyyətin zəruri tələbləri müstəvisinə keçirərək məhv etsələr, bəlkə indiki uçurumdan çıxa bilərlər.
Ermənilər üçün Türkiyə və Azərbaycanın bayraqlarının yandırılması ayinə, bütpərəs ritualına çevrilib. Suveren dövlət qurmaq, normal cəmiyyəti formalaşdırmaq, insanın hüquqlarının qorunaraq vətəndaşın haqlarının təmin olunduğu ölkədə ömür sürmək üçün mübarizə aparmaq istəməyəndə, belə çarpışmaya cəsarət tapılmayanda zavallıların nəsibi ancaq ayinlər olur...
Elçin Alıoğlu