Bakının əzablı yolları ilə
Bakının əzablı yolları ilə

Şəhərin mərkəzinə ağırtonnajlı maşınların buraxılması yolların vaxtından tez sıradan çıxmasına gətirib çıxarır

Bakının Ziya Bünyadov prospekti "komaya" düşüb. Azərbaycan yolları isə "kliniki ölüm" vəziyyətindədir. Bu sözləri əbəs yerə demədik. Sözümüzün canı var. Bu gün Bakının əksər küçə və prospektlərində avtomobil yolları ya yenidən qurulur, ya da həmin yollarda cari və əsaslı təmir işləri aparılır. Ekspertlərin fikrincə, Bakının mərkəzi küçələrində yollar ona görə tez-tez yararsız vəziyyətə düşür ki, həmin yollarda asfalt-beton örtüyü keyfiyyətsiz salınır. Bundan başqa hər hansı küçədə və ya prospektdə avtomobil yolu salınarkən və ya təmir edilərkən aidiyyatı qurumlarla məsləhətləşmələr aparılmır.

Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov bildirdi ki, avtomobil yolu salınmazdan əvvəl "Azəryolservis" ASC ilk növbədə kommunikasiya xətlərinin çəkilməsi üçün müvafiq orqanlarla birlikdə işləməlidir: "Birinci növbədə "Azərsu", "Rabitə və Yüksək Texnologiyalar Nazirliyi", "Azəriqaz"a müraciət olunmalıdır. Kimin nə çəkiləcəyi, nə söküləcəyi varsa həyata keçirməlidir. Yalnız bundan sonra yol çəkilməlidir. Bizdə isə əksinə edilir. Yol çəkilib qurtarandan sonra məlum olur ki, kommunikasiya xətləri düzgün çəkilməyib. Asfalt sökülür, yenidən kommunikasiya xətləri çəkilir. Bu, insanların psixologiyasına da təsir edir. Nə qədər tıxaca düşmək olar? Şəhərin hansı tərəfinə gedirsən tıxacla qarşılaşırsan".
M.Rüstəmov hesab edir ki, Bakının avtomobil yollarının keyfiyyətsiz olması təkcə yuxarıda qeyd edilənlərlə bitmir. Onun sözlərinə görə, Azərbaycanda yollar standartlara uyğun, keyfiyyətli şəkildə çəkilmir və yolların salınması zamanı texniki qaydalara düzgün əməl olunmur: "Nəzərdə tutulan yol salınmazdan əvvəl tender elan olunur. Məncə, bu mənasızdır. Çünki bizdə əvvəlcədən yolun hansı şirkət tərəfindən çəkiləcəyi bilinir. Məsələn, şərti "A" şirkətinin nəzərdə tutulan yolu keyfiyyətli çəkə bilməyəcəyi bilinsə də, yolun salınması yenə də həmin şirkətə tapşırılır. Çünki aralarında əvvəlcədən müəyyən sövdələşmələr olub. Bunun nəticəsində yol çökür, qısa müddətdə yararsız vəziyyətə düşür və dəfələrlə təmir olunur. Çünki yolun salınması zamanı nə müəyyən texniki qaydalara riayət olunur, nə də hava şəraiti nəzərə alınır. Fikirləşmirlər ki, bu yolların çəkilməsinə, dəfələrlə təmir edilməsinə sərf olunan vəsait dövlət büdcəsindən gedir. Həsən Əliyev küçəsi səhv etmirəmsə 1-2 il olar təhvil verilib. Lakin hazırda həmin küçədə söküntü işləri gedir. Ziya Bünyadov prospekti isə başdan ayağa "komaya düşüb". Neçə ildir ki, prospektdə yol salınır. Nə vaxt qurtaracağı, prospektin nə vaxt komadan çıxacağı bilinmir. Bakı şəhərinin yolları 2006-cı ildən "nokauta düşüb", hələ ayılmayıb".
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirdi ki, Bakı küçələrində tez-tez təmir olunan avtomobil yolları sovet vaxtı, keçmiş standartlara uyğun salınmış yollardır. Onun sözlərinə görə, həmin yollarda heç bir əsaslı təmir işləri aparılmır. Sadəcə cari təmir işləri həyata keçirilir. Bu da uzunömürlü olmur. Bakıda keçmiş normativlər əsasında qurulan küçə və prospektlər artan avtomobil sıxlığına tab gətirə bilmir və 6 aydan sonra yol yenidən dağılır: "Lakin əsaslı təmir olunan yollarımızda heç bir problem yoxdur. Çünki yolun salınması üçün birinci növbədə ekspertiza rəyi olmalıdır. Ekspertiza rəyi alınmış layihə tenderdən keçirilir. Tenderdə qalib gəlmiş şirkət işə başlayır. Yolun salınması nəzərdə tutulan ərazidə geoloji işlər aparılır. Mövcud texnologiyaya uyğun olaraq torpaq yatağının tikintisi başlanılır. Daha sonra isə yol tikintisinə start verilir. Çəkilmiş yollar əsasən 15 ilə hesablanır. 5-6 ildən bir isə yol əsaslı təmir edilməlidir. Əsaslı təmir budur ki, yol tamamilə sökülür. Bütün kommunikasiya xətləri çəkilir, drenaj sistemləri yenidən qurulur. Bundan sonra asfalt beton örtüyü vurulur. Hər hansı kommunikasiya xəttində qəza baş veribsə, hər hansı yol qazılıbsa, o demək deyil ki, yolda ciddi nöqsan var. Təmirlər arası müddət anlayışı mövcuddur. 5-6 ildən bir yol təmir edilməlidir. Vaxtında təmir aparılmasa, yol bərbad vəziyyətə düşəcək".
Bakının avtomobil yollarının ağır tonnajlı maşınların təsirindən dağıldığını deyən P.Mürsəliyevin sözlərinə görə, Azərbaycanda avtomobil yollarının salınması zamanı Almaniya, Böyük Britaniyada istifadə olan standartlardan istifadə edilir: "Asfalt beton örtüyünün daha da möhkəm olması üçün müxtəlif qatqılardan istifadə edirik. Lakin yük avtomobillərinin sürücüləri maşına normadan artıq yük vurur. Bu isə Bakının küçə və prospektlərində yollara təsirsiz ötüşmür".
Ağır tonajlı avtomobillərin yolları yararsız vəziyyətə salmasına gəlincə, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov bunun günahının Bakı Yol Polisində olduğunu bildirdi: Çünki 2006-cı ildə dövlət başçısının
Bakı şəhərinin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəncama əsasən şəhərin mərkəzi hissəsinə yük maşınlarının girişi qadağan olunub. Sərəncamda bildirilir ki, səhər saat 8-dən axşam 8-ə kimi şəhərin mərkəzində ağır tonajlı maşınların hərəkəti qadağan olunsun. Bəs, buna niyə əməl etmirlər?".

Saməddin Mehralıyev