Çempionlar Liqası: "Real"dan darmadağın və final!
Çempionlar Liqası: "Real"dan darmadağın və final!

"Bavariya" doğma divarlar arasında şoka düşdü

Srağagün axşam Çempionlar Liqasının yarımfinalında ilk cavab oyunu keçirilib. Almaniyanın "Bavariya" klubu doğma "Alyans-Arena"da İspaniyanın "Real Madrid" klubuna biabırçı hesabla məğlub olaraq turniri tərk edib.

Xatırladaq ki, bu komandalar arasında ilk görüş aprelin 23-də "Santyaqo Bernabeu"da keçirilib. Həmin görüşdə Kərim Benzemanın vurduğu yeganə qol "Real"a qələbə qazandırıb.
Almaniyada keçirilən görüşdə isə "Bavariya" daha böyük hesabla uduzub. Münhenlilər "Alyans-Arena"da qapılarından 4 cavabsız qol buraxaraq turniri biabırçı şəkildə tərk ediblər. Qolları 15 və 20-ci dəqiqələrdə Serxio Ramos və 34 və 90-cı dəqiqələrdə Kriştiano Ronaldo vurub.

Görünməmiş biabırçılıq

Almaniyanın "Bavariya" klubu görünməmiş biabırçılıq yaşayıb. Çempionlar Liqasının son qalibi bu dəfə mübarizəni yarımfinaldakı rüsvayçılıqla dayandırıb.
Münhen təmsilçisi öz meydanında İspaniya "Real"ına 0:4 hesabı ilə uduzmaqla avrokuboklar tarixində ən ağıq ev yenilgisini alıb. Almaniyanın ən titullu klubu indiyədək qitə miqyaslı turnirlərdə heç vaxt 4 top fərqi ilə uduzmamışdı.
Bu darmadağın həm də "Bavariya"nın avrokuboklarad ümumiyyətlə ən böyük hesablı yenilgisinin təkrarıdır. İndiyədək Bundesliqa klubu ən pis halda 4 top fərqi ilə uduzmuşdu. Bir neçə dəfə qeydə alınan bu nəticələr səfər matçlarına təsadüf etmişdi. Sonuncu belə hal 2009-cü ildə "Nou Kamp"da "Barselona" ilə görüşdə qeydə alınmışdı.

Ronaldo: 2 qol, 2 rekord

İspaniyanın "Real" klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldo Çempionlar Liqasının yarımfinal mərhələsinin "Bavariya" ilə oyununda 2 qola imza atmaqla 2 rekord müəyyənləşdirib. Almaniyanın Münhen şəhərindəki qarşılaşmada dubla imza atan hücumçu cari mövsüm bu yarışda vurduğu qolların sayını 16-ya çatdırıb. Bu isə turnirin mütləq rekordudur.
"Bavariya" ilə oyunadək 14 qol vuran Ronaldo rekorda şərik idi. Belə ki, Lionel Messi "Barselona" ilə 2011/12, Joze Altafininin "Milan"la 1962/63 mövsümündə 14 dəfə fərqlənmişdi.
Portuqaliyalı həm də Çempionlar Liqasının pley-off mərhələsində vurduğu qolların sayında rekorda imza atıb. Qrup mərhələsindən sonrakı görüşlərdə 32-ci qolunu vuran Ronaldo Messinin rekordunu keçməklə, argentinalını 1 top qabaqlayır.

Ançelotti rekorda
şərik çıxdı

İspaniyanın "Real" klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının tarixinə düşüb. İtaliyalı mütəxəssis komandası ilə birlikdə 4-cü dəfə turnirin finalına yüksəlməyi bacarıb.
Bu isə turnirin rekordudur. Ançelottiyədək yalnız 3 mütəxəssis finala 4 dəfə yüksəlmişdi. Bunlar Migel Munyos (1960, 1962, 1964, 1966), Marçello Lippi (1996, 1997, 1998, 2003) və Aleks Ferqyusondur (1999, 2008, 2009, 2011).
Əvvəlki 3 finalını "Milan"la yaşayan Ançelotti 2003 və 2007-ci illərdə kuboku qazanıb, 2005-ci ildə isə uduzub. Digər rekordçulardan Munyosla Ferqyuson hərəsinin 2 qələbə və 2 məğlubiyyəti, Lippinin 1 zəfəri və 3 yenilgisi var.
Çempionlar Liqası, yarımfinal, 29 aprel:
"Bavariya" - "Real" - 0:4
Qollar: Serxio Ramos, 15; 20; Kriştiano Ronaldo, 34; 90
İlk oyun - 0:1
"Bavariya": Noyer, Dante, Boatenq, Lam, Riberi, Robben, Müller, Alaba, Şvaynştayger, Kroos, Mandzukiç
"Real": Kasilyas, Pepe, Ramos, Fabio Koentrao, Karvaxal, Xabi Alonso, Modriç, di Mariya, Beyl, Ronaldo, Benzema
İlkin Həsənoğlu