Azərbaycan məmurlarının bahalı içki sevdası
Azərbaycan məmurlarının bahalı içki sevdası

Onlar bunun üçün bəzən on minlərlə dollar xərcləyirlər

Azərbaycanın bəzi məmurlarının, yüksək postlar tutan müəyyən vəzifə sahiblərinin hansı dəbdəbə içərisində üzdüyü, nə dərəcədə bahalı həyat tərzi keçirdiyi çoxdan bəllidir. Məmurların və onların övladlarının lüks həyat tərzinə dair az qala hər gün yeni hadisə və ya xəbər eşitmək mümkündür.

İndi isə biz məmurlarımızın gözqamaşdıran "spirtli içki sevdası"ndan bəhs edəcəyik. Söhbət o qiymətə satılan spirtli içkilərdən gedir ki, onları almaq üçün bəzi məmurlar hətta gərək bir neçə aylıq maaşını xərcləsinlər.
Halbuki 20-25 il əvvələdək mənzərə tamamilə başqa cür idi. Sovet vaxtı cüzi əməkhaqqı ilə indi adi hal almış bahalı maşına, villalara sahib olmaq qeyri-mümkün idi. Hətta dövlət idarəsində işləyib kifayət qədər yüksək maaş alanlar belə, 100, 200 min dollarlıq maşın almağa çəkinirdilər. Ən azı, cəmiyyətin qınağından, onlara oğru, dövlət əmlakının talançısı damğası vurulmasından qorxurdular. İndi isə tam əksinədir. Ən kiçik vəzifə postu tutanlar qısa zamanda bahalı avtomobil, hətta daşınmaz əmlaka sahib olurlar. Bahalı restoranlardan çıxmır, bahalı menyülər sifariş edirlər. Tək özləri yox, oğulları, yaxınları, qohum-əqrəbaları öz var-dövlətlərini nümayiş etdirməkdən belə çəkinmirlər.
Sanki cəmiyyət də bu kimi insanlara tənə etməkdən yorulmuş kimi görünür. Elə zənn edirlər ki, belə də olmalıdır. Həmin insanlar özləri də yaxşı bilirlər ki, əslində halal maaşla bu qədər bahalı sərvətlərə, əyləncələrə sahib olmaq qeyri-mümkündür. Amma artıq çoxluq bunu adi qarşılayır. Məsələn, hansısa supermarketə girib vitrində üzərində 600, 800, 1300 avro qiymət yazılan konyak, viski, çaxır və ya qeyri spirtli içki görsə, heç bir azərbaycanlı soruşmayacaq ki, görəsən, onları ölkəmizdə kimlər içirlər? Həm də hansı pulla? Bir şəraba bu qədər pul sayanlar belə maddi imkana hansı yollarla sahib olublar?
Soruşmayacaq, çünki indi Azərbaycanda bütün bunlar adiləşib. Bəli, bu gün sizə Azərbaycanın bir çox məmurlarının qiyməti göz qamaşdıran, bahalı içki sevdası haqqında danışacağıq.
Bir müddət əvvəl internet saytlarının birində yazılırdı ki, bu gün Bakı dükanlarında kifayət qədər bahalı içkilər satılır. Konkret olaraq vurğulanırdı ki, paytaxtda ən azı 250 manatdan başlayıb ("Hayland park") ta 3 min manata qədər ("Hennesi Paradis İmperial") satılan içkilər tapmaq olar.
Məsələn, Metronun "Gənclik" stansiyasının yaxınlığındakı supermarketlərdən birində bu qiymətə içkilərlə rastlaşmaq mümkündür.
Qeyd edək ki, dünyadakı bahalı içkilərlə bağlı maraqlı faktlar mövcuddur. Məsələn, Londonun "Bierdrome" barında satılan "Vieille Bon Secours" adlı Belçika pivəsi dünyada ən bahalı pivədir. Bir butulkanın dəyəri min dollardır. Azərbaycanın bəzi məmurlarının Londona xüsusi həvəsini nəzərə alsaq, onlar arasında çətin ki, həmin pivənin dadına baxmayan olsun.
Bakının özündə isə baha qiymətə olan "Chateau d’Yquem" və "Petrus" şərablarıı sifarişlə satılır. Deyilənə görə, "Petrus"u tapmaq elə də çətin deyil. "Chateau d’Yquem", "Cognac", "Glenddich", "Lheraud" kimi şərab növləri isə ilinə və qiymətinə görə fərqlənir. Yəni sözügedən markaların 90-cu ildə istehsal olunmuş növlərinin qiyməti 8 min manatdan yuxarıdır. 2001-2007-ci illərdə istehsal olunan növlərinin qiyməti isə 2000-3800 manat arası dəyişir. Azərbaycanın mövcud iqtisadi-sosial reallığını nəzərə alsaq, paytaxt dükanlarına həmin çaxırları sifariş etməyə və almağa bərkgedən məmurlardan qeyri kimin gücü çata bilər?
Təxminən iki il əvvəl isə mətbuatda maraqlı bir fakt qeyd edilmişdi. Bildirilirdi ki, "2004 Block 42" adı ilə Avstriyada istehsal edilən şərab 70 hektar üzüm sahəsindəki ən yaxşı üzümlərdən toplanır. Birinci yığımda istehsal olunan çaxır isə bir dəfə Azərbaycana da gətirilib. Sifarişlə gətirilən çaxır, internet vasitəsi ilə nə az, nə çox, düz 153 min dollara hansısa yüksək vəzifəli azərbaycanlı məmura satılıb. Bu, əlbəttə, yeganə belə fakt deyil. Oxşar faktlar yəqin ki, həddindən artıq çoxdur. Sadəcə, bizim bildiyimiz faktlar azdır.
Belə faktlar məlum olduqca onları sizlərlə paylaşmağa çalışacağıq.
Günel Əkbər