Ukrayna prezidentindən dünyanı şoka salan bəyanat!
Ukrayna prezidentindən dünyanı şoka salan bəyanat!

Turçinov: "Rusiya mayın 9-da bizi devirməyə cəhd edəcək"

"Kiyevdə hərbi postlar qurulub. Hər kəs yoxlanılır. Çünki mayın 9-da Rusiyanın təxribatını gözləyirik". Bunu Ukrayna prezidenti səlahiyyətlərini icra edən Alensandr Turçinov yerli kanallardan birinə müsahibəsində deyib.

Onun fikrincə, Rusiya Ukraynaya qarşı müharibə aparır və məqsədi Kiyev hökumətini devirməkdir: "Onların məqsədi bizi devirmədir. Bütün bölgələrdə təxribatçılar və pravokatorlar ola bilər. Bizə qarşı müharibə gedir".
Turçinovun sözlərinə görə, Şərqi Ukraynada Rusiya ssenarisi uğur qazansa da, Odessada yerli sakinlərin müqaviməti bunu reallşadırmağa imkan verməyib. Rusiya Ukraynanın Şərqində və Cənubunda müharibə aparır. Onlar vəziyyətin tamamilə nəzarətdən çıxmasına çalışırlar. Lakin Odessada bu plan baş tutmadı".
Sonda Turçinov ölkənin şərqindəki gərginliyə görə keçmiş prezident Viktor Yanukoviçin ailəsi və yaxın ətrafını günahlandırıb: "Bu sübut tələb etmir. Qərb də çoxdan bunu anlayıb. Rusiya xüsusi xidmət orqnaları keçmiş Ukrayna hakimiyyətini həm maliyyə, həm də təşkilati baxımdan yönləndirir".
Turçinov anti-terror əməliyyatlarının sona qədər davam etdiriləcəyini də vurğulayıb.

Rəsmi Kiyev DİN
Odessaya xüsusi
təyinatlı tabor göndərdi

Ukrayna Daxil İşlər Nazirliyinin (DİN) "Kiyev-1" xüsusi təyinatlı taboru son günlər gərgin vəziyyətin yarandığı Odessa şəhərinə göndərilib. Bunu özünün "Facebook" səhifəsində daxili işlər naziri Arsen Avakov yazıb.
O, taborun bu yaxınlarda vətəndaş fəallarından formalaşdırıldığını söyləyib: "Taborun rəhbərliyi və tərkibinin önəmli hissəsi odessalılardır. Onların bu çətin günlərdə Odessaya kömək etmək istəklərini nəzərə alaraq uşaqları oraya ezam etmək qərarına gəldik".
A. Avakov mayın 2-də baş verən iğtişaş zamanı yaxalananlardan 42 nəfərinin mərkəzi vilayətlərdən birinə etap olunduğunu da söyləyib.
Xatırladaq ki, mayın 2-də Odessada Rusiyayönümlü separatçılar və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən sakinlər arasında baş verən toqquşmalarda 46 nəfər ölüb. Hadisələrdən sonra Odessanın milis rəisi işdən uzaqlaşdırılıb. Şəhərdə gərginlik davam edir.

Slavyanskda teleqüllə uğrunda döyüşlər başladı

Donetsk vilayətinin Slavyansk şəhərində televiziya qülləsi uğrunda hazırda döyüşlər gedir. Bu barədə Ukraynanın TSN kanalı məlumat yayıb.
Televiziya kanalı yaralılar və ya ölənlər barəsində informasiya verməyib. Sosial şəbəkələrdə isə seperatçılardan bir neçə nəfərin yaralandığı və öldüyü bildirilir.
TSN kanalının xəbərinə görə, Slavyansk şəhərində iki blokpostda kiçik atışmalar istisna olmaqla, gecə kifayət qədər sakit keçib.
"Putin əsl təxribatçıdır"

Ukraynanın şərqində keçirilən anti-terror əməliyyatları tamamilə qanunidir. Bu sözləri Ukrayna prezidentliyinə namizəd, Vətəndaş Mövqeyi Partiyasının sədri Anatoli Qriçenko verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, anti-terror əməliyyatları başlasa da, davam etdirilmir: "Ötən həftə mən Luqanskda, Donetskdə oldum. Orada anti-terror əməliyyatı yox, imitasiya gördüm. Geri alınmış yerlər möhkəmləndirilmədi, heç kim suyu, işığı kəsmədi, ərzaq tam sərbəst şəkildə daşınır. İndi gecikmə ilə hökumət əlində silahla ölkəni diversant və terrorçulardan təmizlədiyini göstərir. Mən elə bir ölkə tanımıram ki, orada terrorçular əllərində PZRK ilə döyüşsünlər. Bu, yolverilməzdir. Bu şərəfsizlər özlərini qadın və uşaqların arxasında gizlədirlər".
Prezidentliyə namizəd Putini də tənqid edib: "Əgər təhlükəsizlik xidmətlərinin qüvvəsi çatmasa, sərhədçilər, Milli Qvardiya, Daxili Qoşunlar, Silahlı Qüvvələrin bölmələrindən istifadə etmək lazımdır. Kremlin bütün qışqırıqları isterikadır. Əsl təxribatçı Putindir".

Putin şeytana xidmət
etməkdə ittiham edildi

Kiyev patriarxı Filaret Rusiya prezidenti Putini şeytana qulluq etməkdə günahlandırıb. O, Putini və Rusiya Federasiyası (RF) rəhbərliyini Ukrainada başladıqları münaqişəni dayandırmağa və qan tökülməsinin qarşısını almağa çağırıb.
Filaret qeyd edib ki, çoxsaylı təkzibedilməz dəlillər, beynəlxalq aləmin müşahidəçilərinin də gəldikləri nəticələr də belə deməyə əsas verir və təsdiq edir ki, baş verən qanlı və terror hadisələrinin arxasında RF-nin xüsusi xidmətləri dayanır. Baş verən qarışılıqlara görə Rusiyanın siyasi rəhbərliyi məsuliyyət daşıyır. Filaretin belə bir bəyənatını Ukrayna Pravoslav kilsəsinin mətbuat xidməti yayıb. "Rusiyanın xüsusi xidmət hissələrinə bu hissələrə cəlb edilmiş Ukrayna vətəndaşları və Rusiya muzdluları qarşılığın baş verməsinin miqyasını çoxaldır, qurbanların sayını artırırlar ki, beynəlxalq təşkilatları Ukrayna vətəndaşının öz vətənindən narazı olmasına inandırsınlar. Bu kampaniyanın iştirakçıları və təşkilatçılarına xatırlatmaq istəyirəm ki, yalan yaymaq şeytana xidmət etməkdir.
Rusiya hakimiyyəti pislik etməklə həqiqəti gizlədir, onlar Krımı zəbt edərkən də belə etmişdilər. Lakin Allahın altında haqqı gizlətmək olmaz. O ,hər şeyi görür, hər kəsi əməyinə görə mükafatlandıracaq. Ona görə də Rusiya hakimiyyətini qan tökməməyə, bir daha düşünməyə, öz üzərinizə böyük günahlar götürməməyə çağırırıam!" - deyə Filaret öz müraciətini tamamlayıb.

Rusiya XİN:
"Kiyevin insanlara qarşı ordudan istifadə
etməsinə
son qoyulmalıdır"

Ukrayna rəhbərliyinin xalqa qarşı ordudan istifadə etməsinə son qoyulmalıdır. Bu barədə Rusiya xarici siyasət idarəsinin Rusiya xarici işlər naziri Sergey Lavrovun Avropa Şurasının nazirlər komitəsinin sessiyasında iştirakı ilə bağlı şərhində deyilir.
"Kiyevin mətbuatı sıxışdırmaq, Rusiya ilə Ukrayna arasında gediş-gəlişə məhdidiyyət qoymaq və xalqa qarşı ordudan istifadə siyasəti Avropa Şurasının prinsiplərinə ziddir və buna dərhal son qoyulmalıdır. Avropa Şurasının müvafiq orqanları buna qiymət verməlidir", - deyə Rusiya XİN-in şərhində qeyd olunub.
Krım Əfqanıstan
müharibəsində iştirak
etmiş şəxsləri Ukraynaya qarşı silahlandırır

Krımdan Ukraynanın şərq və cənub-şərq vilayətlərinə silahlı dəstələr göndərilir. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə silahlı dəstələr Krımın baş naziri Sergey Aksyonovun göstərişi üzrə hərəkət edirlər. Təxribatçı qruplar sırasında "Başmaqlar", "Kilsə xadimləri" kimi silahlı dəstələr liderlik edir.
Digər tərəfdən silahlı dəstələrdə SSRİ-Əfqanıstan müharibəsində iştirak etmiş keçmiş döyüşçülər və Rusiya hüquq-mühafizə orqanlarında çalışan şəxslərin olduğu bildirilir. Məlumatda o da qeyd olunur ki, separatçı qruplar Rusiya Silahlı Qüvvələrinin hərbi hissələrində silahlandırılır.
Qeyd edək ki, Ukraynanın şərq əyalətlərində vəziyyət gərgin olaraq qalır. Ukrayna faktiki olaraq parçalanma təhlükəsi ilə üz-üzə qalıb.

Yanukoviçə 140 milyon avroluq zərbə

Bu arada İsveçrənin federal prokuroru bu il mayın 4-də Viktor Yanukoviçin və onun ətrafına yaxın adamların bank hesablarını dondurub.
Prokurorluq çirkli pulların yuyulmasında şübhəli bilinən 5 nəfər haqqında cinayət işi başlayıb. İlkin istintaq nəticəsində müəyən edilib ki, dondurulmuş pulların məbləği 170 mln isveç frankı - təqribən140 milyon avro təşkil edir. Dondurulmuş aktivlərin əksəriyyəti İsveçrə hakimiyyətinin 2014-cü ildə bağladığı hesablarla uyğun gəlir.
Bundan əlavə, İsveçrə hakimiyyəti Viktor Yanukoviçin 20 nəfər onun yaxın ətrafının və oğlu Aleksandrın aktivlərini də bağlayıb. Həmin siyahıda Ukraynanın sabiq baş naziri Nikolay Azarov və sabiq baş prokuror Viktor Pşonka da var.
Bu günki Ukrayna hökuməti İsveçrə hakmiyyəti ilə ölkədən oğurlanmış pulların ölkəyə qaytarılması barədə razılığa gəlib. Bu ilin aprel ayının axırında isə Böyük Britaniya Ukrayna korrupsionerlərinin 23 mln dollar civarında aktivini dondurub.
Çirkli pulların silinməsi ehtimalı ilə Britaniyanın xüsusilə böyük ölçüdə dələduzluqla mübarizə bürosunda da cinayət işi başlanılıb. Ukrayna Baş Prokuroru səlahiyyətlərini icra edən Oleq Maxniçski deyib ki, Ukraynanın sabiq prezidenti və bir sıra sabiq məmurların Rusiyaya 32 milyard dollar aparıblar.

ABŞ Ukrayna üçün
növbəti addımını atır

ABŞ senatında Ukraynaya 100 mln. dollar dəyərində hərbi yardım paketi haqqında qanun layihəsi hazırlanır. Bu barədə ABŞ senatoru Con Makkeyn deyib.
Onun sözlərinə görə, yardım paketində Ukraynaya təkcə maliyyə yardımı nəzərdə tutulmur. "Biz Rusiyanın təcavüzünə qarşı müvafiq addımlar atmaq istəyirik. Putin başa düşməlidir ki, Ukraynanın cənub şərqini işğal etmək onun üçün baha başa gələcək", - Con Makkeyn deyib.
Senator bildirib ki, Ukraynaya hərbi yardım paketi haqda qanun layihəsinin hazırlanması vaxt aparacaq. Lakin başa düşürük ki, vaxt bizim əleyhimizə işləyirik. Bu səbəbdən Con Makkeyin deyib ki, ABŞ prezidenti Barak Obamanı Ukraynaya ən yaxın vaxtda hərbi yardım etməyə inandırmağa çalışır.
Senatorun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynanın cənub şərqində təxribatlar həyata keçirərək Rusiya ordusunu bölgəyə göndərməyə çalışır. Lakin ABŞ V.Putinin təcavüzünə qarşı layiqli cavab verməyə hazırdır.

Roma papası Ukrayna üçün dua etdi

Katoliklərin ruhani lideri papa Fransisk ötən gün bazar duasında Ukrayna və Əfqanıstanı yaddan çıxarmayıb.
Ukraynanın Odessa şəhərindəki gərginlikdən və 46 nəfərin ölümündən danışan ruhani lider ölənlər üçün, sülh və qardaşlıq üçün dua edib: "Sizinlə birlikdə gərginliyin artaraq davam etdiyi Ukraynada ölənlərin xatirəsi üçün dua edirəm. Tanrıdan bütün qəlblərə sülh və qardaşlıq aşılamasını təmənna edirəm".
Bundan başqa Əfqanıstanda baş vermiş torpaq sürüşməsi nəticəsində ölənləri və zərərçəkənləri yad edən papa onlar üçün də dua edib: "Əfqanıstanda kəndlərdən birində baş vermiş torpaq sürüşməsində ölənlər üçün də dua edirəm. Uca Tanrı, ölənlərin hamısının adını bilirsən, onları yaxşı qarşıla və onların yaxınlarına bu kədərə dözmək üçün güc ver".

Kənan Rzaquliyev