Milli Şurada sonuncu partlayış, qurumdaxili gərginlik pik həddə
Milli Şurada sonuncu partlayış, qurumdaxili gərginlik pik həddə

Əli Kərimli Mirmahmud Mirəlioğlunu dilə tutsa da, cəbhəçilərin qara piar kampaniyası KXCP-nin birliyi tərk etməsini qətiləşdirib

Xəbər verildiyi kimi, mayın 3-də keçirilən sessiyada KXCP sədri Mirmahmud Mirəlioğlu yeni üzvlərin qəbul edilməsinə etiraz olaraq qurumdan istefa verdiyini açıqlayıb. Milli Şuraya qəbul edilməsi təklif olunana yeni üzvlər AXCP təmsilçiləri olub. Əli Kərimli KXCP-nin etirazından sonra bu məsələyə yenidən baxıla biləcəyini açıqlayıb. Sessiya qalmaqalı mübahisələrlə yadda qalıb.

Məhz həmin toplantıdan sonra Milli Şura rəhbərliyi hər hansı bir mübahisənin olmadığı görüntüsünü yaratmağa çalışırlar. Belə ki, Milli Şura sədri Cəmil Həsənli qurumun keçirilən sessiyasında yeni üzvlərin qəbulu ilə bağlı yaranmış qalmaqala münasibət bildirib. C.Həsənli açıqlamasında bildirib ki, bu normal fikir ayrılığıdır. O, KXCP-nin narazılığı ilə nəticələnən yeni üzv məsələsi barədə bildirib ki, bundan sonra necə olacaqsa hər kəs görəcək. "KXCP Milli Şuradan ayrılmadı, fəaliyyətini davam etdirir. Yeni üzv məsələsi də necə olacaqsa, görəcəksiniz", - deyə o bildirib.
Ancaq vəziyyət göründüyü qədər də sadə deyil. Çünki KXCP Milli Şuranın sıralarını tərk etmək də israrlıdır. Çünki toplantıdan sonra AXCP sədri Əli Kərimli Mirmahmud Mirəlioğlunu dilə tutaraq, qərarından döndərməyə nail olmuşdu. Amma səhərisi gündən başlayaraq, sosial şəbəkələrdə KXCP və Mirmahmud Mirəlioğluna qarşı kampaniyaya start verdirib. Bu vəziyyət isə KXCP sədrinin ciddi narazılığına səbəbə olub.
Məsələylə bağlı "Unikal"a açıqlama verəm KXCP sədrinin müavini Xəzər Teyyublu bildirib ki, hələlik radikal addımlar atmaq fikrində deyillər: "Təəssüf ki, sosial şəbəkələrdə bizə qarşı qara piar kampaniyasına start verilib. Bir tərəfdən, Milli Şuranı tərk etməməyimiz üçün dəridən qabıqdan çıxırlar, o biri tərəfdən əleyhimizə kampaniya aparırlar. Hər halda, bütün bunlar nəzərə alınacaq. Son sözümüzü yaxın günlərdə deyəcəyik".
AMİP Siyasi Şurasının üzvü Əli Orucov "Unikal"a açıqlamasında bildirib ki, Milli Şuranın bu hadisələri yaşaması gözlənilən idi: "Milli Şura yarananda səsli-küylü yarandı, pafoslu bəyanatlar verdi, üzərinə böyük məsuliyyət götürdü, lakin çox keçmədən aydın oldu ki, iddialı görünən bu qurumun ideyası nə qədər çəkici olsa da, imkanları məhduddur. Daxili narazılıqlar, çəkişmələr, vahid namizədin Bakıya gələ bilməməsidi və s. amillər MŞ-nı prezident seçkisində gücü ilə iştirakına imkan vermədi. Seçkidən dərhal sonra da dağılma prosesi başladı. KXP-nin bu qurumu tərk etməsi bu prosesin davamıdır. Klassiklər görünür MŞ-nın prespektivini görmədiklərindən belə bir addım atıblar. Məncə, MŞ-da təmsil olunan siyasilər və siyasi qurumlar bu qurumla uğraşmaqdansa, müxalifətdaxili inteqrasiyanın daha mükəmməl , yaxud da digər formatları üzərində düşünməlidir".
KXCP-nin Milli Şuradan getməsini Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Unikal"a şərh edib. Partiya sədrinin sözlərinə görə, əslində, Milli Şura deyilən bir qurum yoxdur, onun sadəcə, adı var, son hadisələr isə həmin adın da tamamilə məhv olması ilə nəticələnib: "Seçkidən əvvəl də bu qurumun xəyanətkarlardan ibarət olduğunu demişdim. O vaxtkı hadisələr də buna əyani sübut oldu. Milli Şurada onsuz da, kim qalmışdı ki, bunu bu qədər böyüdürlər. Əli Kərimli hardansa yenə qrant alıb ölkəni qarışdırmaq, gündəmə gəlmək istəyir. Ancaq unudur ki, Azərbaycan xalqı xəyanəti bağışlamır. Mirmahmud ağaya mənim böyük hörmətim var. Mən Mirmahmud ağaya neçə dəfə demişəm ki, ağa, sənin adın var, sanın var, xalq arasında hörmətin var, xalqa xəyanət edən, Azərbaycan dövlətçiliyinə arxadan zərbə vurmaq istəyən, xarici kəşfiyyata işləyən adamla bir cəbhədə olmaq sənə yaraşmaz. Sağ olsun, Mirmahmud ağa, sözümü eşitdi, analiz elədi və Mlli Şuradan getdi. Amma Əli Kərimlinin ora cəhbəçiləri yığmaqda məqsədi o idi ki, nə vaxtsa ona lazım olan səsvermə keçiriləndə o, üstünlük qazansın. Milli Şurada heç kim qalmayıb. Orada hakimiyyətdən qovulmuş, rüşvətxor adamlar qalıb. Əli Kərimlinin olduğu yerdə heç vaxt uğur ola bilməz. Ona görə də, Milli Şura məğlubiyyətə məhkumdur. Necə ki, indi tamamilə məhvə doğru gedir".
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun Milli Şuradan istefa haqqında qərarına münasibət bildirib. S.Novruzov bildirib ki, vaxtiylə Cəmil Həsənli özü bəyanat yaymışdı ki, Xalq Cəbhəsindən Əli Kərimliyə görə istefa verir, amma indi başqa mövqedədir. YAP funksionerinin sözlərinə görə, bu gün Milli Şura adlı qurum artıq yoxdur: "Milli Şuranın Azərbaycanda fəaliyyəti, ictimai-siyasi vəziyyətə təsiri yoxdur. Çünki ora toplaşan şəxslərin kimliyi bəllidir".
Bəzi partiyaların Milli Şuradan çoxdan istefa verdiyini xatırladan S.Novruzov KXCP-nin hələ də qurumda qalmasının təəccüb doğurduğunu vurğulayıb. Onun sözlərinə görə, Milli Şura AXCP-nin oyuncağına çevrilib: "KXCP-nin Milli Şuradan çıxmağı yox, qalmağı təəccüb doğurur. Digər tərəfdən, Əli Kərimli və Mirmahmud Mirəlioğlu arasında münaqişə hələ Xalq Cəbhəsi dövründən başlamışdı. Bu mübarizə Xalq Cəbhəsi ilə "Yurd" arasında olan mübarizənin tərkib hissəsi idi. Əli Kərimli ətrafına "Yurd"çuları toplamışdı və Xalq Cəbhəsini parçalamaqla məşğul idi. Həmin vaxt da Mirmahmud Mirəlioğlu Xalq Cəbhəsinin sədr müavini idi və bu məsələlərə görə Əbülfəz Elçibəydən sonra Klassik Xalq Cəbhəsi Partiyasını yaratdı. Ümumilikdə, Xalq Cəbhəsində olan bütün insanlar qurumdan istefa verdi. Tarixə nəzər salsaq, görərik ki, Cəmil Həsənli özü bəyanat yayıb ki, Xalq Cəbhəsindən Əli Kərimliyə görə istefa verir və müstəqil siyasətlə məşğul olmağa başlayır. Ancaq bu gün Milli Şurada həmin Cəmil Həsənli Əli Kərimlinin diktəsi ilə oturub-durur. Buna görə də düşünürəm ki, Milli Şura bu partiyanın oyuncağına çevrilib və orda olanlar da həmin partiyanın üzvləridir".
Qərib