Bakıda ən bahalı torpaq sahəsi hansı rayondadır?
Bakıda ən bahalı torpaq sahəsi hansı rayondadır?

Ekspert: "Yay fəslinin yaxınlaşması ilə əlaqədar torpaq bazarında aktivlik və qiymətdə artım müşahidə olunub"

Yay fəslinin yaxınlaşması ilə əlaqədər torpaq bazarında aktivlik və qiymətdə artım müşahidə olunub. Bunu "MBA LTD" Konsaltinq və Qiymətləndirmə şirkətinin direktoru Nüsrət İbrahimov bildirib.
O qeyd edib ki, torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən -0,63% azalıb. Mart ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 6,07% artaraq 17 884 dollar/sot səviyyəsindən 18 969 dollar/sot səviyyəsində qərarlaşıb: "2014-cü ilin mart ayında Bakı şəhərinin əksər rayonları üzrə qiymət artımı müşahidə olunmasına baxmayaraq Binəqədi, Nərimanov və Səbail rayonlarında qiymət azalması baş verib. Qeyd etmək lazımdır ki, əvvəlki fevral ayında da bu rayonlarda qiymət artımı qeydə alınıb. Qiymət azalması isə əsasən mərkəzi rayonlarda qeydə alınıb. Hazırda torpaq bazarında ən aktiv rayonlar Xəzər, Abşeron, Sabunçu, Qaradağ və Suraxanı rayonları, ən passiv rayon isə Nəsimi və Nərimanov rayonlarıdır. 2014-cü ilin mart ayında torpaq bazarında aktivlik şəhərin III və IV zonalarında artıb. Qiymətlərin və torpağa olan tələbin artması təklif portfelinin həcmində son ayda artmasıı ilə müşahidə olunub. Göründüyü kimi təklifin həcmi IV zonada böyük həcmdə artım, qalan zonalarda isə azalma ilə müşahidə edilib".
Zonalar üzrə qiymətlər aktivliyə uyğun olaraq müxtəlif templə dəyişmiş, mövsümi aylarda olduğu kimi, III və IV zonalarda torpaq sahələrində qiymətlərin artımı baş verib. Hesabat ayında qiymətlərin artması III və IV zonalarda, azalması isə I və II zonalar üzrə qeydə alınıb.
N.İbrahimov deyir ki, qiymətlərin artması bir tərəfdən artıq yaz mövsümünün olması və tədricən yay mövsümünə hazırlıq ilə izah edilirsə, digər tərəfdən isə əhalinin tədricən fərdi tikintiyə üstünlük vermələri ilə əlaqələndirilir: "Torpaq bazarında artan təklif, aktivliyin və qiymətin artması ilə bağlı olub. Ekspozisiya müddətinin azalması isə əvvəldən də gözlənilən idi. Ay ərzində torpaq bazarına təklif olunan ümumi 815 ədəd torpaq sahəsinin 81.0%-i boş sahə, qalanı isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Yeni tikililərin salındığı torpaq sahələrinin 20.5%-i köhnə yararsız evlərin sökülməsi, 5.7%-i keçmiş sənaye və məişət obyektlərinin yerləşdiyi torpaqlarda, qalan hissəsi isə yeni torpaqların alınması hesabına aparılıbdır. Təklif portfelində torpaq sahələrinin orta sahəsi 4,77% artaraq 22,4 sot/sahə təşkil edib. Ay ərzində torpaq bazarında təklif portfelinin həcminin artması, şəhərin yalnız IV zonasında müşahidə edilib. Bazarda təklifin artması, satışın həcminin və boş torpaq sahələrinin artması ilə bağlı olub".
N. İbrahimovun sözlərinə görə, bazara təklif edilən ən bahalı torpaq sahəsi Nərimanov rayonunda, Həsən Əliyev (İnqlab) küçəsində (222 930 $/sot), ən ucuz torpaq sahəsi isə Sabunçu rayonunda, Vişnyovka adlanan qəsəbədə (1019$/sot) qeydə alınıb.

Sənan Mirzə