Azərbaycanın dünyəvi dövlət olduğu təsdiqini tapıb
Azərbaycanın dünyəvi dövlət olduğu təsdiqini tapıb

Mütəllim Rəhimli: "Heç vaxt Azərbaycanda milli, ya dini
zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmayıb"

Azərbaycanda tolerantlıq, millətlərarası münasibətlər, mədəniyyətlərin çuğlaşması və digər bu kimi dəyərlərin vəhdətini tapmaq mümkündür. Ölkənin hər bir regionunda bu dəyərlərin hakim olduğu danılmazdır. Sözsüz ki, bütün bunlar xalqımızın bu dəyərlərə xüsusi önəm verməsindən irəli gəlir. Bakı Avrasiya Universitetinin dosenti, Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli ilə söhbətimiz də elə bu mövzuda oldu.
- Azərbaycanda tolerantlığın tarixi xeyli böyükdür. Bu tarixə nəzər salanda Azərbaycanda tolerantlığınöyük tarixi olduğu açıq görünür. Necə düçünürsünüz, hazırda Azərbaycanda tolerantlıqla bağlı vəziyyəti qənaətbəxş saymaq olarmı?
- Hər bir xalqın tolerantlıqla bağlı müxtəlif düşüncələri var. Məsələn, Amerikalılar tolerantlığı öz konstitusiyalarının ayrılmaz hissəsi hesab etdiyi halda Britaniyalılar dözümlülüyü milli xarakterlərinin ayrılmaz hissəsi sayırlar. Azərbaycanda isə müşahidələr göstərir ki, əksər hallarda bu anlayış düzgün dərk edilmir və ifrat dərəcəyə qədər çatdırılır.
Tolerantlıq hər bir ölkənin vətəndaşları tərəfindən yüksək qiymətləndirilsə də, buna əməl etməyənlər də var. Çox zaman bu ifadə dərk edilmir və bunun da əsas səbəbi qeyri-sabit və müvəffəqiyyətsiz azadlıq təcrübəsidir. Bu təcrübə elə bir təsis edilmiş nümunədir ki, o, özündə formal və qeyri formal qaydaları, davranış tərzini, qarşılıqlı münasibəti ehtiva edir. Tolerantlığın formal qaydaları hüquqi və konstitusional, qeyri formal qaydaları isə sosial normalardır. Bütün bunlar göstərir ki, tolerant davranış tərzi liberal cəmiyyətin nail olmaq istədiyi əsas nailliyyətdir.
Tolerantlıq həm də qətiyyən laqeydlik demək deyil. Laqeyd olmaq maraq göstərməmək deməkdir, bu isə tolerantlığa aid oluna bilməz. Tolerantlıq relyativizm də demək deyil. Relyativist baxış bəsləyəndə, biz bütün mövqeləri qəbul etməyə üstünlük veririk. Tolerantlıq isə o deməkdir ki, bizim öz mövqelərimiz olduğu və biz bu mövqeyi düzgün hesab etdiyimiz halda, biz bununla belə digərlərinə səhv, yanlış mövqe tutmaq hüququnu veririk. Bütün bunları nəzərə alaraq, düşünürəm ki, ölkəmizdə tolerantlıq var və bəzən o relyativizmə yuvarlanır.
- Bəs, bu gün Azərbaycanda dövlət din münasibətləri, bu münasibətlərin tənzimlənməsi necədir?
-Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Bu maddənin 2-ci hissəsində isə qeyd edilir ki, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil etdiyinə baxmayaraq ölkəmizdə digər dinlərə ən ali Qanunumuzda belə hüquqların tanınması özü də bir göstəricidir.
Reallıqda da Azərbaycanın dünyəvi dövlət olduğu təsdiqini tapır. Konstitusiyamızda göstərildiyi kimi dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bütün bunlar, təbii ki, Azərbaycanın inkişaf edən dünya ailəsinə qoşulması üçün çox yaxşıdır. Təkzibedilməz fakdır ki, bəzən daha humanist yanaşmalar ölkəmizdə radikal dini qruplaşmaların geniş yayılmasına gətirib çıxarır.
-Suriyada vətəndaş müharibəsi artıq birbaşa olmasa da, dolayısı ilə digər ölkələrə də, elə Azərbaycana da təsirini göstərməkdədir. Valideynlər də daha çox məscidləri günahlandırırlar. Sizin bu məsələyə münasibətiniz maraqlı olardı…
-Təəssüf ki, Azərbaycan vətəndaşları Suriyada gedən vətəndaş müharibəsində iştirak edirlər. Üstəlik onların arasında ölənlər də var. Bu insanlar hansısa dini qruplaşmanın təsiri altında olanlardır. Biz belə bir suala cavab tapmalıyıq ki, nəyə görə bizim vətəndaşlar bu cür hərəkətlərə yol verirlər. Bu sualın birinci tərəfinin cavabı aydındır, yəni dini baxışlarına görə belə addım atıblar. Amma sualın 2-ci hissəsinin izahı daha vacibdir. Yəni necə olur ki, onlar belə təsir altına düşə bilirlər. Məhz bu araşdırılmalıdır.
Bu problemin yaranması ilə bağlı haradasa hökumətin din siyasətini tənqid etmək olar. İndi bizi təkcə bu düşündürməməlidir ki, Suriyada döyüşdə iştirak edənlər var. Biz həm də fikirləşməliyik ki, gələcəkdə potensial təhlükə ola biləcək və Azərbaycanın nəzarəti altında olmayan ciddi bir güc formalaşmaqdadır. Tolerantlıq qorunmalıdır deyə ölkənin milli təhlükəsizliyinə real təhlükənin formalaşmasına göz yummaq olmaz. Sabah beynəlxalq təşkilatlar bununla bağlı daha həyacan təbili çalacaqlar ki, Azərbaycan təhlükəsiz ölkə deyil və digər dövlətlər üçün terroristlər yetişdirən məkana çevrilib.
Qafqaz Müsəlmanları İdarəsinin də bu məsələdə günahı qeyd edilməlidir. Bu idarə müxtəlif dinlərin və sektaların Azərbaycanda uğurlu inkişafını təbliğ etməklə yanaşı, əsl müsəlmanın simasının formalaşmasına da çalışmalı, insanların kənar təsirlərə düşməsinin qarşısını alan preventiv tədbirlər görməlidir.
-Mütəllim bəy, KİV-in rolundan söz açmaq istərdim. Ölkə telekanallarında və mətbuatda milli-mənəvi dəyərlərin işıqlandırılmasını sizcə qənaətbəxş saymaq olarmı?
-Azərbaycanın audiovizual və vizual informasiya vasitələri milli-mənəvi, əxlaqi dəyərlərin təbliğində istənilən rolu yerinə yetirə bilmir. Televiziya təkcə müğənni və artistlərin efir məkanı ola bilməz və onlar da cəmiyyətin maarifləndirilməsində və tərbiyəsində həlledici söz sahibi olmalı deyillər. Cəmiyyətin köklü problemlərinin olduğu, vətəndaşlarımızın kənar təsirlərə düşdüyü indiki vaxtda daha çox ziyalıların sözünə, məsləhətinə ehtiyac var. İstərdim ki, çoxsaylı şou proqramları ilə yanaşı heç olmasa maarifləndirici, elmin fundamental problemlərinə, siyasi və iqtisadi proseslərin analizinə həsr olunan verilişlərə də yer ayırılsın. Dövri mətbuat isə bu yükün altına girə bilməz. Çünki indi insanlar öz vaxtlarına kifayət qədər hörmətlə yanaşırlar və mətbuatın uzun-uzadı yazılarını oxumağa həvəsli deyillər. Sadəcə mətbuat çalışmalıdır ki, cəmiyyətin dəyərləri xaricində olan informasiyalara yer verməsin. Bu onun ən böyük tövhəsi olardı.
-Azərbaycanın mədəniyyətlərarası dialoqun vəziyyətini necə dəyərləndirirsiz?
-İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmayıb. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşayıblar, onları həmişə dostluq münasibətləri bağlayıb. İndi, Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu müsbət meyillər daha da güclənir. Çünki azərbaycanlıların şüurunda, əxlaqında digər xalqlara, onların dəyərlərinə qarşı heç vaxt hörmətsizlik olmayıb.
Əksəriyyət həmişə deyib ki, neft bizim başlıca sərvətlərimizdən biridir və istinad nöqtələrimizdən biri olacaq, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində bu amilə arxalanmalıyıq. Amma indi görürük ki, neftdən daha çox rol oynaya biləcək amil mədəniyyətimizdir. Sübut etməliyik ki, bədxah qonşularımızın qələmə verdiyi kimi, biz "qorxulu" millət yox, yüksək sivilizasiyaya malik, olduqca mədəni bir xalqıq. Bizim sənət və mədəniyyət adamlarımız, alimlərimiz indi bunu dünyada nümayiş etdirir. Xalqımızın ənənələrini, yüksək dəyərlərini yaşatmaqla müasir və öncül olmaq bizim amalımız olmalıdır. Özgələşməyərək, özümüz olaraq qalmalı və həm də müasirliklə ayaqlaşmalıyıq.
-Sizcə Azərbaycanın mədəniyyətlərarası dialoqun təşkilində fəallığı cəmiyyətə və dövlətçiliyimizə hansı töhfələr verə bilər?
-Bu gün dünyada sivilizasiyaların dialoqu, qarşılıqlı anlaşması və daha da möhkəmlənməsi, mədəniyyətlərarası ünsiyyətin sağlam məcrada inkişaf etməsi məsələləri olduqca aktuallaşıb. Bəşər övladının indiyə qədər keçib gəldiyi yol sübut edir ki, mədəniyyətlərin dialoqu olmadan dünya yalnız fəlakətlərə sürüklənə bilər. Dünyanın düşünən beyinləri artıq çoxdan dərk etməyə başlayıblar ki, planetimizin müxtəlif mədəni qütbləri arasında dialoq və anlaşmanın alternativi yoxdur. Belə "alternativ" yalnız "sivilizasiyaların toqquşması"na aparıb çıxara bilər ki, bunun da sonu dünyanı xaos və dəhşətlərə, kütləvi fəlakətlərə sürükləyə bilər.
Azərbaycan mədəniyyətlərarası dialoqun təşkili baxımdan güclü ənənələrə, potensiala və əzmə malik bir dövlətdir. Ölkəmiz bu gün əsas mədəniyyətlərarası dialoq mərkəzlərindən hesab edilir. Diqqətəlayiq haldır ki, Azərbaycan bu sahədə dünyaya açıq olduğunu bariz şəkildə sərgiləyir və mədəniyyətlərarası dialoq mövzusunu dünya dövlətlərinin elmi-mədəni elitası ilə birgə ən ali səviyyədə müzakirə etməyə üstünlük verir. Son illər Azərbaycanın irəli sürdüyü və BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəklədiyi təşəbbüslə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bunu sübut edir.
Həmçinin Cənubla Şimal arasında münasibətlərin inkişaf etdirilməsi baxımından da Azərbaycanın rolu böyükdür. Həm də Azərbaycanın öz mədəniyyətinin bir növ sintetik xarakter daşıması, yəni həm ənənəvi olaraq Şərq ölkəsi olması, həm də müasir Avropa mədəniyyətini mənimsəməsi bir növ dünya ölkələri üçün göz qabağında olan, başqalarının yararlana biləcəyi bir yoldur. Biz bundan istifadə etməklə Azərbaycan dövlətçiliyini möhkəmləndirə, qloballaşan dünyada layiqli yerimizi tuta bilərik.