Kənd Təsərrüfatı Nazirliyi subsidiyalarla bağlı ictimaiyyəti xəbərdar etdi
Şöbə müdiri: "Geniş sayda istehsalçı kütləsinin müraciətlərinin araşdırılmasında pozuntulara yol vermək ehtimalı var"

Fermerlər Kənd Təsərrüfatı Nazirliyinin saytının (www.agro.gov.az) "subsidiyalar" bölməsindən şəffaflığın tam təmin edilməsi məqsədilə hər bir rayon və kəndlər üzrə istehsalçıların siyahısı, əkin sahələri və ayrılıqda hər birinə veriləcək yardımın məbləği haqqında məlumatı əldə edə bilərlər. Bunu Kənd Təsərrüfatı Nazirliyinin aqrar islahatlar, kənd ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin müdiri Firdovsi Fikrətzadə bildirib.
F. Fikrətzadə qeyd edib ki, kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsində şəffaflığın artırılması ilə bağlı qərar qəbul edilib: "Bunun icrası ilə bağlı nazirlik sistemli şəkildə fəaliyyətlərə başlayıb. O cümlədən şəffaflıq mexanizmlərinin bu sahədə daha gücləndirilməsi üçün buğda istehsalı üzrə subsidiya almış bütün istehsalçıların siyahısı, bütün rayon və kəndlər üzrə məlumat nazirliyin internet səhifəsində yerləşdirilib. Burada məqsəd ondan ibarətdir ki, təqribən 150 min istehsalçıya yalnız buğda istehsalına görə, 400 min istehsalçıya isə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə subsidiya verilir. Belə bir geniş sayda istehsalçı kütləsinin müraciətlərinin araşdırılmasında pozuntulara yol vermək ehtimalı var. Biz nazirlik olaraq da nəzarət etmək imkanlarımız kifayət qədər geniş deyil".
Şöbə müdiri bildirib ki, bu məlumatlar məhz bütün istehsalçıların məlumatlı olması üçün yerləşdirilib. "Hansısa rayon və ya kənddə istehsalı üzrə qanun pozuntusu varsa, ictimaiyyət nümayəndələrinin bu haqda dəqiq fakta malik olmaları ilə üçün əllərində dəlillər olacaq. Biz hər bir vətəndaşı fəal şəkildə bu informasiyalar ilə tanış olmasını istəyirik. Eyni zamanda vətəndaş cəmiyyəti təşkilatlarını da bu siyahı ilə tanış olmağa və ictimai nəzarətin gücləndirilməsinə dəvət edirik", - deyə F. Fikrətzadə vurğulayıb.
Qeyd edək ki, subsidiyaların verilməsi iki mərhələdə həyata keçirilir. Birinci mərhələ artıq yekunlaşıb. İkinci mərhələ isə iyun ayında başlayacaq, iyul-avqust aylarında nəticələrinə yekun vurulacaq.
Sənan Mirzə