AMEA-dakı direktorluq savaşında ilginc gəlişmə
AMEA-dakı direktorluq savaşında ilginc gəlişmə

Bir müddət əvvəl təkzib edilən xəbər necə doğru çıxdı?

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-dan verilən məlumata görə, iclasda İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinin icrası iqtisad elmləri doktoru Nazim İmanova həvalə edilib.

Maraqlıdır ki, xəbərdə institutun əvvəlki direktoru İsa Alıyevin nə vaxt və hansı səbəbdən işdən çıxarıldığı barədə heç nə deyilmir.
Qeyd edək ki, adıçəkilən institutda direktor qovğasının başladığı barədə ilk məlumat bir ay əvvəl yayılmışdı. Məlumatda bildirilirdi ki, sabiq deputat Nazim İmanov Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) direktor vəzifəsinə təyinat alıb. Belə ki, vaxtı ilə Azərbaycan siyasətinin "qaymaqları"ndan sayılan iqtisadçı alim İmanov AMEA-nın İqtisadiyyat İnstitutunun yeni direktoru olub. Keçirilən seçkidə Nazim İmanov daha çox səs toplayaraq, direktor kürsüsünə layiq görülüb.
Bu xəbər çox keçmədən təkzib edilmişdi. Belə ki, ötən ayın ortalarında AMEA-dakı mənbələrə əsasən belə məlumat yayıldı ki, İsa Alıyev postunu qorumaq üçün hərəkətə keçib. O, vəzifəsini qorumaq və AMEA prezidenti Akif Əlizadəyə təsir etmək məqsədiylə işçilərdən imza toplanılmasına qərar verib. "Lakin bu zaman bir çox işçi imza verməkdən çəkinib və bu hərəkətin AMEA prezidenti Akif Əlizadəyə qarşı çıxmaq kimi yozulacağını bildiriblər. İsa Alıyev isə yaxın ətrafını da xəyanətdə suçlayaraq, onları imza toplama kampaniyasını pozmaqda günahlandırıb" - deyə həmin vaxt yayılan məlumatda bildirilirdi.
Həmçinin vurğulanırdı ki, AMEA rəhbərliyi İsa Alıyevin yenidən direktor olmasına sıcaq yanaşmır.
Eyni zamanda qeyd edilirdi ki, onun vəzifəsi sabiq deputat Nazim İmanova təkilf edilib. Lakin Nazim İmanov bu postu tutmaqdan imtina edib. Daha sonra Nazirlər Kabinetinin şöbə müdiri Elşən Hacızadəyə bu post təklif olunub:
Amma AMEA-nın dünənki rəsmi açıqlaması ilə artıq bir ay əvvəl təkzib olunan məlumat təsdiqini tapmış oldu. Yəni Nazim İmanov İqtisadiyyat İnstitununun direktoru vəzifəsinin icrasına başlayıb. Amma maraqlıdır ki, onun bu posta müvəqqəti gətirildiyi, yoxsa, artıq həmin vəzifəni seçilmiş qaydada həyata keçirəcəyi qaranlıq qalır.
Görünən odur ki, İmanov direktor postunu müvəqqəti icra edəcək. Yəni o, direktor seçkisinin keçirilməsinədək bu postda qalacaq. Bu isə AMEA-dakı məlum "direktorluq savaşı"nın davam edəcəyi anlamına gəlir.
Bəzi mənbələrin iddiasına görə, İqtisadiyyat İnstitutunun direktoru postuna fərqli iddialılar var, onların əksəriyyətinin isə hökumət içindəki müxtəlif nüfuzlu himayəçilərinin varlığı yekun qərarın verilməsini ləngidir. Belə görünür ki, hələlik adıçəkilən institutua kimin rəhbərlik edəcəyinin qətiləşməsi vaxt alacaq.
"Unikal"ın ötən saylarından birində yazmışdıq ki, sabiq maliyyə naziri Əvəz Ələkbərov da AMEA-nın sözügedən institutuna direktor olmaq arzusunda olanlar sırasındadır. Qeyd edək ki, hələ iki il əvvəl maliyyə naziri postundan göndərildikdən sonra elmi işlə məşğul olduğunu nəzərə alaraq bəzi media orqanlarında onun hələ də ştatda qaldığı Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinə təyinat almaq istədiyi barədə iddialar səsləndirilirdi. Bu ilin fevralında isə sabiq nazir saytlardan birinə müsahibəsində özünə yenidən vəzifə təklif olunacağına qəti şəkildə inanmadığına işarə vurmuşdu, halbuki ötən ilin yayında prezident seçkiləri ərəfəsində Ələkbərov saytlardan birinə kiçik açıqlamasında vəzifə gözləntisində olduğunu açıq ifadə etmiş, hətta onun buna xeyli ümidli olduğu da hiss olunmuşdu. Əslində Ələkbərovun vəzifə istəyi həqiqətən də var və söhbət məhz AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru olmaq üçün səylərindən gedir.
Əgər Nazim İmanov institut direktoru vəzifəsini müvəqqəti icra edəcəksə, onda belə çıxır ki, sabiq maliyyə nazirinin arzuladığı posta gəlmək üçün şansları hələ də qalır. Əgər Ələkbərov, hökumət çevrələri ilə arasında yaranan soyuqluğu aradan qaldıra bilsə və yenidən etimad qazanarsa, onun İqtisadiyyat İnstitutunun direktoru postuna ən iddialı namizədlərdən biri olacağı şübhə doğurmur.
Günel Əkbər