Leyla Əliyeva:
Leyla Əliyeva:"Birgə səylər nəticəsində çox böyük dəyişikliklər edə bilərik"

IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti işə başlayıb və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da çıxış edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sammitdə çıxış edərək vurğulayıb ki, Azərbaycan qədim ənənələr, zəngin tarix və mədəniyyət ölkəsidir.
Leyla Əliyeva bildirib ki, ölkəmiz Avropa ilə Asiya arasında yerləşir və Şərq müdrikliyi ilə Qərb tərəqqisini özündə təcəssüm etdirir: "Şəhərimizi nadir edən odur ki, qədim İçərişəhərin və Qız Qalasının memarlığı yeni tikilmiş müasir memarlıq nümunələri ilə birgə vəhdət təşkil edir. Azərbaycan keçmişdə tarixi İpək Yolunun mərkəzində olub. Bizim coğrafi mövqeyimiz nəinki mədəniyyətimizə, həmçinin təbiətimizə də öz təsirini göstərib. Belə ki, dünyadakı 11 iqlim qurşağının 9-u məhz Azərbaycanda yerləşir və bu, bizim biomüxtəlifliyimizi təmin edir".
Təbiəti qorumağa gənc yaşlardan başlamağın vacibliyindən danışan Leyla Əliyeva IDEA-nın öz ətrafında gəncləri birləşdirdiyini deyib.
Leyla Əliyeva bildirib ki, ətraf mühiti nəinki öz Vətənimizdə, bütün dünyada qorumağı qarşısına məqsəd qoyan IDEA fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda və bütövlükdə regionda ətraf mühitin, flora və faunanın mühafizəsi ilə bağlı bir sıra layihələr həyata keçirib. Reallaşmış layihələr çərçivəsində ölkədə 3 milyon ağac əkilib. Eyni zamanda, təhsil ocaqlarında da ətraf mühitin qorunması üzrə siniflər yaradılıb. IDEA-nın digər vacib keyfiyyətlərindən biri odur ki, bütün layihələr mümkün qədər yaradıcı və bədii bir formada təqdim edilir.
Leyla Əliyeva qeyd edib ki, bizim əsas məqsədimiz dünyada nəsli kəsilməkdə olan növlərin bərpasına nail olmaq və onları qorumaqdır. Bununla bağlı bir sıra beynəlxalq təşkilatlarla da birgə iş aparılır. Fəxredici haldır ki, Azərbaycan Beynəlxalq Ətraf Mühitin Qorunması Təşkilatının üzvüdür.
Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, birgə səylər nəticəsində planetimizdə çox böyük dəyişikliklər edə bilərik.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ölkədə biomüxtəlifliyin qorunması istiqamətində görülmüş işlərdən danışmışdır. Nazir məlumat vermişdir ki, Azərbaycanda ekoloji proqramlara çox böyük yer verilir və dövlətimizin başçısı bu işləri diqqət mərkəzində saxlayır.
H.Bağırov bildirib ki, Azərbaycanda meşələrin sayı az olsa da bu sahədə reallaşmış geniş proqramların nəticəsində mənfi meyllərin qarşısı alınıb. Görülmüş işlər nəticəsində son 10 ildə 90 min hektara qədər ərazidə yeni meşələr salınıb.
Nazir biomüxtəlifliyin qorunması istiqamətində Sammitdə müzakirə olunan mövzuların təcrübədə istifadə ediləcəyini diqqətə çatdırıb.
Tədbirdə Qafqaz bəbirinin mühafizəsi, Azərbaycanda bu heyvan növünün yaşayışı üçün əlverişli mühitin yaradılması və onların sayının artırılması yolları ilə bağlı layihə təqdim olunmuş, bu barədə müzakirələr aparılıb.
Sonra nəsli tükənməkdə olan heyvan növləri və onları qorumaq istiqamətində görülmüş işlərlə bağlı təqdimat olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Sammit çərçivəsində Adrian Sternin "Afrikanın vəhşi təbiəti" sərgisinə baxıblar.
Sərginin məqsədi vəhşi təbiətin zənginliklərinə və onun qorunmasının vacibliyinə diqqəti çəkməkdir. Sərgidə müəllifin 35 əsəri nümayiş etdirilir.