Prezident İlham Əliyev Prezident yanında Bilik Fondunun təsis edilməsi haqqında fərman imzalayıb
Prezident İlham Əliyev Prezident yanında Bilik
Fondunun təsis edilməsi haqqında fərman imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Bilik Fondunun təsis edilməsi haqqında fərman imzalayıb.
Prezident yanında Bilik Fondunun yaradılmasının məqsədi elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi və mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasıdır.
Fərmana əsasən, Prezident yanında Bilik Fondunun Nizamnaməsi təsdiq edilib, habelə işçilərin say həddi 20 ştat vahidi müəyyənləşdirilib.
Nazirlər Kabinetinə prezidentin aktlarının fərmana uyğunlaşdırılmasına dair təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 3 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Nazirlər Kabineti həmçinin Prezident yanında Bilik Fondunun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını bir ay müddətində təsdiq edib prezidentə məlumat verməlidir, Fondun fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etməlidir.
Ədliyyə Nazirliyi isə Prezident yanında Bilik Fondunun dövlət qeydiyyatına alınmasını 1 ay müddətində təmin etməlidir.