"Azərfon"la "Bakcell"ə qarşı milyonluq dava başlayır

Azərbaycanın iki mobil operatoru ilə bağlı böyük qalmaqal

"Aztelekom" İstehsalat Birliyinin "Azərfon" (Nar mobile) və "Bakcell" şirkətlərinə qarşı məhkəmə savaşı davam edir.

Hər iki mobil şirkət nazirliyin "Aztelekom" İstehsalat Birliyinə ötürücülərdən istifadəyə görə yaranmış milyonluq borc davası üzrə mayın 15-də "Bakcell" şirkətinə qarşı verilmiş şikayət üzrə proses davam etdiriləcək: "Həmin gün Bakı Apellyasiya Məhkəməsində hakim Cahangir Yusifovun sədrliyi ilə "Bakcell"lə bağlı verilən şikayət üzrə qərarın elan ediləcəyi də gözlənilir. "Azərfon"la bağlı şikayət isə həmin məhkəmədə hakim Həmid Həmidovun sədrliyi ilə araşdırılır. Bu iş isə mayın 22-də davam etdiriləcək".
mia.az daxil olan məlumatda bildirilir ki, "Aztelekom" İB-in "Azərfon" MMC-yə qarşı borc və vurulmuş zərərin alınması, "Bakcell LTD" MMC-yə qarşı isə dəymiş ziyanın və dəbbə pulunun cavabdehdən tutulması tələbindən bəhs edən şikayətləri rabitə və yüksək texnologiyalar nazirinin şəxsi nəzarətindədir: "Görünür, hər iki şirkət bu yolla cəzalandırılır və taarifləri aşağı salmaq məqsədi güdülür".
Məlumatda o da bildirilir ki, hər iki şirkətin "Aztelekom"a borcu ölkədaxili və beynəlxalq danışıqlar zamanı birliyin ötürücülərindən istifadəyə görə qanunla nəzərdə tutulmuş ödəmələri bu günədək həyata keçirməmələri ortaya başqa problemlər də çıxarıb: "Sözügedən şirkətlərin abunəçilərinin danışıqları "Aztelekom"un nəzarətində olan ötürücü stansiyalar tərəfindən həyata keçirilir. Müqaviləyə əsasən, bu zaman hər danışıq dəqiqəsinə görə birliyə pul ödənilir. Həm "Azərfon", həm də "Bakcell" isə bu pulu ödəməkdən yayınırlar. Ona görə də məhkəmə mübahisəsi ortaya çıxıb. Amma məsələ bir qədər də ciddiləşərsə, "Aztelekom" müqavilə öhdəliyinə uyğun olaraq, hər iki şirkətə ötürücü xidmətini dayandıra bilər. Əlbəttə, bu zaman həm "Nar", həm də "Bakcell"in istifadəçiləri çətin vəziyyətdə qala bilərlər".
Qeyd edək ki, hələ ötən ayın ortalarında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərlə söhbətində mobil operatorların danışıq tariflərini kəskin şəkildə tənqid etmişdi. "Təəssüf ki, Azərbaycanda hər üç mobil operator danışıq tariflərinin aşağı salınması üçün razılıq vermir" deyən nazir daha sonra əlavə etmişdi: "Hesab edirik ki, bu, baş verməlidir. Çünki bu, Nazirlər Kabinetinin və Tarif Şurasının məsələ ilə bağlı apardığı qaydalara uyğun həyata keçirilir. Mobil operatorlar bunu etməsələr, biz qanuna uyğun olaraq aralarında trafik mübadiləsinin qiymətlərinin bizim qoyduğumuz qaydalara uyğunlaşmasına onları məcbur edəcəyik. Çünki bu mobil xidmətlərin tariflərinin aşağı düşməsinə müsbət təsir göstərəcək".
Əlavə etmək artıqdır ki, nazirin bu narahatlığını, iradlarını ictimai rəy də bölüşür. Mobil operatorların abonentləri arasında danışıq tariflərinin hazırki vəziyyətindən məmnun olan heç kimi tapmaq olmaz.
İndi iki mobil operatorla bağlanan və yuxarıda haqqında danışılan məhkəmə qovğasının tariflərin endirilməsi ilə bağlı təzyiqlərin bir parçası olub-olmadığını demək çətindir. Amma bu, birmənalıdır ki, ictimaiyyət həm mobil operatorlardan, həm də hökumətdən tariflərin aşağı salınması ilə bağlı qəti addımlar gözləyir.

Günel Əkbər