"Rusiyanın Azərbaycana hər hansı hərbi təzyiqi mümkün deyil"

Mayis Güləliyev: "Rusiya-Azərbaycan əlaqələri çox genişdir və Azərbaycan hakimiyyətinin balanslı xarici siyasəti bu ölkələr arasında qarşıdurmalar üçün yer qoymur"

"Azərbaycanda siysasi partiyalar guya "müxalifət" olduqlarını desələr də, əslində, hakimiyyətə qarşı yox, bir-birilərinə qarşı mübarizə aparırlar"

2014-cü il həm ölkədaxili, həm də dünyada gedən siyasi proseslərin aktivliyi ilə seçilir. Dünyada Ukrayna-Rusiya münasibətlərindən, bizdə isə Azərbaycanın bu qlobal savaşdakı yeri və rolundan, baş verənlərin ölkəmizə təsiri barədə müzakirələr gedir. Təbii ki, bu arada ölkədaxili ictimai-siyasi proseslər də diqqətdən kənarda qalmamalıdır. "Unikal"a müsahibə verən Azərbaycan Yaşıllar Partiyasının keçmiş sədri, VƏTƏN blokunun icra katibi Mayis Güləliyev bir sıra mətləblərə aydınlıq gətirdi.

- Mayis müəllim, hazırda ölkədəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiz? Yaşıllar Partiyası hazırda hansı işlərlə məşğul olur?
- Hazırda ölkədəki ictimai-siyasi vəziyyəti bir sözlə belə ifadə etmək olar, borc pulla restoranda kef çekmək kimi. Yəni bir anlıq borc və qarşıda səni gözləyən çətinliklər unudulur. Bir anlıq her şey yaxşıdır. Hamı bir-birinin şəninə təriflər deyir. Bir müddət keçəcək borcun ödənilməsi zamanı yetişəcək və insan ayılacaq! Onda isə gec olacaq! Ölkələr də, cəmiyyətlər də belədir. XX əsrin ortalarından XXİ əsrin ortalarınadək, bəlkə də daha yaxın zamanlarda bütün dünyanın, hətta bizim sivilizasiyanın "qızıl dövrü" başa çata bilər. Bizim cəmiyyət də hələ ki, neftdən gələn gəlirləri geninə-boluna xərcləyir. Belə cəmiyyətlərdə hakimiyyətlə vətəndaşlar arasında antoqonist ziddiyyətlər olmur. Lakin vətəndaşlar arasında hakimiyyətə yarınmaq uğrunda rəqabət olur. Bu rəqabətin nəticəsində bir-birini satan, bir-birini bankrot etməyə çalışanlar daha çox olur. Baxın, belə rəqabət siyasi partiyalar arasında da baş verir. Yəni siyasi partiyalar guya "müxalifət" olduqlarını desələr də, əslində hakimiyyətə qarşı yox, bir-birilərinə qarşı mübarizə aparırlar.
- Bu fikirləri Sizin də təmsil olduğunuz siyasi təşkilatlara da aid etmək olarmı?
- Xeyr. Azərbaycan Yaşıllar Partiyası da öz müttəfiqləri ilə, yəni Ədalət partiyası və İslam partiyası ilə birgə ictimai-siyasi vəziyyəti daha obyektiv yöndə öyrənməyə çalışır. Mən də bu partiyaların yaratdığı VƏTƏN blokunun icra katibi kimi bu fəaliyyətin yerinə yetirilməsi üçün bütün gücümlə çalışıram. Mən keçən il VƏTƏN blokunun icra katibi seçildikdən sonra Yaşıllar Partiyasından istefa vermişəm. Lakin VƏTƏN blokuna daxil olan partiya kimi Yaşılların fəaliyyəti ilə mütəmadi maraqlanıram.
- Qarşıdan gələn bələdiyyə seçkilərindən nə gözləyirsiz? İştirak edəcəksinizmi? Kimlərlə əməkdaşlıq edəcəksiz?
- Yerli demokratiyanın inkişafı üçün bələdiyyə sistemi vacib qurumdur. Lakin Azərbaycanda yaradılan model sözün həqiqi mənasında "unikal modeldir". Bu sistemə dəstək verən Avropa İttifaqının Aleksandrov familiyalı bir eksperti var idi. O əlsən bolqar idi. Amma Cənubi Qafqaz üzrə ekspert kimi Tbilisidə otururdu. 2002-ci ildə Cənubi Qafqazda bələdiyyə idarəçiliyi üzrə konfransda o "Azərbaycan modelini" xeyli təriflədi. Mən ona belə bir sual ünvanladım ki, belə yaxşı modeli niyə Bolqarıstanda, Almaniyada, Böyük Britaniyada tətbiq etmirsiz? Hətta qonşu Gürcüstanda da tətbiq etmək olardı! Əlbəttə, o cavab verməkdən imtina etdi. Belə bir bələdiyyə qurumundan əhalinin gözləntisi yalnız ondan ibarətdir ki, "təki bələdiyyə bizim torpaqları gizli satmasın"! Yəni bələdiyyə artıq fəaliyyətsiz bir qurum kimi əhalinin boynundan asılıb. Odur ki, bələdiyyə seçkilərinə də əhali aktivliklə hazırlaşmır. Bu, çox pisdir! Çünki bələdiyyə nə qədər inkişaf etmiş olarsa, yerli demokratiya da bir o qədər inkişaf etmiş olar. Bütün bunlar da əhalinin həm aktivliyinə, həm də birliyinə dəstək vermiş olar. VƏTƏN bloku olaraq biz bələdiyyə şeçkilərinə qatılmaq istəyirik. Belə bir qərar olarsa, hər üç partiya onların təsis etdikləri VƏTƏN bloku kimi iştirak edəcəklər. Hələ ki, bu haqda bir qərar verilməyib. Belə bir qərarın verilməsi yəqin ki, avqust ayından sonra ola bilər.
- Sizcə, bələdiyyə seçkilərinə maraq niyə azdır?
- Bələdiyyə strukturu, bələdiyyə idarəçiliyi ilə bağlı mən 12 ildir məşğulam. Bilirsiniz ki, bələdiyyə idarəçiliyinə həsr edilmiş beş kitabın həmmüəllifiyəm. 5 il bələdiyyə idarəçiliyinə həsr edilmiş "Yerli özünüidarə məsələləri" jurnalının baş redaktoru olmuşam. Azərbaycan üçün unikal olan bu jurnalın 18 nomrəsi işıq üzü görüb. Bir neçə il ərazində Avropa İttifaqında yerli özünüidarə ilə məşğul olan xüsusi komissiyanın ekspertlərindən bir olmuşam. Mən bunları ona görə sadaladım ki, sizin soruşduğunuz suala mənim cavabımı oxucular tələskən verilmiş cavab hesab etməsinlər. Cavab isə belədir ki, Avropa İttifaqı Azərbaycanda elə bir bələdiyyə idarəçiliyinin yaradılmasına dəstək verib ki, o idarəçilik zəif və insanlar üçün cəlbedici olmasın. Yəni insanların bələdiyyə idarəçiliyinə marağının az olması bələdiyyə idarəçiliyinin mahiyyəti ilə bağlıdır. Səlahiyyəti olmayan quruma heç kəsin marağı ola bilməz. Necə ki, kasıb adamın toyuna və ya yasına nə qədər insan yığışır? Eləcə də "idarəçilik kreslosu"! Əgər orda səlahiyyət varsa, hamı orda oturmağa cəhd edir. Səlahiyyət yoxdursa, o "kreslo" heç kəsi cəlb etmir.
- 2015-ci il parlament seçkiləri barədə düşüncələriniz, planlarınız nədən ibarətdir?
- İctimai və siyasi fəaliyyətlə məşğul olmağa başladığım son 12 ildə həm ölkə daxilində, həm də ölkə xaricində iştirak etdiyim bütün tədbirlərdə, yazdığım məqalələrdə və kitablarda dəfələrlə təkrar etmişəm və bir daha təkrar edirəm ki, proporsional seçki sistemi olmazsa, Azərbaycanda nə demokratik seçkini təmin etmək, nə də əhalinin siyasi aktivliyini yüksəltmək mümkün deyil! Həm prezident, həm də parlament seçkilərində əksər hallarda iştirakın mənası xalqa çatdırılası fikirlərin deyilməsi imkanıdır.
- Müxalifətin böyük birliyi Milli Şura yarananda Sizi kənarda saxladılar. Belə bir ittifaqa zərurət varmı?
- Birincisi, məni heç kəs, heç zaman istədiyim bir fəaliyyətdən kənarda saxlamayıb! Bu ona görə belə olub ki, mənim bütün fəaliyyətimin əsasında rasionallıq və elmi yanaşma dayanıb! O cümlədən, Milli Şuradan. Məgər mən nə vaxtsa, orda olmaq istəmişəmmi? Əksinə, hələ bu qurum yaranmamışdan, yəni 7 yanvar 2013-cü ildə ilk dəfə mən Rüstəm İbrahimbəyovun "xalqı qış yuxusuna" verəcəyini bəyan etmişdim. Yalnız mənim bu dəyərləndirməmdən sonra bəziləri mart-aprel aylarında Milli Şuranın "Rusiya layihəsi" olduğunu deyərək ona qarşı çıxış etdilər. Mən isə iki cəbhə ilə mübarizə aparmalı oldum. Yəni, Rüstəm İbrahimbəyovun yaradacağı qurumun məhz "hakimiyyətin layihəsi" olduğunu bildirərək, onun "Rusiya layihəsi" olmadığını da isbatlamağa məcbur oldum. Beləliklə, mən heç vaxt Milli Şurada olmağa cəhd etməmişəm. Çünki mənim icraçı katib olduğum VƏTƏN bloku var, və orda onsuz da işlərim çoxdur.
- Mayis müəllim, Müsavat Partiyası mitinq keçirmək niyyətindədir. Hazırda kütləvi aksiyalara nə qədər ehtiyac var?
- Hər bir partiyanın ictimai-siyasi hadisələrə yanaşma tərzi var. Siyasi mübarizənin də metod və formaları müxtəlifdir. Əksər hallarda mitinqlər hakimiyyətə təzyiq və güc nümayişi rolunu oynayır. Mitinqlər vasitəsilə müxalifət hakimiyyətə öz gücünü göstərir. Odur ki, mitinqlərə hazırlaşanda gərək hər şey ölçülüb-biçilsin. Məsələn, kiçik partiyalar mitinq əvəzinə, piket və ya fləşmob keçirsələr, daha effektli olar. Bir neçə partiyanın birləşərək mitinq keçirməsi də mümkündür, amma gərək hər bir partiyanın belə mitinqlərdə marağı nəzərə alına. Yəni, hər hansı partiya hakimiyyətə "əzələ" nümayiş etdirmək istəyirsə və bu məqsədlə digərlərinin də gücündən istifadəyə ümid edirsə, onda gərək o partiyaların da marağını nəzərə alsın. Əks halda mitinqdən sonra qarşılıqlı ittihamlar üçün şərait yaranmış olur. Yaxşı təşkil edilmiş, siyasi mübarizə şüarları dəqiq olan mitinqlər siyasi mübarizədə mühüm nəticələrə səbəb ola bilər, çünki adətən mitinqlər siyasi aktivliyə müəyyən təsir göstərir.
- Ukrayna-Rusiya proseslərindən sonra Azərbaycana da təhlükə yaranıb iddiaları var. Bu barədə nə deyə bilərsiz?
- Ukrayna ilə bağlı mənim dekabr ayından başlayaraq çoxlu sayda açıqlamam olub. Qəribədir ki, mənim yanaşmam digər yanaşmalardan tamamilə fərqlənir. Birincisi, Ukrayna hadisələri ilə bağlı hələ dekabr ayında cəmiyyətdə belə iddialar var idi ki, Azərbaycanda da xalq ayağa qalxacaq. Hətta bəzi siyasətçilər tələsik Ukraynaya səfər edərək müxalifətlə dil tapmağa can atdılar. Mən isə hətta obrazlı ifadə edərək qeyd etmişdim ki, Mozambikdəki hadisələrin Azərbaycana nə qədər dəxli varsa, Ukraynadakı hadisələrin də təsiri o qədər olacaq. Zaman mənim dediklərimi bir daha təsdiq etdi. Krım Rusiyaya birləşdiriləndə də bəzi siyasilər hay-küy saldılar ki, "qoymayın Rusiya gəlir!", amma mən yenə də qeyd etdim ki, Rusiya Azərbaycanla kifayət qədər yaxşı münasibətdədir. Odur ki, Rusiyanın Azərbaycana hər hansı hərbi təzyiqi mümkün deyil. Rusiyanın Azərbaycana təzyiq göstərməyə cəhd etməsinə heç bir lüzum yoxdur. Bir daha bəyan edirəm, Rusiya-Azərbaycan əlaqələri çox genişdir və Azərbaycan hakimiyyətinin balanslı xarici siyasəti bu ölkələr arasında qarşıdurmalar üçün yer qoymur! Ukrayna müxalifəti 1992-ci ildə Azərbaycanda hakimiyyətdə olmuş Xalq Cəbhəsinin tarixi səhvlərini təkrar etdi. Hər bir dövlət kimi Rusiyanın da maraqları var. Onun qonşu ərazilərinə NATO-nun gətirilməsinə cəhd Rusiyanın maraqlarına ziddir.

Z.MƏMMƏDLİ