Uşaq azərbaycanlı qadını niyə davakar edir?
Uşaq azərbaycanlı qadını niyə davakar edir?

Həkim: "Buna səbəb ailədəki problemlər, maddi və cəmiyyətdə olan sosial sıxıntılardır"

Övlad sahibi olmaq hər bir ananın arzusu və sevincidir. Ancaq bəzən bu xoşbəxt hadisə sonradan çətin və məşəqqətli hala çevrilir. Bir çox ana doğuşdan sonra depressiyaya düşür, ruhi sarsıntı keçirir, aqressivliyə meylli olur. Özünü sanki boşluqda hiss edən ana hüznlənir və stress keçirir. Normalda bu problem 7-10 gün sonra düzəlir.

Ancaq bu vəziyyətin davam etməsi ağır nəticələnən depressiya və psixozun əmələ gəlməsinə səbəb olur. Doğumdan sonra ilk 6 həftədə gizlicə başlayan bu hal bir neçə ay, bəzən isə 1-2 il uzana bilər.

Bioloji və psixososial səbəblər

Həkim-ginekoloq Bikəxanım Ələkbərova deyir ki, doğumdan sonra bu problemlərin əsasını təşkil edən faktorlardan biri bioloji səbəblərdir. Hamiləlik zamanı kişi hormonlarından olan testosteron və "hamiləlik hormonu" adlandırılan progesteronun səviyyəsinin doğumdan sonra ani olaraq düşməsi depressiyanın əsas qaynağı hesab olunur. Həmçinin qalxanabənzər vəzin funksiyasındakı dəyişiklik və orqanizmdə fol turşusuna olan tələbatın vaxtında ödənilməməsini də psixoloji problemlər sırasına aid etmək olar. Digər faktor isə psixososial səbəblərdir. Belə ki, doğumdan sonra bütün qadınlarda hormonal dəyişikliklər olmasına baxmayaraq bu problemlə ancaq 10-15 faiz qadın, əsasən də gənc və ilk dəfə ana olanlar üzləşirlər. Buna səbəb isə ailədəki problemlər, maddi və cəmiyyətdə olan sosial sıxıntılardır.

Digər faktorlar

Həkim-ginekoloqun sözlərinə görə, doğumdan sonra qadınlar özlərini ətraf mühitdən təcrid olunmuş sayır, tənha - sanki boşluqda hiss edir, qayğıya daha çox ehtiyac duyurlar. Buna səbəb isə 9 ay müddətində bətnində olan körpənin dünyaya gəlməsidir ki, bu ayrılıq da anaya çətin gəlir: "Bu zaman belə bir sual meydana çıxır. Qadının bu vəziyyətə düşməsinin əsas səbəbi hamiləlik zamanı yaşadıqları problemlə, yoxsa körpə dünyaya gəldikdən sonra yaşadığı stresləmi bağlıdır? Burada hər iki faktorun olduğunu söyləmək mümkündür. Doğumdan sonra baş verən depressiyaya səbəb kimi, ruhi xəstəlik (stress, depressiya), ailədə problemlərin olması, arzuolunmayan hamiləlik, analığa hazır olmamaq, ilk hamiləlik, doğuş qorxusu və ailəvi dəstəyin olmamasını örnək göstərə bilərik. Doğum sonrası ailədə rol dəyişimi, yəni tək həyat yoldaşı olmaqdan ana olmağa keçid və körpəyə qulluğun yaratdığı stress psixoloji problemi ortaya çıxaran amillərdəndir. Hamiləlik zamanı ailədaxili münaqişələrin yaranması, ailədə soyuqluq, həyat yoldaşından yetərli dəstəyi almayan qadınlarda belə hallar daha çox özünü büruzə verir".

Doğuş sonrası
psixozun müalicəsi

Həkim-psixoloq Xəyalə Məmmədovanın sözlərinə əsasən, doğuşdan sonra yaranan depressiyanın səbəbləri müxtəlif olsa da, müalicəsi də çoxyönlüdür. Doğuş sonrası yaranan fiziki yorğunluğun istirahət edərək, körpə yatarkən onunla bərabər dincəlməklə, ailənin digər fərdlərindən yardım alaraq, hər gün müntəzəm olaraq təmiz havada gəzməklə və tez-tez duş qəbul etməklə qarşısını almaq lazımdır. Daha ağır depressiyalarda, uşağa qarşı davranışlarda aqressivlik edən, onların hər bir hərəkətinə əsəbləşərək özündən çıxan analarda isə vəziyyətin ciddiliyi nəzərə alınmalıdır. Buna səbəb isə doğumdan sonra depressiyanın ağır forması olan doğuş sonrası psixoz adlandırdığımız sindromdur. 2-3 həftə sonra özünü büruzə verən problemin əsas simptomları isə qarabasmalar, gecə yatarkən sayıqlamalar, özünə qapılma, qorxu hissi, ümidsizlik, uşağa zərər vermə düşüncəsi və sairdir. Belə xəstələr mütləq lazımi müayinələrdən keçərək müalicə almalıdırlar.
X.Məmmədova bildirib ki, müalicə zamanı həkim nəzarətində olan xəstələrə, lazım gələrsə, müxtəlif antidepressant dərmanlar verilə bilər. Bəzən bu tip dərmanların kömək etmədiyi və asılılıq yaratdığı fikri mövcud olsa da, bu belə deyil. Təyin olunan preparatlar düzgün və vaxtı-vaxtında qəbul olunmalıdır. Adətən xəstələr onların müalicəvi təsirini 10 gündən sonra hiss etməyə başlayırlar. Bunun üçün zamana ehtiyac var. Bu müddət ərzində "dərman kömək etmir" deyib ondan imtina etmək olmaz. Bəzən bu tip dərmanlarla müalicə 6 ay çəkir. Həkimin icazəsi olmadan onlardan imtina etmək olmaz. Çünki xəstəliyin əlamətləri yenidən qayıda bilər. Bundan başqa mütəxəssis tərəfindən ana ilə fərdi və ya qrup psixoterapiya söhbətləri də aparılması məqsədəuyğundur.

Məsləhət

B.Ələkbərovanın söylədiyinə görə, Azərbaycanda yenicə uşaq dünyaya gətirmiş ana ilə bağlı gözəl ənənə mövcuddur. Belə ki, doğuşdan sonra zahı qadına istirahəti üçün 40 gün şərait yaradılır. Ona əvvəlki gücünü toplaması üçün müxtəlif qüvvətləndirici yeməklər verilir, ev işləri və körpə ilə ailənin digər üzvləri məşğul olurlar. Qadın bədənində baş verən bu kimi dəyişikliklərə çətin uyğunlaşır. Onlar çox vaxt özlərini aciz hiss edirlər. Belə vəziyyətlərdə ana hər şeydən əvvəl mənəvi dəstəyə daha çox ehtiyac duyur. Anaya yeni dünyaya gətirdiyi körpənin onun qayğısına, nəvazişinə ehtiyacı olduğu və bundan sonra həyatında yeni səhifə açıldığı təbliğ olunmalıdır. Bu işdə həyat yoldaşı ilə yanaşı, digər ailə üzvləri də yaxından iştirak etməlidirlər. Ana düşdüyü vəziyyətdən çıxmaq üçün doğuşdan öncəki məşğul olduğu və zövq aldığı işlərlə vaxtını səmərəli keçirməli, köməyə ehtiyacı olduqda yardım istəməkdən çəkinməməli, rəfiqələri ilə və onunla eyni problemlə üzləşən qadınlarla dərdini bölüşməlidir. Yalnız bu kimi tədbirlər nəticəsində onlar reabilitasiya dövrünü asan keçərək yenidən xoşbəxt günlərinə qayıda bilərlər.
Zəhra