Hakimiyyətə qarşı daha bir şər-böhtan kampaniyası
Hakimiyyətə qarşı daha bir şər-böhtan kampaniyası

YAP-çı deputatlar "Human Rights Watch" təşkilatının hesabatını "topa" tutdular

"Human Rights Watch" təşkilatı Azərbaycanda insan haqları ilə bağlı növbəti hesabatını açıqlayıb. Hesabatda Azərbaycanın Avropa Şurasının öhdəliklərini yerinə yetirmədiyi qeyd olunur.

Təşkilatın Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogianın sözlərinə görə, hökumət açıq-aşkar təşkilatın əsas standartlarına məhəl qoymur: "Avropa Şurası rəhbərliyi Azərbaycana aydın şəkildə başa salmalıdır ki, o, hökuməti tənqid etdiyinə görə ədalətsiz olaraq həbs edilənləri azad etməli və insan haqları sahəsində islahatlar aparmalıdır". Hesabatda o da vurğulanır ki, son iki ildə hökumət 38 siyasi fəal, jurnalist, blogger və hüquq müdafiəçisinə qarşı əsassız ittihamlar irəli sürüb və onların çoxu hazırda həbsdədir. Hesabatda həmçinin həbs olunan NİDA-çılar, jurnalistlər Rauf Mirqədirov və Pərviş Həşimli ilə yanaşı, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşına, jurnalist Xədicə İsmayıla qarşı təzyiqlərin olduğu qeyd olunub.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri, YAP-çı deputat Nizami Cəfərov sözügedən qurumun Azərbaycana qarşı növbəti dəfə qərəz nümayiş etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, bu təşkilat davamlı olaraq qərəzli mövqe tutmaqla Azərbaycana qarşı düşmən münasibətdə olduğunu göstərir: "Biz artıq bir sıra beynəlxalq qurumların hesabatlarını eşitməyə adət eləmişik. Amma çox sevindirici haldır ki, son vaxtlar Azərbaycanda gedən inkişaf bu hesabatlarda da öz əksini tapır. Bir məsələ də var ki, bütün hesabatlar müəyyən mövqeləri əks elətdirir və xeyli dərəcədə də tendensiyalı olur. Özü də son zamanlar bu tendensiyalar daha "parlaq" şəkildə görünməyə başlayır. Azərbaycanın inkişafını qəbul eləməyən, xüsusən cəmiyyət, insan hüquqları, demokratiya, prülarizm sahəsində olan inkişafı qeyd etməyən heç bir ciddi ictimai-siyasi xadimə, beynəlxalq təşkilata rast gəlməmişəm. Bu günlərdə biz Fransa prezidentinin Azərbaycandakı inkişaf haqqındakı sözlərini eşitdik. Bu cür hallar get-gedə artır və bunu qeyd etməmək, görməmək mümkün deyil. Amma təbiidir ki, açıq-aydıq düşmən mövqeləri də sərgilənir. Biz bir tərəfdən buna adət edirik, digər tərəfdən də çalışırıq ki, cavab verək".
YAP-çı deputatın sözlərinə görə, bu cür qərəzli mövqelərə ilk növbədə Azərbaycandakı inkişaf tendensiyasi ilə cavab verilir: "Ayrı-ayrı adamlar bu cür qərəzli hesabatlara cavab versələr də, amma ölkədəki inkişafın özü bir əsasdır. Təbii ki, o şeylər böhtan xarakterlidir, məqsədli şəkildə həyata keçirilir, onun qarşısı alınmalıdır. Azərbaycandakı inkişafa söykənib reallığı dünyaya bəyan etməliyik ki, bu cür əsassız fikirlər ayaq tutub yeriməsin".
Digər YAP-çı millət vəkili Aydın Mirzəzadə də "Human Rights Watch"təşkilatının Azərbaycanda insan haqları ilə bağlı növbəti hesabatına münasibət bildirib. Millət vəkili deyib ki, hər dəfə olduğu kimi bu dəfəki hesabat da qərəz və böhtan xarakteri daşıyır: "Özünü ictimai-siyasi təşkilat adlandıran bir qurum Azərbaycan üzərində prokurorluq nəzarəti aparır. Azərbaycanın daxili və xarici siyasətini onların istəklərinə uyğun qurulmasına çalışır. Demokratiya və insan haqları adı altında Azərbaycana təzyiq edir. Konkret cinayət əməlinə görə həbs edilən insanları kontekstdən kənar vicdan məhbusu adlandırır. Onların hesabatları illərdir bu formada verilir. Azərbaycanın inkişafı ilə bağlı reallığı görmək istəmirlər".
Qərib Gərayzadə