Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığı regiona nə vəd edir?
Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığı regiona nə vəd edir?

Politoloqların fikrincə, bu format Azərbaycanın bölgədəki rolunu bir qədər də artıracaq

Bir müddət əvvəl Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran formatının yaranması ilə bu ölkələrin xarici işlər nazirlərinin, prezidentlərinin sammitləri keçirilib.

Bu günlərdə isə Azərbaycan-Türkiyə-Türkmənistan formatının yaranması barədə məlumatlar mediada yer alıb. Artıq may ayının sonlarında Bakıda ilk dəfə olaraq hər üç ölkə xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılıb. Görüşdə regiondakı vəziyyət, Azərbaycan-Türkiyə-Türkmənistan arasında əməkdaşlığın inkişafı, Xəzərin statusu kimi məsələlərin müzakirə olunacağı gözlənilir.
Yaxın günlərdə reallaşacaq bu görüşlə bağlı fikirlərini "Kaspi"yə bölüşən BDU-nun professoru, Xəzərin problemləri üzrə ekspert Rüstəm Məmmədov bildirib ki, Azərbaycanın gələcəyi Xəzər dənizi ətrafında yaşayan dövlətlərin onun tutduğu siyasi xətti dəstəkləməsindən asılıdır. Ekspertin sözlərinə görə, ölkəmizi üçün çox vacibdir ki, bu gün Azərbaycan modeli qəbul olunsun və bu modelin həyata keçirilməsinə maneçilik törədilməsin. Onun fikrincə, bu mənada Azərbaycan üçün əsas maneə İran və Türkmənistandır: "Hazırda bu maneənin aradan qaldırılması çox çətin görünür. Çünki uzun illərdir Türkmənistan qeyri-konstruktiv yol tutub, əsassız iddialarla danışıqları bir qayda ilə pozub. Bunun da nəticəsində bu günə kimi Xəzərin statusunun müəyyənləşməsi məsələsi öz həllini tapmayıb. Ancaq regionda və dünyada baş verən proseslər onu deməyə əsas verir ki, bu məsələdə Azərbaycanın mövqeyi daha düzgündür, dəqiqdir, sabaha hesablanmış siyasətdir. Son hadisələr, o cümlədən xarici işlər nazirlərinin Bakıda keçirilən görüşü həm də onu sübut edir ki, artıq Türkmənistan reallığı dərk edib. Rəsmi Aşqabad başa düşür ki, hazırda Ukraynada cərəyan edən hadisələrin bir ucu Rusiyaya gedib çıxır. Sabah eyni hadisələr Türkmənistanda da baş verə bilər. Nə vaxtsa hər hansı məsələ ilə bağlı türkmənlər də öz mövqelərini bildirmək istəsələr və bu, Kremlin xoşuna gəlməsə, Ukrayna ssenarisi Türkmənistanda təkrarlana bilər. Ona görə də Türkmənistan Azərbaycanla danışıqları üstün tutsa, bundan daha çox qazanar. Bu, eyni zamanda Türkmənistan qazının Azərbaycandan tranzit yolla keçərək Avropaya çatdırılmasını sürətləndirəcək, türkmənlərin dövlət büdcəsinə əlavə gəlir gətirəcək. Bütün bunları nəzərə alsaq, bu gün Türkmənistan öz məramını və siyasətini dəyişmək məcburiyyətindədir".
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı ekspert İlham Şaban Türkiyə-Azərbaycan-Türkmənistan formatında görüşün keçirilməsinin qaz faktoru ilə birbaşa əlaqəsinin olmadığını bildirib. O, bu görüşü daha çox türk dövlətlərinin Oğuz qolundan olan qrupunun toplantısı kimi dəyərləndirib: "Bu görüşün əhəmiyyətindən danışarkən, burada qaz məsələsini qabartmaq düzgün olmazdı. Çünki Rusiya ilə Qərbin arasında əməlli-başlı soyuq müharibəyə start verildiyi bir şəraitdə kiçik ölkələrin bu prosesdə aktiv iştirakı arzuedilən deyil. Türkiyə kimi NATO üzvü olan ölkə isə öz milli maraqlarından çıxış edərək, hələ heç bir iqtisadi təcridetmə proseslərinə qoşulmayıb. Belə bir arzuda olmadığını da dilə gətirməyib. Təbii ki, Türkmənistanın qazını Avropaya satmaq arzusu olarsa, Azərbaycan və Türkiyə öz ərazilərini qardaş ölkəyə tranzit üçün açacaqlar. Ancaq bunun üçün gərək rəsmi Aşqabadla Avropa Birliyinin bir anlaşması, rəsmi müqaviləsi olsun. Hələlik ortada belə bir razılaşma və sənədləşmə yoxdur. Azərbaycanın isə indiki məqamda onların əvəzindən ortaya atılaraq iş görməsi tamamilə yersiz olardı".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycan-Türkiyə-Türkmənistan formatının önəmini qeyd edib. O, bir müddət öncə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin uzun fasilədən sonra bir araya gəlməsinə diqqət çəkib. Ehtimal edib ki, Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin mayda Bakıda baş tutacaq görüşünün ardından hər üç ölkə başçısı da bir araya gələcək. Politoloq deyib ki, bütün hallarda bu formatlar olduqca uğurludur: "Rusiyanın Krımı işğal etməsi, Ukraynada separatçılığı dəstəkləməsi fonunda Azərbaycan çox ciddi şəkildə öz təhlükəsizliyi haqqında düşünməlidir. Çünki, artıq Rusiyadan müəyyən təhlükələr görünməkdədir. Rəsmi Moskvanın Ukraynaya yönəlik bu siyasətinin ardından xarici vətəndaşlara Rusiya pasportlarının paylanması bizə də müəyyən təhlükələr vəd edir. Ona görə də Azərbaycan öz təhlükəsizliyi haqqında düşünməli və çıxış yolları axtarmalıdır. Çıxış yolu isə strateji müttəfiqlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Hazırda Azərbaycan-Türkiyə-Gürcüstan formatı çox uğurla işləyir. Prezidentlərin görüşü çox uğurlu alınıb. Hər üç ölkə arasında ortaq layihələr var. Bu kontekstdə hərbi əməkdaşlığın inkişaf etdirilməsi də arzu ediləndir. Azərbaycan-Türkiyə-Türkmənistan formatı isə bir qədər fərqlidir. Birinci formatda hər üç dövlət arasında müttəfiqlik münasibətləri mövcuddursa, ikinci formatda bir qədər "axsaqlıq" var. Azərbaycan Türkiyə, Türkiyə isə Türkmənistanla strateji tərəfdaşdır. Bu, öz yerində. Çox təəssüf ki, Azərbaycan və Türkmənistan arasındakı münasibətlərdə müəyyən suallar var. Əslində bu suallara da qısa müddətdə cavab tapmaq mümkündür. Bunlardan birincisi hər iki ölkənin iddia etdiyi "Kəpəz" yatağı məsələsidir ki, bu problemi asanlıqla aradan qaldırmaq olar. Bu yatağı Türkmənistan və Azərbaycan birgə işlədə bilərlər. Bu, ölkələr arasında əməkdaşlıq üçün də möhkəm zəmin yarada bilər. O ki, qaldı Xəzərin status məsələsinə, fikrimcə, bu da iki ölkə arasında mübahisə doğuran problem olmamalıdır. Azərbaycan çox asanlıqla Rusiya və Qazaxıstanla Xəzər dənizindəki sərhədini müəyyənləşdirib. Eyni işi "Kəpəz" yatağı birgə işlədiləndən sonra Türkmənistanla da reallaşdırmaq mümkündür".
E.Şahinoğlu Türkmənistanı Azərbaycan üçün çox vacib tərəfdaş kimi də qələmə verib. O, Azərbaycanın öz enerji resurslarını Avropaya daşıdığını diqqətə çatdıraraq, Avropanın da ölkəmizi alternativ enerji mənbəyi kimi gördüyünü vurğulayıb: "Çünki Ukrayna hadisələrindən sonra Avropa Rusiyadan qaz asılılığını azaltmaq istəyir. Azərbaycanın qazı o qədər yüksək həcmdə deyil ki, biz Avropaya qaz satmaq baxımından Rusiya ilə rəqabətə girək. Belə vəziyyətdə digər ölkələrə məxsus qazın da Avropaya çatdırılması məsələsi ortaya çıxır. Azərbaycan isə bu mənada çox aktiv rol oynayır. Xarici işlər naziri Elmar Məmmədyarov İraqa səfər edib orada danışıqlar apardı, rəsmi Bağdada təklif etdi ki, o da öz qazını Azərbaycan və Türkiyə üzərindən Avropaya daşısın. Azərbaycan prezidentinin İrana səfərindən sonra da bu istiqamətdə hansısa təşəbbüslərin olacağı gözləniləndir. Çünki getdikcə Qərbin İrana qarşı sanksiyaları da zəifləməkdədir. Sanksiyalar aradan tamamilə qalxandan sonra İran qazının da Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılması mümkündür. Ən nəhayət bu istiqamətdə cəlbedici üçüncü dövlət Türkmənistandır. Hələ bir müddət bundan öncədən belə bir layihə var idi ki, Türkmənistan qazı Xəzərin dibi ilə Azərbaycana, buradan isə Avropaya daşınsın. Bu layihə də reallaşarsa, Azərbaycanın bölgədə rolu bir qədər də artacaq. Enerji mənbəyi kimi Avropaya alternativ qaz çatdırılacaq. Lakin bunu reallaşdırmaq o qədər də asan deyil. Ortada Rusiyanın təzyiqləri var. Rusiya istəmir ki, Xəzərin dibi ilə boru xətti çəkilsin. Halbuki Rusiya Qara dənizin və Şimal dənizinin dibi ilə boru xətləri çəkib. Məntiqlə rəsmi Kreml buna etiraz etməməlidir. Azərbaycanla Türkmənistan təkbaşına Rusiyanın təzyiqləri qarşısında davam gətirə bilməz. Buna görə Avropanın, ABŞ-ın, Türkiyənin dəstəyi lazımdır".