Məleykə Abbaszadə nazirliyi
Məleykə Abbaszadə nazirliyi "şəffaflıq" çağırışı ilə "vurdu"

TQDK sədrinin müəllimlərin qiymətləndirilməsi ilə bağlı söylədiklərinin pərdəarxası "Unikal"da

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə uzun fasilədən sonra Təhsil Nazirliyinə üstüörtülü mesaj göndərib. TQDK rəhbəri dünən keçirdiyi brifinqdəki sözləri ilə faktiki olaraq, Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin attestasiyası prosesindən narahatlığını ifadə edib.

Məleykə Abbaszadə mətbuat konfransında müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinə münasibət bildirib. TQDK sədri qeyd edib ki, müəllimlərin qiymətləndirilməsi çox vacibdir: "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müəllimlərin sınaq qiymətləndirilməsində iştirak etmir".
Onun sözlərinə görə, TQDK-nın qeyd olunan imtahanda istifadə edilən sualların məzmununa da aidiyyatı yoxdur. Komissiya sədri onu da vurğulayıb ki, bəzi müəllimlər öz işlərini müasir təhsil standartlarına uyğun qura bilmirlər: "Onu da qeyd etməliyəm ki, müəllimlərin fəaliyyətini qiymətləndirməli prosesi tam şəffaf keçirilməlidir".
TQDK sədrinin bu sözləri belə rəylərin yaranmasına səbəb olub ki, Məleykə Abbaszadə Mikayıl Cabbarovun nazirliyinin müəllimlərin bilik və bacarıqlarının qiymətləndirməsi prosesindən bir o qədər də razı deyil və həmin prosesin qeyri-şəffaf aparıldığından narahatdır. Elə bu səbəbdən də Komissiya sədrinin həmin açıqlamaları ilə faktiki olaraq Təhsil Nazirliyinə "şəffaflıq" çağırışı etdiyi ehtimal olunur.
Başqa bir ehtimala görə, "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müəllimlərin sınaq qiymətləndirilməsində iştirak etmir" deməklə əslində rəhbərlik etdiyi qurumun da bu prosesdə iştirak etməli olduğu fikrini dilə gətirir.
Əslində TQDK-nın belə istəyinin olduğu məlumdur. Amma nədənsə, Təhsil Nazirliyi müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsində Məleykə Abbaszadənin rəhbəri olduğu qurumun iştirakını arzulamır. Bəzi məlumatlara görə, Cabbarovun nazirliyi bununla bağlı TQDK-dan gələn təklifi qəbul etməyib və geri çevirib.
Bunun səbəbi kimi isə Mikayıl Cabbarovun öz sələfi Misir Mərdanov kimi, Məleykə Abbaszadənin sədrlik etdiyi Komissiya ilə əməkdaşlığa isti münasibət bəsləməməsidir. Təhsil naziri TQDK-nı Təhsil Nazirliyinə birləşdirmək niyyətindədir. Məleykə Abbaszadə isə bu planın gerçəkləşməsinə qarşı müqavimət göstərir. Belə bir qarşıdurma isə Təhsil Nazirliyi ilə TQDK-nın qarşılıqlı anlaşma şəraitində işləmə imkanlarını azaldır.
Müşahidələr belə deməyə əsas verir ki, iki qurum arasında uzun illər əvvəldən başlanan soyuqluq keçmiş təhsil naziri Misir Mərdanovun işdən çıxarılmasından sonra da aradan qalxmayıb. Baxmayaraq ki, Mikayıl Cabbarovun təhsil naziri təyinatından sonra sözügedən nazirliklə TQDK arasında münasibətlərin normallaşacağına, narazılıqların həll ediləcəyinə və qarşılıqlı anlaşma mühitinin yaranacağına dair gözləntilər vardı. Həmin gözləntilərin doğrulmaması belə fərziyyələrin yaranmasına gətirib çıxarıb ki, əsas səbəb adları çəkilən bu qurumların birləşdirilməsinə nazirin israr etməsi, TQDK sədrinin isə inadla müqavimət göstərməsidir.
Düzdür, bəzi ekspertlərin rəyinə görə, TQDK-nın Təhsil Nazirliyinə birləşdirilməsi ideyasının reallaşma faizi yüksək deyil. Çünki TQDK Təhsil Nazirliyinə birləşərsə, təhsilin keyfiyyətinin daha da aşağı düşəcəyi ilə bağlı narahatlıqlar var. Nazirlik həm tələbə qəbuluna, həm də təhsilə cavabdeh olsa, onda məsuliyyət hissi azalacaq ki, buda, orta məktəblərdə tədrisin vəziyyətinin daha da pisləşməsinə səbəb olacaq" deyə düşünənlər istər hökumət içində, istərsə də cəmiyyətdə kifayət qədər çoxdur.
Ona görə də elə hesab etmək olar ki, bu variantın reallaşma şansı hələlik bir o qədər də yüksək deyil. Başqa bir varianta görə isə TQDK-ya yeni şəxsin rəhbərlik etməsi variantı gündəmə gələ bilər ki, bununla da adıçəkilən qurumla Təhsil Nazirliyi arasındakı ənənəvi münaqişələrin səngiməsi ehtimalı yüksəkdir. Amma Məleykə Abbaszadənin iqtidardaxili çevrələrdə yüksək nüfuza sahib olması onun postundan kənarlaşdırılması ehtimalının ciddiliyini azaldır.
Hər bir halda TQDK ilə Təhsil Nazirliyi arasında "soyuq küləklər"in hələ də əsməyə davam etməsi bir gerçəklikdir. Elə Məleykə Abbaszadənin dünənki açıqlamalarında da bunu sezmək çətin deyil. İndi maraq doğuran Cabbarovun nazirliyinin TQDK sədrinin "şəffaflıq" eyhamına hansı reaksiya verəcəyidir. Çünki Komissiya rəhbərinin sözlərindən məlum attestasiyada müəyyən qüsurların olduğu qənaəti yaranır. Əks halda M. Abbaszadə niyə "şəffaflıq" çağırışı ilə çıxış etsin ki?!
Ülviyyə Qasımlı