Dövlət Əmək Müfəttişliyi Xidmətinin yeni rəisi hücumda
Dövlət Əmək Müfəttişliyi Xidmətinin yeni rəisi hücumda

Fuad Əlizadə əmək qanunvericiliyinə nəzarət olunmayan müəssisələrə qarşı hərəkətə keçir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin aprel ayında müəsissələrdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti tədbirlərini davam etdirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, dövlət nəzarəti zamanı 2060 halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb ki, bu rəqəm ötən ilin aprel ayına dair müvafiq göstərici ilə müqayisədə 9 dəfə çoxdur. Həmin hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Tətbiq olunmuş cərimələrin 52,6 faizi (196 922 manat) dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin aprel ayında ödənilən məbləğlə müqayisədə 36 dəfədən də çoxdur.
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi vətəndaşların əmək hüquqlarının təminatı, həmçinin iş yerlərində onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlərdə məsuliyyət hissinin artırılmasına yönəlib.
Xatırladaq ki, bu ilin martında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin edilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin edilib. Bu, Fuad Əlizadədir. O, hakimiyyətdəki ən gənc kadrlardan biri sayılır; belə ki, 1980-ci il təvəllüdlü olan Əlizadə, Azərbaycan Dillər Universitetinin filologiya (ingilis dili) fakültəsini, Naxçıvan Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi fakültəsini, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsini bitirib. 2000-2001-ci illərdə hərbi xidmətdə olub. 2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində, 2005-ci ilin aprel-iyun aylarında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsində böyük məsləhətçi, 2005-2013-cü illərdə fondun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentində audit sektorunun müdiri vəzifələrində işləyib. 14.11.2013-cü il tarixdən bu vaxtadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsində çalışıb.
F. Əlizadənin bu posta təyinatından sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətində müsbət tendensiyanın müşahidə ediləcəyinə dair gözləntilər var. Məsələ burasındadır ki, adıçəkilən qurumun əvvəlki illərdə olan fəaliyyətində kifayət qədər neqativ hallar özünü göstərib. Xüsusilə Xidmət, əmək qanunvericiliyinin müxtəlif müəssisələrdə - istər dövlət, istərsə də qeyri-dövlət müəssisələrində tapdanmasına bir qayda olaraq göz yumub və bu iki səbəblə izah edilib.
Birincisi, Xidmətin müfəttişlərini və rəhbərliyini rüşvət müqabilində istənilən formada yönləndirmək mümkün olub.
İkincisi, qurum rəhbərliyi əksəriyyətinin arxasında müxtəlif məmurların dayandığı müəssisələrdə qanunvericiliyin pozulmasına, əmək hüquqlarının tapdanmasına göz yumub, həmin məmurların qəzəbinə tuş gəlmək istəməyib.
Ekspertlər hesab edirlər ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin formal deyil, normal həyata keçirilməsini təmin etmək üçün yeni rəhbərlik məhz bu iki "ənənə"nin aradan qaldırılmasına nail olmalıdır. Düzdür, F. Əlizadənin rəis təyinatından sonra adıçəkilən Xidmətin ünvanına rüşvətlə bağlı hər hansı ittiham eşidilməyib.
Amma maraq doğuran məqam qurum rəhbərliyinin məmur şirkətlərindəki özbaşınalıqlara qarşı hansı mövqe sərgiləyəcəyi, qanunvericiliyin tələblərindən, yoxsa məmur maraqlarından çıxış edəcəyidir.
Bunu yaxın zaman göstərəcək. Hələlik isə Dövlət Əmək Müfəttişliyi Xidməti ilə bağlı yuxarıdakı rəsmi açıqlamadan belə görünür ki, yeni rəis işə olduqca sürətli və qətiyyətli başlayıb. Sonrasını yaşayıb görərik.

Günel Əkbər