Antirusiya Avropa-ABŞ ittifaqının yeni üzvü
Antirusiya Avropa-ABŞ ittifaqının yeni üzvü
Yeni nüvə danışıqlarından sonrakı mərhələ üçün maraqlı proqnozlar

Srağagün Vyanada İranın nüvə proqramı ilə bağlı növbəti danışıqlar keçirildi. Danışıqların əsas mövzusu İran və "altılıq" ölkələri arasında yekun sazişin hazırlanması olub. Xarici mətbuatın verdiyi məlumata görə, diplomatik mənbələr tərəflər arasındakı fikir ayrılıqlarının aradan qaldırılmasında irəliləyişin əldə olunduğunu bildirib.
Bildirilir ki, yekun sazişin 20 iyul tarixinə qədər imzalanması mümkün ola bilər. Bu halda İrana qarşı tətbiq olunan sanksiyalar tədricən qaldırılacaq. Danışıqlarda irəliləyiş həm də Ukrayna böhranı ilə izah edilir. Məlumdur ki, Ukrayna böhranından sonra Avropa Birliyi Rusiyadan enerji asılılığının azaldılması ehtiyacını daha çox hiss etməyə başlayıb. İranın qaz ehtiyatları isə Avropanın bu istəyinin yerinə yetirilməsinə kömək edə bilər.
ABŞ-ın yüksək vəzifəli bir məmuru isə yekun razılaşmanın hazır olması barədə mətbuatda yayılan informasiyaları təkzib edib. İran, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin nümayəndələrinin bu həftə sənədin mətninin üstündə işə başladığını deyən məmur qeyd edib ki, bu, sənədin hazır olduğunu deməyə əsas vermir. O, qeyd edib ki, İranın uranın zənginləşdirilməsi üzrə gələcək fəaliyyətinin miqyası, uranın qarışıq metallardan təmizlənməsi üçün avadanlığın təkmilləşdirilməsi, sanksiyaların aradan qaldırılması templəri, razılaşmanın qüvvədə olacağı barədə məsələlər problem olaraq qalır. Bundan başqa, Vaşinqtonda hesab edirlər ki, İranın raket proqramı da yekun razılaşma paketinin tərkib hissəsi olmalıdır.
Eyni zamanda, Rusiyanın "altılıq"dakı nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Sergey Ryabkov son danışıqlarda iki məsələ üzrə razılaşma ehtimalının daha az olduğunu deyib. "Bunlardan biri İranın "Arak" nüvə zavodundakı ağır su reaktorudur. Qərb ehtiyat edir ki, ağır su reaktorundan plutonium bombasının yaradılması üçün istifadə edilə bilər. Digər bir məsələ isə MAQATE-nin nüvə obyektlərində yoxlamalar həyata keçirməsidir", - diplomat qeyd edib. Onun sözlərinə görə, danışıqların indiki mərhələsində hazır mətni gözləmək qeyri-realdır.
İran xarici işlər nazirinin müavini Səid Abbas Arakçi bildirib ki, ölkəsi iyul ayına qədər razılaşmaya nail olmağa tamamilə hazırdır.
Vaşinton isə "altılıq"-İran danışıqlarını narahatlıqla izləyən İsrail və Körfəz ölkələrinə növbəti dəfə səslənib. ABŞ-ın müdafiə naziri Çak Hegel çərşənbə günü Səudiyyə Ərəbistanında müttəfiqlərini sakitləşdirdi: "Mən sizi iki məsələdə inandırmaq istəyirəm. Birinci, bu danışıqlarda regional təhlükəsizlik məsələsi heç bir halda ticarətin predmeti olmayacaq. İkinci, bizim diplomatik həllə üstünlük veririk, amma ABŞ İranın nüvə silah əldə etməməsi və razılaşmanın şərtlərinə riayət etməsi üçün bütün lazımı addımları atacaq".
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, İran üzrə mütəxəssis Vladimir Sajin "Nezavisimaya gazeta"ya açıqlamasında İrana qarşı sanksiyaların aradan qaldırılmasında Qərbin ekstremal marağının səbəblərindən danışıb. O, Avropa Birliyi üçün təmiz iqtisadi şərtlərin hər şeydən öndə gəldiyini deyib: "Brüssel 2012-ci ildə İrana qarşı sanksiyalar tətbiq edib. Sanksiyalara İrandan neftin alınmasına qoyulan qadağalar da daxil idi. Antiiran sanksiyalardan ən çox İspaniya, İtaliya, Yunanıstan və Portuqaliya kimi ölkələr zərər çəkdi. Bu baxımdan ABŞ daha az zərər çəkdi, çünki onun İranla o qədər sıx iqtisadi əlaqələri yox idi. Müxtəlif məlumatlara görə, İran təbii qaz ehtiyatlarına görə, dünyada birinci-ikinci, neft ehtiyatlarına görə isə ikinci-üçüncü yerləri tutur. İran karbohidrogen ehtiyatlarını Avropaya çatdırmağa hazırdır. Ancaq sanksiyaların ləğvindən sonra neft-qaz infrastrukturunun müasirləşdirilməsi üçün böyük investisiyalar tələb olunur. Buna görə də nüvə danışıqlarında yekun razılaşma Avropa Birliyinin iqtisadi maraqlarına uyğun gəlir".
Rusiyalı ekspert ABŞ üçün siyasi motivlərin ilk yerdə qərarlaşdığını bildirir: "İranla biznes əlaqələrin genişlənilməsi Avropa Birliyinin Rusiyadan asılılığın, xüsusilə neft-qaz sahəsində asılılığın azaldılmasına gətirib çıxaracaq. ABŞ və Avropa Birliyi İranı öz tərəfinə çəkmək və ya heç olmasa onun Ukrayna münaqişəsində neytral qalmasını istəyirlər. Hər bir şübhə yoxdur ki, Brüssel sanksiyaların tezliklə ləğvində maraqlıdır. Bununla belə İran Avropa Birliyini lazımı qədər qaz və neftlə dərhal təmin edə bilməyəcək. Bunun üçün investisiyalar və vaxt lazımdır".
Qərb İrana qarşı sanksiyaların ləğvindən enerjidaşıyıcısılarının qiymətlərini azaltmaq və bununla da Rusiya iqtisadiyyatına zərbə vurmaq üçün istifadə edə bilərmi? Ekspertin fikrincə, dünya neft bazarında neftin qiymətini kəskin azaltmaq üçün İran nefti kifayət etmir.
Qaz İxrac edən Ölkələrin Forumunun (QİÖF) yeni baş katibi, iranlı Məhəmməd Hüseyn Adili sanksiyaların ləğv olunacağı halda Tehranın hər yerdə qaz bazarlarını axtaracağını bildirib. Amma o, ölkəsinin Rusiya ilə əməkdaşlıq etməyə çalışacağını deyib. Onun fikrincə, Avropanın Rusiya qazından imtinası çətin ki, mümkün olacaq.
Ömər Dağlı