Ürəyi mundialla döyünən "azərbaycanlılar"
Ürəyi mundialla döyünən "azərbaycanlılar"

DÇ-2014-də top qovacaq hansı ölkədən Azərbaycanda neçə futbolçu oynayır?

Gələn ay start götürəcək dünya çempionatının final mərhələsində Azərbaycan iştirak etməsə də, ölkə əhalisinin böyük qismi mundial həyəcanı ilə yaşayacaq. Ölkəmizdə yaşayan bəziləri üçün isə braziliyadakı yarış daha önəmlidir. Çünki onların ürəyi Cənubi Amerikada döyünəcək.

Söhbət Azərbaycanda çalışan, vətəndaşı olduğu ölkələrin komandası mundialda çıxış edənlərdən gedir. Belələri doğma milliləri ilə nəfəs alacaq. Məhz bu amilə görə yarışı səbirsizliklə gözləyənlər arasında futbolçular da var.
Dünya çempionatına qatılacaq 32 komandadan 15-nin təmsil etdiyi ölkədən olan futbolçular Topaz Premyer Liqası klublarının şərəfini qoruyur. Bu göstəricidə mütləq rekord Braziliyaya məxsusdur. Mundiala "23-lük" göndərən ölkənin daha 23 "sambaçı"sı Azərbaycana "ezam" olunub.
Çempionatımızda çıxışını davam etdirən 72 legioner bu ölkələrdəndir. Onların bəziləri milliləşdiyindən bir neçə ölkənin vətəndaşlığını da daşıyır. Lakin bu amil onların mundiala marağını azaltmır. Cari mövsümün iştirakçısı olmuş bir neçə oyunçu isə artıq klublarımızdan ayrılıb.
Mundial iştirakçılarından Meksika, Çili, Avstraliya, Uruqvay, İngiltərə, Kolumbiya, Yunanıstan, Fil Dişi Sahili, Yaponiya, Honduras, İsveçrə, Ekvador, İran, Portuqaliya, Qana, Əlcəzair, Cənubi Koreyadan isə Premyer Liqada futbolçu yoxdur.

ABŞ - 1
Premyer Liqanın yeganə amerikalısı Con Qluremidir. AZAL-da çıxış edən futbolçu həmyerlilərini ölkəmizdən dəstəkləyəcək.

Almaniya - 2
Azərbaycanda çıxış edən hər iki almaniyalı futbolçu yığmamız üçün milliləşən türk əsilli legionerlərdir. Bunlar "Sumqayıt"da çıxış edən Pərdis Fərcad-Azad və Uğur Pamukdur.

Argentina - 1
Lionel Messinin həmyerliləri cari mövsüm yalnız "Rəvan"da çıxış edib. Kristian Torres qışda göndərildiyindən hazırda yalnız Xuan Manuel Varea bu yığmaya azarkeşlik edir.

Rusiya - 16
İlk baxışdan Azərbaycanda Rusiyadan 2 futbolçu - Marat İzmaylov və Adil İbrahimov çıxış edir. Lakin onlardan başqa, daha 14 həmyerliləri bu komandaya azarkeşlik edəcək. Bunların 13-ü yığmalarımız üçün milliləşənlərdir. Murad Ağayev, Abdulla Abatsiyev, Arif Daşdəmirov, Samir Məsimov, Osman Umarov, Əziz Quliyev, Tagim Novruzov, Ruslan Qurbanov, Məhəmməd Mirzəbəyov, Məhəmməd Qurbanov, Mirzağa Hüseynpur, Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov ya dağıstanlı olduğundan, ya da milliyətcə azərbaycanlı olduğundan vətəni Rusiyanın deyil, yığmamızın şərəfini qoruyur. Gürcü Laşa Salukvadze də Rusiya pasportuna malik oyunçudur. Bu futbolçulardan başqa "Qəbələ"nin baş məşqçisi Yuri Syomin və köməkçiləri də öz yığmalarının nəticə qazanmasını gözləyir.

Belçika - 1
Perspektivli yığmanın yeganə azarkeşi Bencamin Lambotdur. "Simurq"un qış transferi mundialda həmyerlilərinə azarkeşlik edəcək.

Bosniya və Herseqovina - 3
Premyer Liqada sabiq Yuqoslaviya ölkəsinin 3 üzvü var. "Qarabağ"la çempion olan İbrahim Sehiç və qış transferləri Boyan Markoviçlə Nedo Turkoviç millilərinin uğurlarına ümid edəcək.

Braziliya - 23
Azərbaycandan ən böyük dəstək isə Braziliya yığmasına olacaq. Çünki bu ölkənin 23 oyunçusu çempionatımızda çıxış edir. Üçü - Joao Paulo, Flavio Bek Junior, Duqlas Leyte isə qışda vətənində göndərilib. Onların ən sanballıları "Neftçi" (Bruno Bertuççi, Denis Silva, Flavinyo, Karlos Kardoso) və "Qarabağ"da (Çumbinyo, Reynaldo Silva, Riçard Almeyda) çıxış edir. Onlardan başqa Aylton Jose Junior, Araujo Santos, Junior Xavyer Vilson, Dieqo Kosta, Leonardo da Silva, Lourival Rodriges, Luiz Paulo Hilario, Rafael Santos, Julio Sezar, Tyaqu de Souza, Anderson Oliveyra, Deyvid Sakkoni, Elias Ribeyro, Junior Nildo, Tieqo de Xesus, Vanderson Skarduelli də "sambaçılar"a azarkeşlik edəcək.

Fransa - 2
Mişel Platininin həmyerlilərinə yalnız "İnter"lilər dəstək olacaq. Yohan Bakonyano həmyerlilərinin uğurlarına ümid edirsə, konqo əsilli Brüs Abdulaye də vətəndaşlığını daşıdığı Fransaya azarkeşlik edəcək. Bu ölkə ilə bağlılığı olan Yannik Kamanan isə artıq "Qəbələ" ilə yollarını ayırıb.

Hollandiya - 2
"Narıncılar"ın hər iki azarkeşini komandasının aparıcı simalarından saymaq olar. "Neftçi"nin yola saldığı Melvin Platyedən fərqli, Corc Leroy çempion olduğu "Qarabağ", Lorenzo Ebesilio ilə "Qəbələ" üçün dəyərli simalardandır.

İspaniya - 8
"Xəzər Lənkəran" əvvəl Toni Doblas, ardınca Edu Oriolu yola saldıqdan sonra Azərbaycanda 8 ispaniyalı qalıb. Son dünya çempionlarına "Bakı"dan Alberto Noquera, Mario Rubio, Mario Alvarez, Ruben Qonzalez, "İnter"dən İvan Benites, Mikel Alvaro, AZAL-dan Juan Fransisko, və Edunun komanda yoldaşı Alvaro Silva ürəkdən bağlıdır.

İtaliya - 2
"İnter"in Paraqvayda anadan olan qardaşları Derlis Meza Kolli və Sezar Meza Kolli vətəndaşlığını daşıdığı Appenin təmsilçisinin tərəfdarlarıdır. Onlar 4 qat dünya çempionunun 5-ci titulunu arzulayır.

Kamerun - 3
Samuel EtO un həmyerlilərindən üçün Premyer Liqamızda çıxış edir. Afrikalı əfsanənin pərəstişkarı olan Ernest Nfor, Mişel Balokoq və Etame Mbilla həmyerlilərindən sensasiyalı uğur gözləyirlər.

Kosta-Rika - 1
"İnter"in qış transferi Dieqo Madriqal heyətə düşməkdə çətinlik çəkdiyindən yığma xəyalları ilə vidalaşıb. Lakin bu onun doğma komandasına azarkeşlik etməsinə mane olmur.

Nigeriya - 3
Vaxtilə ölkəmizə az qala "vaqon-vaqon" gələn Nigeriyanın cəmi 2 təmsilçisi qalıb. Bunlardan biri AZAL-ın rəmzinə çevrilməkdə olan Viktor İqbekoyi, digəri "Qəbələ"nin ötən yay transferi Abdulvahid Afolabidir. "Simurq"da hələ də debüt etməyən Usum Nduka millimizdə oynasa da, vətəni Nigeriyanın inanılmaz uğurlarını xəyalı ilə yaşayır. "Rəvan"dan qaçan Oke Akpoveta isə artıq "bizimki" sayılmır.

Xorvatiya - 4
Avro-2016-nın seçmə mərhələsində də rəqibimiz olan Xorvatiyadan 4 oyunçu Azərbaycanda uğur qazanmaq arzusu ilə yaşayır. Lakin həm "Bakı"nın rəmzlərindən olan Aleksandar Şoliç, həm də ölkəmizə nisbətən gec gələnlər - Matija Spiçiç, Stepan Polyak, Vyekoslav Tomiç yayın əvvəlində yalnız milli həyəcanı ilə kifayətlənəcək. "Qarabağ"ın sabiq qapıçısı Miro Varvodiç cari mövsümün gedişində Azərbaycanı tərk etməklə bu siyahıdan çıxıb.
İlkin Həsənoğlu