Əkbər Hacıyevin
Əkbər Hacıyevin
"Azəriqaz"ında ara qarışdı
İstehsalat Birliyindəki işdənçıxarmalarla bağlı ilginc təfərrüatlar

Dövlət Neft Şirkətində aparılan struktur islahatları "Azəriqaz" İstehsalat Birliyində də davam etdirilir. Artıq Bakı qaz istismar və satış idarəsinin yeni strukturu təsdiq olunub. Həmin sənədə əsasən, rayon qaz istismar sahələrinin statusları kiçildilərək rayon texniki istismar xidməti olub.
Bundan sonra Bakı şəhəri üzrə cəmi bir qaz idarəsi və 12 rayon texniki istismar xidməti fəaliyyət göstərəcək. İslahat rayon qaz istismar sahələri rəisləri və xidmət rəislərindən də yan keçməyəcək. Onların vəzifələri bir pillə aşağı salınacaq. Bu halda mühəndis və texniki işçilərin işlərini itirmə təhlükəsi qaçılmazdır.
İslahatlarla bağlı Nəsimi rayonu Qaz İstismarı Sahəsinin (QİS) işçilərinə hələ mart ayından bildirişlər paylanılıb. Bundan narazılıq edən QİS-in Qaz kəmərləri və avadanlıqları istismarı, qəza dispetçer xidmətinin qadın işçiləri ölkə başçısına, aidiyyəti dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə müraciət ediblər: "Biz Nəsimi rayonu QİS-in Qaz kəmərləri və avadanlıqları istismarı, qəza dispetçer xidmətinin qadın işciləri uzun müddətdir ki, bu sahədə işləyirik. 27.03.2014 il tarixində bizə "Azəriqaz"ın 192 saylı əmrinə əsasən ixtisara düşdüyümüz barədə bildirişlər paylandı. Bu bildirişə əsəsən, 27.05.2014 tarixində bizim son iş günümüzdür. Bildirişlə baglı QİS-in rəhbərliyinə etdiyimiz müraciətə cavab olaraq bizə bildirdilər ki, bu sahə umümən ləgv olunur. Qeyd olundu ki, bu qərar ARDNŞ tərəfindən qəbul olunub və İdarə rəhbərliyi bu işdə çarəsizdir".
Səidə Əliyeva, Dilarə Agamalıyeva, Rəsmiyyə Saatova, Ulduz Yusifova, Mirqönçə Zeynalova, Lalə Əliyeva, Sevil Cəfərova, Reyhanə Məmmədova, Şövkət Əliyeva, Narxanım Şıxzadə öz müraciətlərində bildiriblər ki, işdən çıxmaqla bağlı onlara iki variant təklif edilib: "Ya gərək öz xahişimizlə işdən cıxmagımız barədə ərizə yazıb əmək haqqının 5 mislini alaraq işdən cıxaq, ya da imtina etməliyik. O halda isə bizə veriləsi işin olmadıgından, bu dəfə əmək haqqının 3 misli ilə işdən uzaqlaşdırılacağımızı bildirirlər. Bu təklifin nə qədər qanuni oldugunu bilmək istəyirik". Qadınlar qaz istismarı sahələrinin bugünkü durumuna toxunaraq, həmin idarələrin ləğv edilməsinin ciddi fəsadlar törədəcəyini vurğulayıblar: "Bakının mərkəzində hələ də qaz xətlərinin çoxunun yer altında oldugunu nəzərə alsaq, bu xətlərin baxımsız qalmasının sabah hansı fəlakətlərə gətirəcəyini təsəvvür edə bilərsiz".
Qeyd edək ki, müraciət edənlərin arasında ailə başçısını itirən və öhdəsində həddi-büluğa catmamış, azyaşlı və pensiya yaşına az qalmış qadınlar da var. Əmək haqqlarının 250-300 manat civarında olduğunu deyən qadınlar bildiriş paylanandan bu günə qədər iş axtarsalar da, bunun nəticəsiz qaldığını bildiriblər. Məsələyə aydınlıq gətirmək üçün Nəsimi rayonu QİS-in Qaz kəmərləri və avadanlıqları istismarı, qəza dispetçer xidməti ilə əlaqə saxladıq. Xidmətin əməkdaşları ixtisarla bağlı yeniliyin olmadığını, hələlik heç kimin işdən çıxarılmadığını bildirdilər.
Xatırladaq ki, külli miqdarda itki ilə bağlı Hesablama Palatasının Əkbər Hacıyevin rəhbərlik etdiyi "Azəriqaz"da yoxlamalara başladığı barədə bir müddət öncə məlumat vermişdik. "Azəriqaz"ın layihə institutunun büroya çevrildiyi və işçilərin ixtisara salındığı, həmçinin digər struktur islahatları aparılacağı rəsmən təsdiqlənmişdi.
Ülviyyə Qasımlı