Əxlaqlı insanlara susamışam
Əxlaqlı insanlara susamışam
Əli Əkbər: "Ziyalılıq həyata qarşı bir etirazdır"
Yazıçı Əli Əkbərdən dərləmələr

Tanınmış yazıçı Əli Əkbər "Tanrıların qürubu-93", "Artuş və Zaur", "Sarı gəlin", "Amneziya" kimi son illər Azərbaycanda ciddi müzakirə mbvzsuna çevrilən romanların, qalmaqallı, polemikalara yol açan publisistik yazıların müəllifidir. 36 yaşlı yazar iki ilə yaxındır İsveçrədə mühacir həyatı yaşayır. Eyni zamanda yaradıcılıqla məşğul olur.
- Artıq il yarımdır mühacir həyatı yaşayırsız. Nə itirdiz, nə qazandız?
- Əsas itkilərim dostlarımdır. Bundan ciddi itki ola bilməz ki?! Vətən çox intim anlayışdır. Buna görə o mövzulara toxunmayaq. Hər kəsin özünə görə vətən anlayışı var. Ən əsas itki çevrəm oldu. Təbii ki, daş, divar üçün darıxmıram. Məndə daş, divar nostaljisi yoxdur. Bəlkə də bu pisdir. "O küçələr, o doğma məkanlar" - məndə belə hisslər yoxdur.
- Avropa həyat tərzinə uyğunlaşmağınız nə qədər çəkdi? Telziklə öyrəşə bildiniz yoxsa?
- Mən ilk gündən çox yaxşı öyrəşmişəm. Burdakı sürətli həyat tempi mənə maraqlıdır. Üstəlik, institutların funksionallığı, insanlardakı dəqiqlik, dil öyrənmək, qarşıdakı hədəfə doğru getmək prosesi, mentalitetin öyrənilməsi və s. Bunlar çox maraqlıdır. Məsələ bundadır ki, mən bu ritmi sevirəm. Mənim hər zaman can atdığım ritm olub. Əlbəttə ki, burdakı atmosferi dostlarımla bölüşmək istəyərdim. Bəxtim gətirib ki, burdakı standartlar mənə uyğundur, mən bu standartları sevirəm. Beş günlük dünyadı və buradakı standartlar insana normal ömür sürməyə şərait yaradır. Yenə də sağ olsun skype. Onun vasitəsilə dostlarla əlaqə saxlayırıq. Ziyarətimə tez-tez gələnlər də olur.
- Arqoleksikadan tez-tez istifadə edirsən. Dilinin qarşısında baryer yoxdur? Və ümumiyyətlə "əxlaqlı-əxlaqsız ədəbiyat"dan danışılır, buna münasibətin necədir? Əxlaq nədir səncə?
- Arqoleksika dilin tərkib hissəsidir. Həddi aşmamaq şərti ilə istifadə edilməsində bir qəbahət görmürəm.
Mən ağsaqqallıq institutunun əleyhinəyəm və ağbirçək-ağsaqqal kimi şeylər eşidəndə əsəbləşirəm. Əxlaqçı, ehkamçı, ədəbçi insanlardan isə nifrət edirəm. Cəmiyyətimiz bu parazitlərlə doludur. ƏXLAQLI insanlara susamışam. Əməl görmürəm, əxlaqın ədəbiyyatını görürəm. Necə ki vətənin, ananın ədəbiyyatı var, əxlaq da həmçinin. Dillərdədir, amma qəlblərdə yeri yoxdur.
- Sən nə düşünürsən: ziyalı kimdir?
- Ziyalı olmaq üçün universitet məzunu, jurnalist ya da yazıçı olmaq kifayət eləmir. Çünkü ziyalı olmaq peşə ya da sənət yox, bir təfəkkür işidir. Ziyalılıq həyata qarşı bir etirazdır. Ziyalılıq "bildiyniz hər şey yalandır" şüarıdır. Haqsızlığa, istismara, zülmə, ədalətsizliyə qarşı bir protestdir.
İnsanlar onun qədrini bilsin bilməsin, ona qiymət versin verməsin, xalqına təzyiq varsa əgər, ziyalı üsyana çağırmalıdır. Bu o demək deyil ki, onun siyasi ambisiyaları olmalıdır. Qətiyyən! Siyasətə qarışmalıdır, sənətə qarışmalıdır, mənim həyatıma istiqamət verməlidir, ancaq siyasətçi olmamalıdır. Xalqın səviyyəsinə enməməli, amma eyni zamanda xalqdan uzaq da olmamalıdır.
- Bir müddət öncə mediada yayılmışdı ki, yeni romanınız çapa hazırlanır...
- Roman yazılıb, alman dilinə tərcümə edilib. Hazırda redaktə prosesindədir. Burda redaktə tərcümə qədər vaxt aparır. Təqribən iki-üç dəfə əl gəzdirilir, dəyişikliklər edilir. Roman yaxınlarda alman dilində çap olunacaq.
- Adı nədir?
- "Kəsişmə"dir. Yazıçı Çingiz Hüseynov romanın ilk oxucularındandır. Bu adı o təklif etdi. Mən "Yol ayrıcı" qoymaq istəyirdim, ancaq Çingiz müəllimin təklifi "Kəsişmə" oldu və mən də qəbul etdim.
Dərləyib-topladı: "Qələmdan"