Oğurlanan beyin, Bağırovun göz yaşları və Sonası
Oğurlanan beyin, Bağırovun göz yaşları və Sonası

Cəfər Cabbarlının qızı atası haqda danışdı

Onlara tanımadığım tanışlar deyirəm. Azərbaycanın böyük kişiləri sayılan insanlara. Onlar gerçəkdən belədirlər, tanıyırıq, amma həm də tanımırıq. Heç ailələri də onları olduğu boyda tanıya bilmirlər sona qədər. Və yəqin ki, bütün nəsillər üçün belə qalacaqlar. Hər nəsil bir az tanıyacaq onları, xatirələrdə, araşdırmalarda.
Belə insanlardandır şair, dramaturq, bəstəkar, yazıçı, rejissor və nəhayət əqidəcə müsavatçı olan Cəfər Cabbarlı. Onu bir az da qızı Gülarə Cabbarlıdan tanıyaq.

(əvvəli ötən sayımızda)

Cəfərin böyük beyni...

- Atamın beynini çıxardıqlarını uzun müddət anamdan gizləyiblər. Təbii ki, o bilsəydi ən azı bir üsyanı, etirazı olardı. Bu necə ola bilər ki... Yox, ağla gəlməzdi bu. Atamın cənazəsi müsəlman adətləri ilə yuyulmaq üçün həyətə gətirilib. O zamanlar məscidə filana qoymurdular insanları. O üzdən ölüsü olanın cənazəsi də elə öz məhləsində bir kənarda ayrılan yerdə yuyulurdu. Sonralar anam xatırlayırdı ki, cənazə yuyacağa aparılanda həyətə nə qohum, nə də dost kimi tanımadığı bir neçə adam gəlib mühafizəçilərlə. Sonra onlar yuyacaq tərəfə keçiblər. Bir saata qədər orda qalıblar və çıxıb gediblər. Anam bunu danışanda bərk-bərk tapşırdı ki, danışmayaq, sadəcə yadımızda saxlayaq. Ağır amanlar idi, həm bizə, həm də cavan və gözəl qadın olduğuna görə özü üçün qorxurdu. Atamın bir həkimi də vardı, Səfərbəyov soyadlı. İndi adını unutmuşam. O adamların yanında həmin həkim də vardı, anamın dediyinə görə. Və deyəsən anama da bu barədə o danışıb. Amma bərk-bərk tapşırmışdı ki, kimsəyə bir söz deməsin, hamı ziyan çəkər.
- Niyə eləmişdilər bunu? Bu haqda nəsə demirdi ananız?
- Atam öz dövrünə görə universal adam olub. Həm şair olub, həm yazıçı-dramaturq, həm tarzən, həm bəstəkar. Allah bilir hələ bizim bilmədiyimiz nə qədər işləri, əsərləri, araşdırmaları olub. Həm də siyasi baxışları fərqli idi. Hər yerdə sözünü deyirmiş, çəkinmədən. Müsavat Partiyasına da simpatiyası var idi onun. Düzdü sonralar Azərbaycan ədəbiyyatından adı silinməsin deyə, hətta mühacirətdə olan dostları belə onun adını çəkmirdilər. Amma bu belə idi. Artıq neçə illərdir sirr deyil bu. Atam türkçü, millətçi idi həm də. Bütün bu şeylər də o vaxt Dövlət Təhlükəsizlik Komitəsinin diqqətində olan məsələlər olub. Sonradan anama həkimlər demişdilər ki, Cəfərin beyninin Moskvaya, oradan da Leninqrada aparıblar. Orada hansısa muzeydə Qorkinin, Leninin və atamın beyni saxlanılırmış. Çəkisinə qədər demişdilər anama: 2,5 kq-a qədər imiş. Leninin də, Qorkinin də beynindən böyük imiş yəni. Sonra biz öz imkanlarımız çərçivəsində axtarmağa başladıq. Amma izinə düşə bilmədik. İndi çox istəyərəm ki, onu bir dövlət qurumu axtarsın. Bəlkə də doğru deyil, bəlkə anamı qorxudublar, bizi aldadıblar bilmirəm. Amma hər nə olsa ortaya çıxsın istəyirəm. Necə ola bilər ki, insanı beyinsiz məzara qoyalar. Və beyni hələ də əllərdə gəzər. Anamın yuxularına girirdi bu hadisə tez-tez. Yadımdadır ki, hərdən öz-özünə də danışırdı: "demərəm yox, mən bunu heç kimə demərəm, balalarım var, incidərlər". Yuxudan atamın adıyla səksəndiyi də olurdu bu barədə eşidəndən sonra. Bir sözlə nigaran getdi o bu dünyadan. İstərdim ki, o beyin harada saxlanılırsa elə, Cəfərin öz məzarında torpağa verilsin".

Cəfər, Nuru Paşa
və türk ordusunu
birləşdirən o marş...

- Atam müsavatçı idi, bunu bayaq da dedim. Amma onu dostları qoruyurdular. Onu adını iştirak elədiyi iclaslarda, müzakirələrdə siyahılara salmırmışlar. Bir yaxın dostu vardı Mirzəbala müəllim. Atam artıq dünyasını dəyişəndən sonra onun Nuru Paşa ordusu haqda xatirələrini çap eləmişdilər. Həmin yazıda bildirilirdi ki, Cəfər Cabbarlı türk ordusu və Nuru Paşaya hərbi marş ithaf edib. O mahnını sözlərini dəyişib başqa cür oxuyurlar indi. Bilirsinizmi hansı mahnıdır? (zümzümə eləyir)...
Çəkərən nazını yarım,
nə qədər naz eləsən də...
Qurban ollam nazına,
Nazına avazına
Səni çoxdan sevirəm...
Bax, bu mahnının musiqisi Cəfərindir, atamındır. Marş ladında yazılıb, musiqiçilər daha yaxşı bilər. Əslində sözləri belə olub:
Türk sağ ikən yurduna əl vurulmaz!
Ölsə də zəncir daşımaz,
qul olmaz!
Alaram mizrağı, bir türk kimi,
qalxan çəkərəm mən!...
Tutduğum haqq yoludur,
qan tökərəm, can verərəm mən!
Atılın bombalarım!
Qandır, oddur təməlim!
Böyük Turan vətənim!
Bu sözlərin də müəllifi atam olub.

Cəfərin Rza Təhmasibin əvəzinə öpdüyü qadın...

- Bəlkə atam bu məsələdə də az sayda kişilərdən olub. O quruluş verdiyi bütün tamaşaların premyerasına anamı mütləq aparırdı. Və bundan başqa harada olsa, nahar eləmək üçün mütləq evə gəlirdi. Bir dəfə gəlməyib. Anam zəng vurub teatra, deyiblər ki, burdadır və gün ərzində də bir tikə çörək yeyə bilməyib. "Sevil"in məşqləri gedirmiş. Gəlməməsinin səbəbi isə o olub ki, səhnələşdirdikləri tamaşada hansısa epizod alınmır. Atam da tərslik edib məşqi dayandırmır. Anam ona yemək hazırlayıb teatra gedib. Görüb ki, Rza Təhmasiblə "Sevil"də Edilyanı oynayan aktrisa Qəmər Topolya səhnədədir. Məşq gedir. Sakitcə əyləşib arxa sırada ki, mane olmasın. Anam deyir ki, əsərə görə Rza Təhmasiblə Edilya öpüşməli imiş. Amma Rza Təhmasibin obrazda qadınla öpüşməsi rejissor olaraq atamı qane etmirmiş. Dəfələrlə məşq edirlər. Atam da hər dəfə deyir ki, ay Rza, yaxşı oyna, elə yox. Qadını elə öpməzlər. Anam bizə sonralar danışırdı ki, əliylə ağzını qapayıb o qədər gülübmüş ki, gözlərindən yaş axırmış. Nə isə həmin epizod alınmayıb. Rza Təhmasiblə o aktrisa arasında. Anam deyir ki, bir də onu gördüm Cəfər qaçdı səhnəyə, aktrisanı öpdü, sonra da çöndü Rza Təhmasibə ki, bax belə öpmək lazımdır. Qadın öpürsənsə, bunu mükəmməl elə, elə belə yox. Sonra ona xəbər veriblər ki, anam teatrdadır. Anam yeməyini hazırlayıb otaqlardan birində. Atam otağa girəndə soruşub ki, Sonası çoxdan burdasan? Anam deyib ki, hə Cəfər, çoxdan burdayam. Lap sən Qəməri öpəndə də burdaydım, düz deyirsən qadını mükəmməl öpmək lazımdır, narahat olma, çörəyini ye...
Anam onu sevirdi deyə qısqanmırdı. Deyirdi ki, onu mənim qədər çox istəyən qadın görsən, onda qısqanaram. Həm də bilirdi axı bu, atamın işinin tərkib hissəsidi. Uzun müddət bu hadisə də, dostlar arasında da lətifə olmuşdu. Ən çox da anamın cavabı. Atam sadəcə gülümsəyirmiş...

Mircəfər
Bağırovdan order,
cənazədəki göz yaşı....

- Atam siyasi baxışlarına görə həbs edilmişdi. Onun həbs orderini Mircəfər Bağırov yazıbmış. Amma onlar bir yerdə oxumuşdular və atam həmişə onun haqqında yaxşı fikirdə imiş. DTK-dan atamın dalınca gələndə ilk dedikləri söz də bu olub ki, sanksiyanı Bağırov özü yazıb. Sizi həbs etməliyik. Anam deyir uzun müddət dayandı, baxdı və dedi ki, bunu könüllü yazmaz Sonası. Heç kim demə, amma bir gün mən öləcəm və o, hamıdan çox ağlayacaq. Sonra anamdan eşitmişdim ki, atamı dəfn edəndə onun cənazəsini çiyninə götürüb öndə gedən iki adamdan biri olub Mircəfər Bağırov, həm də çox, lap çox, hönkürtü ilə ağlayırmış...
Son: Gülarə xanım atasından danışırdı. Elə bil 84 yox, 4 yaşı vardı. Bilirsinizmi hansı cizgilər vardı üzündə? Balaca bir qız uşağının atasının qarşısında nazlanması, ondan nəsə umub istəməsi. Və atasının da bu mənzərə qarşısında aciz qalıb dünyanı onun ayaqlarına gətirməyə belə hazır olması...Həm də qorxu vardı gözlərində. Elə bil qorxulu nağıllar idi həmin illər o uşaq üçün. Amma mən onunla bu barədə danışmadım. Onun xəyal dünyasındakı 4 yaşlı qız itər deyə qorxdum...
Ağlı kəsəndən sonra bir arzusu olub Gülarə xanımın, kaş atası onlara bir nağıl danışa biləydi. "Amma atam çoxdan yox idi həyatda. Və bizə bütün nağılları anam danışdı, atamdan nağıl dinləməksə arzu kimi qaldı həmişə"...
P. S. Sizi bilmirəm amma mənə bir atanın danışa biləcəyi nağıl maraqlı gəldi. O üzdən bu yaşda olsam belə, yayda atamgilə gedəndə mütləq ondan bir nağıl istəyəcəm. Və deyəcəm ki, əlimi buraxıb getmə, mən yatmış olsam belə...

Jalə Mütəllimova