Azərbaycanda fermerlərin sığortaya marağı niyə azdır?
Azərbaycanda fermerlərin sığortaya marağı niyə azdır?

Aftandil Hacıyev: "Bu, əsasən kənd təsərrüfatı məhsulları
istehsalçılarının sığorta barədə az məlumatlı olması ilə bağlıdır"

Azərbaycanda fermerlər demək olar ki, sığortadan istifadə etmək istəmirlər. Bunu fins.az-a açıqlamasında "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkətinin sədr müavini Aftandil Hacıyev deyib.

Onun sözlərinə görə, bu, əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarının sığorta barədə az məlumatlı olması ilə bağlıdır. Məlumatı olanlar isə sığortaya maraq göstərməməsini maliyyə imkanlarının məhdud olması ilə izah edir.
Halbuki Azərbaycan yeganə ölkədir ki, kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına dair 2002-ci ildə qanun qəbul edilib. Bu qanun əsasında 2004-cü ildə Nazirlər Kabineti qərar qəbul edib. Qərara əsasən, starteji əhəmiyyət kəsb edən bitkiçilik məhsullarına görə sığorta haqqının 50%-nin ödənilməsini dövlət öz öhdəsinə götürüb: "Hadisə baş verdikdə də dəymiş zərər tam ödənilir. Söhbət payızlıq dənli arpa-buğda, qarğıdalı, günəbaxan, şəkər çuğunduru, kartof, göyərtidən başqa tərəvəz bitkiləri, üzüm, sitrus bitkilərindən gedir. Bu qədər bitkinin sığortalanmasında fermerlərə güzəşt olsa da, sığortaya maraq göstərənlər barmaqla sayılacaq qədərdir. Tək-tək rayonlarda- İsmayıllıda, Zaqatalada fermerlər əkdikləri bitkiləri sığortalayırlar. Qismən də heyvanların sığortalanması hallarına rast gəlinir".
"Aqrar sahədə sığorta haqqı necə hesablanır? Məsələn, 1 hektar torpağı olan fermer öz məhsulunu neçəyə sığortalatdıra bilər" suallarının cavabında Hacıyev belə deyib: "Sığorta haqqı məhsuldarlıq əsasında hesablanır. Tutaq ki, 1 hektar sahədə payızlıq buğda əkiliblə burada məhsuldarlıq orta hesabla 20 sentner olur. 1 sentner məhsulun da bazar dəyəri 30 manatdır. Deməli fermerin 1 hektar sahədən əldə edə biləcəyi gəlir 600 manatdır. Bu məbləğin 5%-i, yəni 30 manatı sığorta haqqı kimi hesablanır. Amma dediyim ki, fermer həmin pulun yarısını - 15 manatını ödəyir. Qalan hissə dövlət büdcəsindən verilir. Əgər sığorta hadisəsi baş versə (adətən hava şəratinin kəskin olması nəticəsində fermerlərə ziyan dəyir) onda istehsalçıya 600 manat tam ödənilir. Məhsulun 200 manatlıq hissəsi qalıbsa onda 400 manat ödənilir".
Aftandil Hacıyev deyib ki, ev heyvanlarına gəlincə isə, hər bir birkalanmış heyvanın bazar qiyməti götürülür: "Məsələn, inəklərin çəkisindən asılı olaraq onun qiyməti 600-800 manat arası ola bilər. Bu məbləğin 80%-i qədər heyvan sığortalanır. Sığorta haqqı ödəniş məbləğinin 5-7%-i qədərdir. Məsələn, qiyməti 700 manat olan inəyin sığortalanması üçün 28-40 manat arası pul vermək lazımdır. Dağ rayonlarında heyvanlar aşağı tariflə sığortalanır. Aran rayonlarında isə fermerlər nisbətən yüksək sığorta haqqı ödəyirlər. Bu da riskin kiçik və yaxud böyük olmasıyla bağlıdır. Adətən aran bölgəsində heyvanlar daha çox məhv olurlar".
Sənan Mirzə