Rusiya və Qərbin erməni oyunu - udan kim, uduzan kim?
Rusiya və Qərbin erməni oyunu - udan kim, uduzan kim?

Rusiya postsovet regionunun onun təsir dairəsindən çıxmasının qarşısını almaq məqsədilə sabiq Sovetlər Birliyi ölkələri arasında iqtisadi birliyi nəzərdə tutan müxtəlif layihələr həyata keçirməyə çalışır. Bu məqsədlə gündəmə gətirilən layihələrdən biri də son mərhələsi Avrasiya İttifaqı olması nəzərdə tutulan Gömrük İttifaqıdır. Layihənin həyata keçirilməsi ilə Moskva postsovet ərazisində Qərb ölkələri, Çin və Türkiyənin nüfuzunu azaltmaq və bu regionun bəlli dövlətlərin iqtisadi təsir dairəsinə girməsinin qarşısını almaq istəyir.
Rusiya Federasiyası Cənubi Qafqaz ölkələri və Ukraynanın NATO ilə əlaqələrindən, Avropa İttifaqının Şərq Tərəfdaşlığı layihəsindən və Çinin Mərkəzi Asiya regionunda artan nüfuzundan narahatdır. Rəsmi Moskva göstərilən narahatlıqlar fonunda Baltikyanı ölkələr istisna olmaqla, keçmiş sovet regionunda Aİ-yə bənzər olan bir birlik yaratmaq məqsədilə layihələr irəli sürmüş və 2006-cı ildə Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan və Özbəkistanla Gömrük İttifaqı yaratmağı qərara almışdı.
Kreml 2010-cu ildə Qazaxıstan və Belarus ilə Gömrük İttifaqının yaradılması barədə saziş imzalamış, 2012-ci ildə üç ölkə arasında vahid iqtisadi zona təsis edilmişdi. Qırğızıstan 2011-ci ildən etibarən bu ittifaqda müşahidəçi qismində iştirak etməyə başlayıb. Türkmənistan, Özbəkistan, Gürcüstan və Moldova bu təşkilata qoşulmayacaqlarını bəyan ediblər. Azərbaycan Qərb ölkələri ilə inteqrasiyanın birinci növbədə duran məsələ olduğunu bildirib.
Ermənistan SSRİ-nin süqutundan sonra RF-nin Cənubi Qafqazda strateji tərəfdaşlığı davam etdirdiyi yeganə ölkə oldu və iki ölkə arasında hərbi, iqtisadi və enerji sahələrində Rusiyameylli assimetrik bir münasibət yaranıb.
Ermənistan müstəqillik əldə etdikdən sonra 2002-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv oldu və ərazisində rus hərbi birləşmələrinin dislokasiya olunmasına icazə verdi. Moskva, Azərbaycan-Ermənistan münaqişəsində Yerevanı dəstəklədi, bu ölkənin Dağlıq Qarabağ və onun ətrafında yerləşən rayonlardakı işğalı Rusiyanın təhlükəsizlik təminatı hesabına davam etdirildi.
Hazırda Yerevan və Gümrüdə rus hərbi bazaları yerləşir. D.Medvedevin 2010-cu ildə Yerevana səfəri zamanı tərəflər arasında S-300 hava müdafiə sistemi və hərbi təyyarələrin dislokasiya olunduğu Gümrü hərbi bazasından istifadə müddətinin 2044-cü ilə qədər uzadılması barədə razılıq əldə edilmişdi.
2013-cü ildə Gümrü hərbi bazasına 400 km mənzilə malik olan "İsgəndər-M" ballistik raketləri yerləşdirilib. 2013-cü ilin dekabr ayında Putinin Ermənistana səfəri zamanı iki ölkə Arşakunyantsda Rusiya üçün hərbi şəhərciyin inşası və Yerevanın şimalında yerləşən Erebuni hərbi aeroportunda rus hərbçilərinin istifadəsinə verilmiş hissənin genişləndirilməsi barədə razılıq əldə etmişdilər.
SSRİ-nin süqutundan sonra Ermənistan iqtisadiyyatı və enerji sektoru Rusiya və İrandan asılı vəziyyətə düşüb. Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olan Ermənistan regionda şərq-qərb istiqamətində həyata keçirilən enerji və nəqliyyat layihələrindan kənarda qalmış və yalnız şimal və cənub istiqamətində xarici dünya ilə əlaqələrini davam etdirməyə nail olmuşdur.
2012-ci ildə Ermənistanın ümumi xarici ticarətinin təxminən 20%-i Rusiyanın payına düşüb. Rusiya hazırda Ermənistanın ən böyük iqtisadi tərəfdaşı və investorudur. Əldə edilən məlumatlara görə, Rusiyada təxminən 1 milyona yaxın erməni miqrant müxtəlif sahələrdə işləyir.
Erməni işçilərin göndərdikləri pul, əhalisinin üçdə bir hissəsi yoxsulluq səviyyəsində yaşayan və yüksək işsizlik göstəricisinə malik olan Ermənistanda mühüm gəlir mənbəyidir. 2013-cü ildə Ermənistan ölkəyə idxal edilən təbii qazın 81%-ni Rusiyadan almışdır. Ermanistanın Metsamor AES-i də daxil olmaqla enerji sektorunun əksər hissəsi rus şirkətlərinin nəzarəti altındadır.
Yuxarıda göstərilənlərdən istifadə edən Rusiya hərbi, iqtisadi və enerji sahələrində özündən asılı olan Ermənistana təzyiqlər edərək 2012-ci ildən etibarən Avrasiya İttifaqına qoşulması üçün Yerevana təsir etməyə çalışır. Əlində olan bütün vasitələrdən istifadə edərək 2006-cı ildə İranın Ermənistanın enerji sektorunda üstünlüyü ələ almasının qarşısını alan Rusiya 2012-ci ildən etibarən onun Aİ-yə inteqrasiyasına mane olmağa başlamışdı.