Masallıda qaz balonu partladı

Nəticədə yaşayış evi yandı, içindəki avadanlıqlarla birlikdə tamamilə yararsız hala düşüb

Masallı rayonunda partlayışla müşahidə olunan güclü yanğın hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə mayın 19-da saat 16.20 radələrində rayonun Qızılağac kənd sakini, 37 yaşlı Könül Qüdrət qızı Məmmədovaya məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Yanğın evin mətbəxindəki propan qaz balonunun partlaması nəticəsində baş verib. Partlayışın gücündən ev tamamilə dağılıb. Məlumata görə, ev sahibləri Rusiyada yaşayırlar və hazırda burada müvəqqəti olaraq K.Məmmədovanın baldızı yaşayır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Partlayış və yanğın zamanı xəsarət alan olmasa da, ev içindəki avadanlıqlarla birlikdə tamamilə yararsız hala düşüb. Hazırda yanğınsöndürənlər tərəfindən hadisə yerində araşdırma aparılır.