Azərbaycana sığınan məhsəti türkləri
Azərbaycana sığınan məhsəti türkləri

Əhməd Niyazov: "Biz çox mehriban dolanırıq"

Azərbaycanda müxtəlif xalqların nümayəndələri ilə yanaşı türk xalqları qrupunun müxtəlif qruplarının təmsilçiləri də var. "Unikal" qəzeti bu dəfə məhsəti türklərindən, bu xalqın Azərbaycanda yaşayan nümayəndələrinin yaşam tərzindən söhbət açacaq. Həmsöhbətimiz ahıska türkü Əhməd Niyazovdur. Ə. Niyazov Bakı İslam Universitetinin Zaqatala Şöbəsinin dekanı vəzifəində çalışır. A. Niyazovla öncə ahıska türklərinin Azərbaycana köçü dövrünə kiçik ekskursiya etdik: "Qədim türk yurdu Axhısxa, əski çağlardan türklərin məskunlaşdığı cənubi-qərbi Qafqazda yerləşən coğrafi ərazidir. Bu qədim türk yurdu ilk dəfə 1828-ci ildə rusların işğalına məruz qalmış, ikinci dəfə siyasi-hərbi vəziyyətə görə 1921-ci ildə Türkiyə-Moskva sazişi ilə Rusiyaya birləşdirildi. 1926-cı il siyahıya alınmada 138 min göstərinlən Axısxa Türkləri bu gün rəsmi olmayan mənbələrdə 500 min kimi qeyd edilir. 14 noyabr 1944-cü ildə doğma yurdlarından sürgün edilən Axısxalı türklər Orta Asiya respublikalarına yerləşdirildi. Burada bir müddət yaşadıqdan sonra bir hissəsi Azərbayacana köçmək qərarına gəldilər və bir qrup ailə ilk dəfə 1957-ci ildə Azərbaycana gələrək burada məskunlaşdılar. Vətənə yaxın olma arzusu və eyni zamanda Azərbaycan xalqı ilə olan tarixi yaxınlıq, bu ikinci vətənə köçün daha da artmasına səbəb oldu. Belə ki, hələ 1918- ci il tarixə qara ləkələrlə düşmüş erməni məzalimi Axısqadan yan keçməmişdi. Bu illərdə Axısxalının fəryadına qulaq verən və dost əlini uzadan Azərbaycan heyəti Əhməd Cavadın başçılığında bölgəyə gələrək yetim qalanları Bakıya gətirmiş və imkanlı ailələrin himayəsinə vermişdirlər. 1960-ci ilə qədər davam edən köçlərlə Azərbaycanda məskunlaşan ahıskalıların bu ölkəyə ən son gəlişi Fərqanə hadisələri ilə bağlı oldu. O dövrdə ümummilli lider Heydər Əliyevin birbaşa himayəsi ilə Azərbaycan dost qaçqın xalqı öz himayəsinə götürmüş oldu. Ölkəyə təşrif edən Axısxalılar Azərbaycanda hər bir vətəndaşın sahib olduğu bütün hüquqlara sahib oldu. Boynu bükük olsalar da öz vətənində əldə edəcəkləri bütün güzəranlarını təmin imkanına sahib oldular. Axıska türklərinin ən böyük arzusu ata-baba yurdlarına dönməkdi. Bu yöndə onlar uzun müddətdir ki, mücadilə aparır və nəhayət onların ana vətənlərinə dönməsi üçün müxtəlif beynəlxalq təşkilatlar belə qərarlar çıxarmışlar. Bu gün Ahısqa türkləri Azərbaycanda, Türküstanda, Qazaxıstanda, Kabardin-Balkarda, Türkiyədə, Amerikada və başqa yerlərdə yaşamaqdadırlar. Ana vətənlərində isə Sovetlərin əli ilə ermənilər və gürcülər yerləşdirilib".
Ə. Niyazov deyir ki, ahıska türklərində ailə sistem olaraq endoqam əsasına dayanır ki, bu müəyyən ictimai qrup daxilindəki nikah adəti, digər sözlə xalqın ancaq öz içində qız alıb-vermə əsasıdır: "Sürgün sonrası xüsusilədə bu günki qloballaşan dünyamızda istisnalara rast gəlsəkdə bunun hələ də davam etdiyini söyləmək mümkündür. Ahıska ailəsi növ olaraq isə "Kök ailə", yəni ana-ata, uşaqları və evdə evli tək oğul ilə onun xanımı və uşaqlarından meydana gəlir. Kök ailə növündə ailə üzvləri birgə yaşayır. Ailə başçısı atadır. O ölsə, oğlanlar böyüyüncəyə, qızlar evlənənə qədər bütün məsuliyyətlər böyük oğula düşür. Adətən böyükdən başlayaraq evləndirilən oğullar bir kiçik oğulun evlənməsi ilə ayrı bir ocaq quraraq "kök" ailədən ayrılar. Qədim Türklərdən bir ənənə kimi gələn monoqami evlilik deyilən təkarvadlılıq əsası ahıska ailəsinin keçmişdən bu günə dəyişməyən prinsiplərindəndir. Ailənin meydana gəlməsində tərəflərdən çox ata-ananın təsiri olub. Evlilik sistemində məhrəmiyyət anlayışı, İslam Ailə Huququ çərçivəsi olub, endogom evlilik əsası və mövcud münasibətlərin daha da gücləndirilməsi qohumlar arası evlilikləri yayıb. Evlilik yaşı ümumiyyətlə kişilərdə 18-25, qadınlarda 16-21 arası olmuşdur. Evlilikdən əvvəl günümüzdəki kimi uzun bir nişanlılıq və ya tanışlıq dövrü olmayıb".
A. Niyazov deyir ki, Axısxa şəhərinin xüsusilədə ipək yolu üzərində olması burada dəri işləmə, zərgərlik, tikiş sənəti və toxuculuq sənətini geniş yayıb: " Ahıskalıların mətbəx mədəniyyəti zəngin olub. Ahıskada din və elimin vəziyyətinə gəlincə məlumdur ki, din olaraq İslam, məzhəb isə Hənəfilik Ahıskalıların inanc əsaslarını təşkil edən əqidə olub. Məhsəti türklərinin bölgəyə gəlişləri 1988-ci ildən hesablanır. Dini İslam olan bu xalq ikinci dəfə yaşadıqları yerdən Özbəkistan respublikasından qovularaq sürgün ediliblər. Dilləri türk dilinə yaxındır. Aksentləri artvin adlanır, qismən də Azərbaycan dilinə yaxındır. Zaqatala rayonunun Fındıqlı kəndində bu gün təxminən 20 axısqa türk ailəsi yaşayır. 1989 cu ildən biz Azərbaycanlıların qayğısı ilə tam əhatə olunduq. 1990-cı ildən burdayıq. Bu bölgədə bizimlə bərabər saxurlar, avarlar, ruslar, ingiloylar və s.. millətlər yaşayır. Hətta burada vaxtilə ermənilər də olublar. Onların qəbirləri hələ də burada durur. Kimin nə işi var. Heç kəs onları təhqir etmir və dağıtmır. Biz çox mehriban dolanırıq. Dinimizi yaşada bilirik. Ənənələrimizi yaşadırıq. Bu gün axısqa türkləri həsrətlə o böyük qayıdışın yolunu gözləyirlər. Bakıda fəaliyyt göstərən Axısqa türklərinin "Vətən cəmiyyəti" hal-hazırda öz işini qayıdış məsələri ilə əlaqədar qarşıya çıxan problemlərin həlli istiqamətində qurub. Sevindirici haldır ki, Gürcüstan tərəfindən kommisiya yaradılaraq bu məsələnin həlli yolunda səy göstərilir. Öz növbəsində Azərbaycan dövləti axısqa türklərinə yaxından kömək edərək təsərrüfat fəaliyyətlərinin bərpa edilməsinə yardım edib. Bu gün Zaqatalada, Saatlıda, Xaçmazda və digər yerlərdə yaşayan ahıskalılar öz varlıqlarını yaşada biliblər".
Ə. Niyazov bildirir ki, bu gün respubilkada yaşayan milli azlıq və etnik qurupların mədəniyyətinin qorunması və inkişafı ilə bağlı konkret iş aparılır: "Milli azlıqların mədəniyyətini, incəsənətini qorumaq, onu daha da inkişaf etdirmək, təbliğ etdirmək, qoruyub yaşatmaq məqsədilə Mədəniyyət Nazirliyi tədbirlər pılanı hazırlayıb həyata keçirir. Bu məqsədlə Gürcüstan, Dağıstan, Tatarıstan respubilkaları, onların ölkəmizdəki səfirlikləri ilə əlaqə yaradılır. Eyni zamanda azsaylı xalqları təmsil edən cəmiyyətlər, mədəniyyət mərkəzləri və ocaqları ilə qarşlıqlı iş qurulub".
Həmsöhbətimiz deyir ki, bu gün də Azərbaycanda ahıska türklərinə qayğı-diqqət var: "Azərbaycan dövləti tərəfindən həmişə olduğu kimi, sonrakı illərdə də ahıska türklərinə diqqət getdikcə artırıldı. Mərhum ümummilli liderimiz, ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ahıskalılara olan qayğı və diqqət daha da artmışdır. Belə ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ahıskalıların günü və güzəranı daha yaxşı vəziyyətdə olub. Azərbaycandakı ahıskalılara evlərin tikilməsində, torpaq yerlərinin ayrılmasında, sosial sahələrdə, təhsil sahəsində, vətənləri Ahıskaya köçmək mübarizəsində və digər məsələlərdə dövlət tərəfindən hər zaman dəstək və qayğı hiss edilib. Mərhum Heydər Əliyev Saatlı və Sabirabad bölgələrində yaşayıb-yaradan Ahıska türklərini ziyarəti zamanı: "Ahısqa türkləri illərdir ki, öz yerlərindən didərgin düşmüşlər. Bu qədər vaxt keçməsinə, bir neçə nəsil meydana gəlməsinə baxmayaraq, onlar yenə də öz torpaqlarına qayıtmaq istəyirlər. Biz bu arzuların da yerinə yetməsinə tərəfdarıq, eyni zamanda o vaxtacan onları öz ölkəmizdə saxlamağa hazırıq",- deyib. Azərbaycanın dövlət universitetlərində müsabiqədənkənar təhsil almaları üçün dövlət tərəfindən lazımi şərait yaradılıb. Bu illərdə 30-40-a yaxın ahıskalı gənc universitetlərə qəbul olaraq, təhsilini başa vurub. Onun yerinə gələn, onun layiqli davamçısı olan İlham Əliyev cənabları atasının yolunu davam etdirmiş, eyni dəstək və qayğı göstərməyi davam etdirir. Belə ki, istər respublika daxilində, istərsə də vətənə - Gürcüstana köç etmək mübarizəsində dövlət səviyyəsində hərtərəfli yardımlar hiss edilir. Azərbaycanda Ahıska türkləri barədə hər hansı bir tədbirin keçirilməsində, festivalların, konsertlərin və s. keçirilməsində dövlətin istərsə maddi, istərsə də mənəvi tərəfdən dəstəkləri olur".
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə əsasında. Səhifəni hazırladı Mələk Eyvazlı