Dünya nəsrinin iki dahisi - Markeslə Lyosa dərdləşir
Dünya nəsrinin iki dahisi - Markeslə Lyosa dərdləşir

Peru yazıçısı Mario Varqas Lyosanın ispandilli digər yazıçı Qabriel Qarsia Markeslə dialoqunun davamı (əvvəli "Qələmdan"ın ötən buraxılışlarında)

Markes: Mən o fikirdəyəm ki, biz - Latın Amerikasının yeni romançıları ən çox Folknerin qarşısında borcluyuq. Maraqlıdır ki, mənə Folknerin təsir etdiyini həmişə deyirlər, mənsə onu başa düşdüm ki, buna məni tənqidçilər inandırıblar. Bəlkə də bu təsir var və mən onu təkzib etməyə hazıram, ancaq məni heyrətə salan bu təzahürün ümumi xarakter almasıdır.

Mən Latın Amerikası yazıçılarının müsabiqəyə təqdim edilən və hələ nəşr olunmamış yetmiş beş romanını təzəcə oxumuşam - onların arasında bircəciyi də yoxdu ki, Folknerin təsiri duyulmasın. Bu təsir üzdədir və tez gözə dəyir, çünki müəlliflər hamısı yazmağa təzə başlayanlardır. Amma Folkner bütün Latın Amerikası romançılığına nüfuz edib. Məsələyə bir qədər sxematik, bir az da mübaliğəli yanaşsaq, sələflərimizlə bizim yeganə fərqimiz ondan ibarətdir ki, biz Folkner yaradıcılığıyla tanışıq. Bizim iki nəsli bir-birindən ayıran cəhət budur.
Lyosa: Folknerin sirayətedici təsirini nəyə aid edirsən - onun çağdaş dövrümüzün ən böyük roman ustası olduğuna, yoxsa onun öz şəxsi, tez nəzərə çarpan, nüfuzedici bir üslubunun olmasına? Elə bir üslub ki, onun təsiri altına düşməmək sadəcə mümkün deyil...
Markes: Düşünürəm ki, iş metoddadır. Latın Amerikası reallığını təsvir etmək üçün Folkner metodu çox yararlıdır. Biz Folknerdə məhz bunu fəhmlə kəşf etmişik. Başqa cür desəm, biz bu reallığa baxıb onun haqqında danışmaq istədik və anladıq ki, burda nə Avropa, nə də ənənəvi ispan metodu keçəcək. Və qəfildən Folkner metoduna ilişdik - o metoda ki, həmin reallığın təsviri üçün ən əlverişlisidir. Dərinliyinə varanda, bu elə də təəccüblü görünməməlidir: unutmayın ki, Yoknapatofa mahalının Qəraib dənizinə çıxışı mövcuddur; yəni beləliklə, Folkner bütün Qəraib dünyasının, hansısa şəkildə elə Latın Amerikasının da yazıçısıdır.
Lyosa: Folknerdən və "Amadis Qaleki"nin müəllifindən başqa, daha hansı yazıçılar sənə təsir göstərib; hansı müəllifləri, belə deyək ki, sən təkrar-təkrar oxuyursan?
Markes: Bir kitab var ki, onun mənə nə dəxli olduğunu heç özüm də bilmirəm, amma dönə-dönə oxuyuram - bu, Daniel Defonun "Taun ilinin gündəliyi"dir. Bilmirəm burda nə sirr var, amma mən bu kitabın əsiriyəm.
Lyosa: Bir çox tənqidçi səndə Rablenin təsirini qeyd edirlər. Düzü, bu mənə çox qəribə, çox da təəccüblü görünür. Bu haqda özün nə düşünürsən?
Markes: Rablenin təsirini mən nə cür yazmağımda yox, Latın Amerikasının reallığında, gerçəkliyində görürəm: bu gerçəklik təpədən dırnağa rableləşib.
Lyosa: Yaxşı, bəs Makondo necə və hardan peyda oldu? Axı sənin bir sıra hekayələrində hadisələr Makondoda yox, eləcə kənddə cərəyan edir? Düzdür, mən Makondo ilə kənd arasında elə də ciddi fərq görmürəm. Sadəcə, mövcud olmayan bir məkan barədə yazmaq ideyası səndə necə yarandı?
Markes: Artıq bu barədə danışmışam - hər şey anamla Arakatakaya gedəndə baş verdi. Bu mənim doğulduğum balaca kənddir. Makondo mənimçün ilk növbədə keçmişdir, həmin keçmişə küçə və evlər, iqlim və adamlar vermək lazım idi. Və bir halda ki, vəziyyət məhz beləydi, onda mən də oturub ona uçulub-dağılmış, tozlu, miskin, Birləşmiş Ştatların cənubundakı yastı daxmaları xatırladan sink örtüklü taxta evlərdən ibarət sınıq-salxaq bir obraz verdim. Bu kənd Folknerin qəsəbəsinə çox oxşayır, çünki onu da eyni kompaniya - "Yunayted frut kompani" inşa edib. Adı da yaxınlıqdakı "Makondo" adlı banan fermasının adından götürülüb.
Lyosa: Deməli, bu həqiqi addır?
Markes: Həqiqidir, amma kəndin yox, fermanın adıdır. Bu ad xoşuma gəldi və istfiadə elədim.
Lyosa: "Yüz ilin tənhalığı"nın sonunda külək Makondonu yerindən qoparıb havaya qaldırır və ilim-ilim itirir. Bəs indən sonra yazacağın yeni kitablarda nələr gözlənilir - sən Makondonun fəzada uçuşunu, küləyin onu hara qədər aparacağını izləyəcəksənmi?
Markes: "Cəngavər" romanıyla bağlı demişdim ki, hadisəni danışanda cəngavərin başını neçə dəfə lazımdırsa, o qədər də kəsib atırlar; mən də Makondonun təzədən dirilməsində heç bir qəbahət görmürəm; lazım gəlsə, küləyin onu uçurub apardığını mən unuda da bilərəm. Çünki özünü təkzib etməyən yazıçı - ehkamçı yazıçıdır, deməli, həm də irticaçıdır. Mənsə mürtəce olmağın qəti əleyhinəyəm və heç vəchlə mürtəce olmaq istəməzdim.
Lyosa: Son sualımı vermək istəyirəm: sənin kitabların öz vətənində böyük uğur qazanıb, onlar səni tanıdıb, şöhrətə çatdırıb, bütün Kolumbiya sənə heyrandır və adınla fəxr edir, ancaq mən belə düşünürəm ki, sənin populyarlığını tezləşdirən, sürətləndirən, çox qısa bir zamanda adını dünyaya tanıdıb şöhrətləndirən kitabın "Yüz ilin tənhalığı"dır. Necə fikirləşirsən, belə qəfil populyarlaşmağın, bir günün içində ulduza çevrilməyin gələcək yaradıcılığına nə dərəcədə təsir göstərə bilər?
Markes: Mənim ciddi çətinliklərim peyda olub. Hətta düşünürəm ki, bu işin nə ilə nəticələnəcəyini qabaqcadan görə bilsəydim, yəni əvvəldən ağlıma gəlsəydi ki, camaat "Yüz ilin tənhalığı"nı belə gözünə təpəcək, adamlar romanı satmağa, çörək kimi udmağa başlayacaqlar, mən heç onu nəşr etdirməzdim. "Patriarxın payızı"nı yazıb sonra hər iki romanı eyni vaxtda nəşr etdirər, yaxud birinci romanın nəşrini ikincini yazıb bitirəncəyə qədər gecikdirərdim.
Lyosa: Düzünü de, sənin Latın Amerikasını tərk edib Avropaya köçmək barədə verdiyin qərara bu populyarlığın, əldə etdiyin bu uğurun təsiri olubmu, onların nəticələri səni qorxuya salıbmı?
Markes: Mən Avropaya yalnız bir səbəbə görə gedirəm - orda yaşayış ucuzdur...
(son)
Çevirəni:
Mahir N. Qarayev