Deputatdan səfirə etiraz
Deputatdan səfirə etiraz
Sabir Hacıyev:"ABŞ səfirinin
söylədiyi fikirlər ölkəsinə yaraşmır"

ABŞ-ın Bakıdakı diplomatik korpusunun rəhbəri Riçard Morninqstarın "Azadlıq" radiosunda Azərbaycan hökuməti haqqında səsləndirdiyi fikirlərə deputat Sabir Hacıyev də münasibət bildirib.
S.Hacıyev bildirib ki, bu günlərdə Azərbaycan mediasında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın "Azərbaycan dövləti monolit deyil", "Azərbaycanı Ukrayna ilə müqayisə etmək olar" kimi fikirləri ilə tanış oldum:"Açığını deyim ki, belə yüksək səviyyəli, peşəkar bir diplomatın məntiqi düşüncə tərzinə çox təəccübləndim. Mən cənab səfirin fikirlərinə olduqca tənqidi yanaşıram. Bunu peşəkar diplomata yaraşan düşüncə tərzi saymıram. Bir diplomat hər hansı məsələyə münasibət bildirərkən bütöv bir dövləti təmsil etdiyini, öz ölkəsinin adından danışdığını unutmamalıdır".
Deputat Azərbaycan ABŞ münasibətlərinə də toxunaraq qeyd edib ki, münasibətlər sürətlə inkişaf edir, qarşılıqlı əlaqələrin hazırkı durumu yüksək səviyyədədir. "Riçard Morninqstarın fikirləri nə öz ölkəsinin, nə də Avropaya sürətlə inteqrasiya edən Azərbaycanın adına yaraşmır. Məncə, iki ölkə arasındakı münasibətləri cənab səfirin baxış rakursundan qiymətləndirmək olmaz", - deyə S.Hacıyev əlavə edib.