Bakıda XX Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi işə başladı
Bakıda XX Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi işə başladı

Dünən Bakıda XX Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("WorldFood Azerbaijan 2014") işə başlayıb.
Sərgidə dünyanın 35 ölkəsindən 173 şirkət iştirak edir. Bu siyahıda MDB (15%) və Avropa (57%) ölkələrindən gələn şirkətlər üstünlük təşkil edir.
Ət və quş, süd məhsulları, dondurma, konservləşdirilmiş məhsullar, şirniyyat və çörək məmulatları, o cümlədən kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıqlar, habelə istixanalar, suvarma sistemləri, heyvan və balıqlar üçün yem, toxumlar, gübrələr, eləcə də şitillər, diri cücə və balıqlar, xərçənglər nümayiş olunur.
Qeyd edək ki, iştirakçıların sayına görə Türkiyə öndədir. Bu il sərgidə ilk dəfə iştirak edən şirkətlər Azərbaycan, Niderland Krallığı, Belçika, Türkiyə, İtaliya, İspaniya, İran və digər ölkələr üzrə ümumi iştirakçıların 45%-ni təşkil edir. Sərgidə həmçinin İtaliya, İran, Hollandiya, Macarıstan, Latviya və Estoniya milli ekspozisiyalarla çıxış edirlər. Sərgidə iştirak edənlərin 26%-ni yerli şirkətlər təşkil edir.
"WorldFood Azerbaijan" sərgisi ilə paralel olaraq VIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("AgriHort Azerbaijan 2014") keçirilir. "AgriHort Azerbaijan 2014" sərgi sahəsində ötən illə müqayisədə 2,5 dəfə artım müşahidə olunur.