Taleyin ümidinə buraxılanlar
Taleyin ümidinə buraxılanlar

Tapılmayan uşaqların sonu

Olya Yemelyanko adlı bir Rusiya vətəndaşı paytaxtın Nərimanov və Yasamal rayonlarıda 6 uşaq qaçırıb, Rus orqan mafiyasına satıb. Yayılan bu iddia uşaqların qaçırılması ilə bağlı təhlükəni gündəmə gətirib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsindən bu məlumatların əsassız olduğu deyilsə də, uşaqların qaçırılması təhlükəsi hər zaman var. Bəzən onlar öz istəkləri ilə təhlükəli qruplara qoşula bilirlər.
Bütün bu faktlar isə uşaqların itkin düşməsi kimi qeydə alınır. Dövlət Statistika Komitəsinin məlumatına görə, son beş ildə 710 uşaq itkin düşüb, onların 695-i tapılsa da, 15 uşaqdan hələ ki, xəbər yoxdur.
Uşaqlar niyə itkin düşür və necə tapılır? Tapılmayan uşaqların aqibəti necə olur? (publika.az)

Rəqəmlər nə deyir?

Dünyada hər il təxminən 2.5 milyon uşaq itkin düşür. Onların əksəriyyəti insan alveri və cinsi istismarın qurbanına çevrilir. Türkiyədə son 5 il ərzində 14 412 uşaq itkin düşüb.
Rəsmi rəqəmlərə görə, itənlərin əksəriyyəti tapılır, çünki onlar barədə rəsmi müraciət olur. Lakin valideyni olmayan itkin düşmüş uşaqların da sayı az deyil. Onlar haqqında rəsmi müraciət olmadığına görə statistikası aparılmayıb.
Ekspertlərin fikrincə, itkin düşənlərin sırasında əsas yeri evdən, ailədən qaçan uşaqlar tutur. Onların yenidən ailəyə qaytarılması isə çətin olur və küçə uşaqlarına çevrilirlər.

Məlumat gizlidir

Daxili İşlər Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə itkin düşən uşaqlarla bağlı faktların araşdırılması və nəticələri barədə məlumatların qapalı olduğunu deyib: ""Əməliyyat axtarış fəaliyyəti haqqında" qanuna əsasən, polisin əməliyyat axtarış tədbirləri barədə məlumatları açıqlaması qanunla yolverilməzdir. Bu sahədə mövcud qanunvericiliyə əsasən, axtarışın müddəti, necə aparılması və üsulları polisin ictimaiyyət üçün qapalı olan fəaliyyətinə aiddir".

Yeni təkliflər var

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin müdiri Taliyə İbrahimova uşaqların itkin düşməsinin ailədəki baxımsızlıqdan qaynaqlandığını deyib. O, komitə tərəfindən bu hallara qarşı atılan addımlardan da danışıb. Komitə rəsmisinin sözlərinə görə, "İnsan hüquq və azadlıqlarının səmərəli müdafiəsi haqqında" Fəaliyyət Proqramından irəli gələrək, valideyn məsuliyyətinin artırılmasına görə qanunvericilik bazasının təkmilləşdirilməsi üçün təkliflər hazırlanıb: "Təkliflərdə uşağa qarşı məsuliyyətsizlik edən valideynlərə qarşı məsuliyyətin sərtləşdirilməsi məsələsi əks olunub. Bu vaxta qədər İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsində valideyn məsuliyyəti barədə zəif sanksiyalar nəzərdə tutulub və bu cəzalar sərtləşdirilməlidir. Valideynin diqqətsizliyi, nəzarətsizliyi nəticəsində uşaqların başına gələn hadisələrə görə, məsuliyyətin nəzərdə tutulmasını bu sənəddə qeyd etmişik. Uşaqların hüquqları ilə bağlı həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsinə dəyişikliyin edilməsi ilə bağlı təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim edilib. Bir çox
Amerika və Avropa ölkələrində bu cəzalar çoxdan müəyyən edilib".
Şöbə müdiri evdən qaçan uşağa görə valideynin məsuliyyətindən də danışıb. Onun sözlərinə görə, valideyn təlim-tərbiyə ilə bağlı ilk növbədə vəzifələrini bilməlidir. Uşaq ailədən gedirsə, demək psixoloji durum ağırdır: "Bunun həlli yolu, psixoloji xidmət sahəsinin genişləndirilməsidir ki, bunun üçün ailə psixoloqlarına ehtiyac var. Beynəlxalq təcrübədə də cəzadan əvvəl psixoloji xidmət göstərilməsinə önəm verilib. Komitənin tabeçiliyində 11 rayon üzrə Uşaq və ailələrə dəstək mərkəzləri var. Həmin mərkəzlərin psixoloq və hüquqşünasları daim ailələrlə işləyirlər. Lakin buna baxmayaraq, valideyn vəzifəsindən sui-istifadə edir. Uşağa qarşı etinasızlıq göstərməsi səbəbindən ağır nəticələr baş verirsə, valideynlərin valideynlik hüququndan məhrum edilməsi mümkündür".
T.İbrahimovanın sözlərinə görə, İcra Hakimiyyəti orqanlarındakı qəyyumluq və himayəçilik komissiyaları olsa da, onların potensialı zəifdir. Yerlərdə uşaq müdafiə mexanizmini gücləndirsək, müsbət nəticə əldə edə bilərik. Bunun üçün uşaq sığınacaqlarının, qaynar xətlərin sayının artırılmasına, müəyyən istiqamətli islahatların həyata keçirilməsinə ehtiyac var.
Onların orqan transplantasiyasının qurbanı olması mümkündürmü?
Dünyada itkin düşən uşaqlar insan alverinin, orqan transplantasiyasının qurbanına çevrilir. Onların ilkin yolu küçədən keçir. Evdən qaçan uşağın yeganə sığına biləcəyi yer küçədir.
Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov bildirib ki, son bir neçə il aparılan araşdırmaya görə, uşaqlar itkin düşmələri nəticəsində uşaq alverinin qurbanı ola bilirlər. Lakin onların orqan transplantasiyasında istifadə edilmələri isə nadir hallarda baş verir: "Uşaqların əksəriyyəti müvəqqəti halda valideyninin diqqətindən yayınması nəticəsində itkin düşür. Bəzən valideynlər uşaqlarından imtina etdiyindən uşaqlar küçədə qalır. Daxili İşlər Nazirliyi yalnız valideynlər tərəfindən verilmiş ərizələr əsasında araşdırma aparılır. Şikayətlərin əksəriyyəti valideynin qısa müddətdə uşağı tapa bilməməsi ilə əlaqədardır. Bir qismhalda isə ciddi cinayət tərkibi ola bilər".
N.Seyidovun sözlərinə görə, yüzlərlə uşağın daim küçədə yaşamasının əsas səbəbi ailələrindəki problemdir: "Valideynlərin boşanma ərəfəsində olması, ögey valideynlər uşaqları küçəyə istiqamətləndirən əsas səbəblərdəndir. Bu uşaqlar bir daha evə qayıtmaq istəmir. Bunların da bəzisi itkin və baxımsız uşaqları sıyahısına düşür. Statistikaya düşməyən uşaqlar da var. Doğum şəhadətnaməsi olmayan uşaqların sayı az deyil. Onlar orqan transplantasiyası, insan alveri qurbanı olsalar belə, bu uşaqları axtaran olmayacaq".
Onun sözlərinə görə, uşaqların küçə həyatı yaşaması və ya insan alveri qurbanına çevrilməsinin qarşısını almaq üçün heç bir idarəyə tabe olmayan Yuvenal Ədliyyə Qurumu yaradılmalıdır. Hazırda uşaqlarla işləyən 300-dən çox polis məhz bu istiqamətdə ixtisaslaşmalıdır, onlar ayrıca idarədə birləşməlidir və birbaşa uşaqlarla işləməlidir: "İtkin düşmüş uşaqların insan alverinin qurbanı olmaması üçün sosial müdafiə qurumları, uşaq müdafiə təşkilatları, və DİN tərəfindən risk altında olan ailə və uşaqlar müəyyən edilməli və onlarla uyğun iş aparılmalıdır. Sahə inspektorları, poliklinikalar bu istiqamətdə işləməlidir".

3 mindən çox uşaq sığınacaqda

Son dörd il ərzində Azərbaycan Uşaq Birliyinin sığınacağında 3765 uşaq və yeniyetməyə psixoloji, 2013 nəfərə hüquqi yardım göstərilib, 786 nəfər ictimai vəkillə təmin olunub. 2013-cü il və bu ilin ilk dörd ayı ərzində 311 uşağa sığınacaq verilib, 79 valideyn qısamüddətli sığınacaqla təmin olunub. 98 uşaq təhsilə cəlb edilib. 219 uşaq ailəsinə bərpa edilib. 114 nəfər şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə ilə təmin olunub. 9 yeniyetmənin məhkəmədə müdafiəsi təmin olunub. 38 uşaq və yeniyetmə dövlət uşaq müəssisəsinə yerləşdirilib.
Sığınacaqda yerləşdirilmiş 4 uşağın övladlığa verilməsində hüquqi köməklik göstərilib.

Ailəyə qaytarılmasın

Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə də uşaqların itkin düşməsində əsas səbəbin evdəki zorakılıq olduğunu deyib. Valideynlərin zorakılığından bezən uşaqlar etiraz əlaməti olaraq evdən qaçır, küçə uşaqlarının arasına düşürlər. Onların çoxu bir valideynli uşaqlar olur. K.Ağazadə onu da bildirib ki, bölgələrdən olan uşaqlar daha çox itkin düşür, polis tərəfindən saxlanıldıqda isə şəxsiyyətlərini gizlədirlər. Çünki yenidən evə qayıtmaq istəmirlər: "Onlar kimsəsiz olduqlarını deyərək evlərinə qayıtmaqdan yayınırlar. Bəzən adını, görünüşünü, saçını, geyim tərzini dəyişirlər. Şəkilləri itkin düşmüşlərin siyahısında olmadıqları halda, həqiqəti aşkar etmək çətin olur. Küçə uşaqları arasında dəfələrlə itkin düşmüş, internat məktəblərindən qaçanları aşkarlamışıq".
K.Ağazadə itkin düşmüş uşaqların orqan transplantasiyasında istifadə edilməsini qəbul etməsə də, insan alveri qurbanı olmalarının inkaredilməz olduğunu bildirib. Ən azından belə faktlar aşkarlanmayıb: "Bu uşaqlar dilənçiliyə sövq edilə bilərlər, lakin bu da onların öz istəkləri ilə olur. Uşaqların küçədə yaşaması onları potensial insan alveri qurbanına çevirir".
QHT sədrinin sözlərinə görə, polis bu uşaqları tapsa belə, ailəyə qaytarmamalıdır: "Bu uşaqları üçün sığınacaqların sayı artırılmalı, reabilitasiya mərkəzlərinin yaradılmalıdır. Bütün bölgələrdə ailələrə dəstək, reabilitasiya, psixoloji mərkəzlər olmalıdır. Bu gün belə mərkəzlər yox dərəcəsindədir. Uşağın bir gün küçədə qalması bir ay reabilitasiyaya ehtiyacının olması deməkdir. Amma bəzən ailələrlə iş aparılsa belə, uşağa qarşı zorakılıq davam edir. Bu zaman qəyyumluq və himayəçilik komissiyaları qarşısında məsələ qaldırıla bilər. Uşaqların baxımsızlığının ailədən qaynaqlandığı əsas gətirilərək, valideynləri valideynlik hüququndan məhrum edilə bilər. Təəssüf ki, bu vaxta qədər məhkəmələr bir nəfər də olsun valideyni cəzalandırmayıb. Ailələrə dəstək, psixoloji müayinələrin aparılması ilə küçədə uşaqların sayı azalar. Bu istiqmətdə qanunlar çox mükəmməldir, lakin onların işləkliyi təmin edilməlidir".
Uşaqlar ailədəki sıxıntılardan qaçsa da, küçədən başqa sığınacaqları məkanları yoxdur. Səbəb isə bu mərkəzlərin yarımçıq fəaliyyəti, ya da uşaqların bundan məlumatsız olmalarıdır. İcra hakimiyyətlərindəki müvafiqkomissiyaların isə rayon üzrə bütün problemli uşaq və ailələrlə işləmək üçün kadr potensialı yoxdur. Bu komissiyalar, tutaq ki, hansısa problemlə bağlı çıxış yolu təklif etdilər. Amma yerlərdə o problemi həll edəcək xidmətlər yoxdur. Bu kompleks məsələdir. Qanunvericilik bazasının hazırlanması, standartların müəyyən edilməsi, işçi potensialının və xüsusi peşə bacarığı olan şəxslərin hazırlanması və yerlərdə müəyyən xidmətlərin olması lazımdır.

Gülxar Şərif