Əhməd Cavadın xanımı namusunu necə qorudu?
Əhməd Cavadın xanımı namusunu necə qorudu?

Şükriyyə Cavadın məşəqqətli, amma şərəfli həyatı haqqında

Acar bəyi Süleyman bəyin sevimli qızı, Əhməd Cavadın deyimi ilə, "Süleyman bəyin telli yavrusu" Şükriyyə Bejanidze. 1902-ci ildə Gürcüstanın Batumi şəhərində anadan olmuşdu. Hələ çox gənc idi Əhməd Cavadı tanıyanda.

1915-ci ildə Sarıqamış faciəsi, Ərzurumun işğalı, Qars və Batumdakı qırğınlar Əhməd Cavadı evində rahat oturmağa qoyardımı?! Qəlbi qan qardaşları ilə döyünən şair o zaman könüllü olaraq faciə və qırğınlar baş verən əraziləri dolaşmış, neçə-neçə yetim qalmış qızları Gəncəyə gətirərək varlı ailələrə övladlıq vermişdi. O qızları millətin namusu hesab edirdi şair. Bu qırğınlar, faciələr fonunda şairin qəlbində gözəl bir günəş doğur. O günəşin adı Şükriyyə idi.
Xeyriyyə işləri Cavadı Batuma - öz taleyi Şükriyyənin torpağına gətirir. Batumda xeyriyyə işlərinə kömək edən Süleyman bəylə tanış olur. Tez zamanda dostlaşır onunla. Süleyman bəy onu dəyərli bir insan kimi qəbul edir, evinə qonaq çağırır. Süleyman bəyin evinə gedəndə qapını ala gözlü, qara uzun saçlı, hündür boylu bir dilbər açır. O ala gözlər alır ağlını başından. Qəlbinə bir atəş salır ki, gəl görəsən...
Artıq Cavad nə edəcəyini bilir. O, Süleyman bəyin evinin düz qarşısında bir ev kirayələyir. O qanlı-qadalı illərin tək sevinci o gimnaziya tələbəsi ağbəniz, qıvrımsaç qızı görməyin bundan başqa yolu yoxdur çünki. Nə var ki, şair utancaqdır, ailəsi yanında yoxdu ki, onun üçün bu dilbərə elçi düşsün. Üz tutur dostu Əli Səbriyə ki, onun üçün elçilik etsin.
Əli Səbri elçi gedir Şükriyyəyə. Əvvəlcə məramını açmağa cəsarət eləmir. Çünki Süleyman bəy çox ciddi, ötkəm xarakterli, tez əsəbləşən insandır. Şairdən söz salır usta bir şəkildə. "Cavad əfəndi nasıl biridir?" deyə sual verir. Süleyman bəyin cavabı ümid və cəsarət verir Əli Səbriyə. "İyi, iyi. Güzel şeirler yazıyor". Bu cavabdan ürəklənən elçi açıqca gəliş səbəbini deyir. Əlbəttə ki, Süleyman bəy etiraz edir. Birinci səbəb o idi ki, bəy gözünün şah didəsini gözündə uzağa qoymaq istəmir. Ancaq daha ciddi və tutarlı bir səbəb də var ortada: məzhəb ayrılığı. O məzhəb ayrılığı ki, kim bilir neçə-neçə sevgiləri yarımçıq, sevgililəri gözüyaşlı qoyub.
Bəyin son sözü "Mən qızılbaşa qız vermərəm" olur. Cavad şiə olduğu halda, Süleyman bəy sünni idi.
Əli Səbri bilir ki, Cavad məzhəb ayrılığına görə öz eşqindən vaz keçməz. Odur ki, söz altında qalmır heç. "Verməzsən, qaçırdarıq" deyir.
Şükriyyə xanım sürgün illərindən sonra öz xatirələrində həyatlarının o dönəmini belə xatırlayırdı: "Novruz bayramına az qalırdı, səhər-səhər suya getmişdim. Elə təzəcə bulağa çatmışdım ki, hardansa o, yanımda peyda oldu. "Səni aparsam, mənimlə gedərsənmi?" dedi. Diksindim, sonra anladım ki, başqa yol yoxdur. Dedim, bir azdan atam yığıncaqda iştirak etmək üçün evdən çıxacaq, gələrəm, gedərik. Günortaya yaxın gəldim. Cavad neçə saatdı durduğu yerdə bitib qalmışdı. Çox həyəcanlı görünürdü... Piyada yolla, ayrı-ayrılıqda gedib şəhərin kənarına çıxdıq, faytona mindik. Onunla ilk dəfə yan-yana oturduq. Birdən məni dəli bir ağlamaq tutdu. Mənə elə gəldi, doğma şəhərimi bir də ömrüm boyu görməyəcəm. Mənim ağlamağım onu da ağlatdı. Gəncədə toyumuz oldu. Biz Cavadın ata yurduna - Seyfəli kəndinin Mehirli tirəsinə gəlmişdik. Burda Cavadın beş hektardan artıq ata torpağı vardı. Biz sonralar bu torpağı əkib-becərənlərin verdiyi pulla dolanırdıq. Cavadın ata mülkünə qədəm basdığım birinci günü, ara sakitləşəndə, qohumlar, dostlar çəkilib gedəndən sonra o mənə dedi ki, Şükrü, bu gördüyün adamlar mənim ən yaxın qohum-əqrəbamdır. Səndən xahiş edirəm, mənə etdiyin qədər onlara hörmətlə, nəzakətlə yanaş. Lap ayaqqabıları palçıqlı-palçıqlı evin yuxarı başına keçsələr də, birinin də xətrinə dəymə. Onların ürəyi gül kimidir. Qoy bizim evin qapıları həmişə onların üzünə açıq olsun, öz evləri kimi gəlib-getsinlər. Onların uşaqlarını oxudaq, məktəbə, universitetə düzəldək. Onların çarıqları, qaloşları, batavaları səni hürkütməsin... Mən Cavadın sözlərini qulaqlarımdan sırğa edib asdım. Sonralar Cavad və mən həbs olunandan sonra həmin adamlar onlarca uşaq evlərinə gedib bizim uşaqları axtarıb tapdılar, onları ölüb-itməyə qoymadılar. Yaxşılıq yerdə qalmaz. Körpə Yılmaza ata-ana oldular".
Cavadın Şükriyyəli günləri həyatının ən gözəl dönəmləri idi. Həyat onlara gözəlliklər bəxş edirdi. Beş övladları olmuşdu: Aydın, Tukay, Niyazi, Yılmaz adlı dörd oğul, Almaz adında bir qız.
Ancaq Almaz çox yaşamır, hələ Cavad sağ olanda dünyadan köçür. Atası sevgili qızının ölümündən sarsılır, "Toyuna aldığım xınam ağladı, Mənə qara daşlar gül verdi, qızım" deyərək kədərini misralara tökür.
Cavadı hər gün evində gözləyən "gənclik bağından dərdiyi çiçəyi" - Şükriyyəsi onun xoşbəxtliyinin açarı olsa, Şükriyyənin qəlbində hələ Batumidən qalan bir nisgil var - 20 ildir ki, atası onu bağışlamır. Uzun sürən ayrılıq 1936-cı ildə bitir. Sanki ata qəlbi duyur ki, qızını yaxın gələcəkdə hansı faciələr gözləyir. Qızının həsrəti, görmədiyi nəvələrinə uzaqdan duyduğu sevgi onu Gəncəyə gətirir. Süleyman bəy qızı, nəvələri və Cavadla görüşür. Bitir uzun sürən həsrət. Barışırlar və get-gəl başlanır...
Repressiyanın kölgəsi onların da həyatını zülmətə çevirir. 1937-ci il martın 21-də Azərbaycan Yazıçılar İttifaqının iclası keçirilir. İclasda Əhməd Cavada ittihamlar yağdırılır. Süleyman Rüstəmin təklifi ilə onu bir düşmən kimi İttifaqdan çıxarırlar.
Cavad Dünya müharibəsi görmüşdü, Cümhuriyyətin süqutuna şahidlik etmişdi, 1923-cü ildə "güllələnənlər" siyahısına düşmüşdü, 1925-ci ildə "Göy göl" şeirinə görə həbs edilib işgəncələrə məruz qalmışdı, lakin heç bir zərbə onu sındıra, qamətini əyə bilməmişdi. Ta ki "qələm dostlarım" dediyi insanların ona qarşı ittihamlarını eşidənə kimi. Bu zərbə əydi şair qəddini.
Şübhəsiz, bu yaşananlar ailənin hüzurunu qaçırmışdı artıq. Ancaq Şükriyyə xanımın ağrılı-acılı günləri hələ qabaqda idi.
12 oktyabr 1937... SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası Cavadın güllələnməsinə qərar verir. Əksinqilabi millətçilik fəaliyyətində ittiham olunan müttəhimin həyat yoldaşı kimi Şükriyyə xanım da ifadəsi alınmaq bəhanəsi ilə Bayıl türməsinə salınır. Orada əvvəllər ev qulluqçuları olmuş bir rus qadınla rastlaşarkən Cavad haqda ondan məlumat ala bilir. "Sənin ərini Bayıl türməsinin səyyar xəstəxanasına başı bintlə sarınmış halda, 40 dərəcə temperaturla gətirmişdilər". Şükriyyə xanım onunla görüşmək istəyir. Lakin ona Əhməd Cavadla görüşə icazə vermirlər, onları son görüşdən də məhrum edirlər.
Çox çəkmir ki, onu yenidən istintaqa cəlb edirlər. Və bir gün İçərişəhərdəki 6-cı Böyük qala döngəsi, 12 nömrəli evin qapısı üç qara paltarlı adam tərəfindən döyülür. Bu dəfə "bizimlə getməlisən" deyən bir səs onu izləməsini istəyir. Bayıl qalasına uzanan yollların isə geri dönüşü olmur. Kiçik, qaranlıq istintaq otağı və ağılalmaz suallar...
- Bizə göstəriş var ki, səni Axundzadə familiyasından çıxardıb, təzədən Bejanidze familiyasına qaytaraq. Yəni ərizə yazıb Axundzadədən boşanmalı və azad olub evinə qayıtmalısan. Yoxsa, səni qarlı Sibirə sürgün gözləyir.
- Necə yəni, Cavaddan boşanmalı? Ola bilməz! Mən Cavadı heç kimə dəyişmərəm. Cavada görə yurdumu, doğmalarımı atıb gəlmişəm.
Darısqal, soyuq kamerada saatlar keçmək bilmir. İçəri siçan, siçovulla doludur. Şükriyyə xanım toylarında Cavadın ona oxuduğu şeiri xatırlayır...
Məndən xoşbəxti varmı dünyada, deyin,
Ey telle yavrusu Süleyman bəyin.
Baxtım tərlan imiş, yeyindən yeyein,
Heç kimə bu baxtı vermərəm sənsiz.
Xəyal dünyasından onu yenidən səs ayırır. Bu dəfə əllərində hazır boşanma haqda sənədlə gəlirlər. Cavab məlumdur: "YOX!"
1937-ci ilin sonunda Qazaxıstan çöllərinə doğru bir qatar yol alır. Bir vaqonda 47 qadın ayaq üstə üç gündür ac-susuz yol gedir. Vaqonda Şükriyyənin bir tanıdığı da var: Ceyran Bayramova. O Ceyran ki, Şərqdə ilk qadınlar klubunu yaratmışdı, o Ceyran ki, Bakıda Şükriyyə xanımı görməyə gözü yox idi. Rastlaşanda bir-birinə qaş-qabaq sallayırdılar.
Onları aparan qatar hər stansiyada dayanırdı. Nəzarətçi qadın qadınları sıraya düzür, sonra beş nəfərin adını çəkirdi. Adı çəkilən beş nəfər stansiyadakı hərbçilərə konserv və çörək əvəzinə satılırdı. Bu alverdən isə satılanlara çatan bir tikə qara çörək idi, ölməmək üçün...
Növbəti stansiyada nəzarətçi Ceyran Bayramovanı rus hərbçilərinə bəxşiş kimi vermək üçün gözünü ona zilləyir. Lakin o qurtulur. Xilaskarı isə Şükriyyə xanım olur. Ceyranın söykəndiyi yeşiyin arxasından ayağını çəkir, yeşik yerə düşüb parça-parça olur. Ceyran qatar relsinin üstünə yıxılır, ağız-burnu qanasa da, rus zabitlərindən və satılmaqdan xilas olur.
Sonrakı günlərdə Ceyranı bir sual maraqlandırır, cavabı öyrənmək üçün dəridən-qabıqdan çıxır. "Özünü zabitlərin o məşum otağından necə qoruyursan? Sənə niyə toxunmurlar? Niyə, niyə, niyə? Səndən cüzam vurmuş kimi qaçırlar. Neyləyirsən ki?! Mənə də de!"
Şükriyyə başı ilə tualeti işarə edir. "Gecə tualet növbəsində qapını arxadan bağlayıb paltarlarımı çıxarıram. Tualetin yerini silib əynimə geyinirəm. Hamı məndən iyrənir, yaxın durmur".
Ceyran yerində quruyub qalır. Ac olduğunu deyir, aclığa necə dözdüyünü soruşur. Şükriyyə namusunu qorumaq üçün özünü murdarladığını xatırlayır. Hıçqıra-hıçqıra ağlayır. Sonra yaxasında gizlətdiyi kiçik sancağı çıxarır. "Mən gündə bir dəfə sancaqla barmağımı deşib, hamı yatandan sonra soruram. Bax aa, əvvəl adamın ürəyi bulanır".
Qazaxıstandakı dəhşətli düşərgədə ömrünün səkkiz ilini keçirdi Şükriyyə xanım. Dərzilik, aşpazlıq edir, odun doğrayır, yük daşıyır.
Bu əzablar 1955-ci ilin iyuluna - bəraət aldığı günə qədər davam edir. Səkkiz illik sürgündən sonra ona Bakıda yaşamağa icazə verilmir. Qayıtdıqdan sonra Şəmkirin Seyfəli kəndinə - Cavadlı günlərinin xatirələri ilə ovunacağı yerə gedir. Övladlarını başına yığır.
Cavadın yorğun pərisi ölənədək orada yaşayır...

Vəfa Babasoy