İranda iki ailə arasında qırğın düşdü: 7 ölü
İranda iki ailə arasında qırğın düşdü: 7 ölü

Fars rejimi tanınmış azərbaycanlı fəal zəmanətlə azadlığa buraxdı

İranda mülki zəmində baş vermiş münaqişə böyük ailə faciəsinə səbəb olub. İRNA-nın verdiyi məlumata görə, hadisə mayın 26-da Bakı vaxtı ilə saat 13:45-də İranın Xuzistan vilayətinin Ramhormoz rayonunda, Şəqayeq parkında olub.

İki ailə arasında mülki zəmində mübahisə baş verib. Hadisədə odlu silahdan istifadə edilməsi isə əsl faciəyə səbəb olub. Nəticədə hər iki ailədən birlikdə 7 nəfər ölüb. Bəzi xəbərlərdə münaqişənin torpaq üstündə baş verdiyi bildirilir.
Qeyd edək ki, Ramhormoz Xuzistan şəhərinin qərbində yerləşən və 150 min nəfər əhalisi olan rayondur.
İranla bağlı bir başqa xəbərdə isə deyilir ki, bu ölkədə tanınmış azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb. Belə ki, Həmid Mənafi Nadarlı (Erkin) 79 günlük həbs həyatından sonra mayın 25-də ailəsinin qoyduğu 100 milyon tümən mülk girovu qarşılığında Tehranın Evin həbsxanasından sərbəst buraxılıb.
Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları H.M.Nadarlını martın 8-də səhər saatlarında mağazasında həbs ediblər. O, İran təhlükəsizlik qüvvələrinin Tehran yaxınlığında sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Nəsimşəhr rayonunda 21 fevral - Ümumdünya Ana Dili Günü münasibətilə keçirilən mərasimə hücumu zamanı başından yaralanıb.
H.M.Nadarlı bu müddət ərzində iki dəfə aclıq aksiyası keçirib, nəticədə səhhəti pisləşdiyindən dəfələrlə Tehranın Evin həbsxanasının klinikasında yatıb. O bundan əvvəl də 2011-ci il sentyabrın 2-də İran hökumətinin Urmiya gölünün qurumasına laqeyd münasibətinə etiraz olaraq Təbriz şəhərində keçirilmiş kütləvi aksiyalarda iştirak etdiyinə görə həbs edilib. O, 20 günə yaxın təcridxanada saxlanıldıqdan sonra 40 milyon tümən mülk girovu qarşılığında azadlığa buraxılıb.
Bu arada o da məlum olub ki, Böyük Britaniyanın paytaxtı Londonda mayın 25-də Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) təşəbbüsü və təşkilatçılığı ilə İran əleyhinə aksiya keçirilib. Bu barədə GAİP-in Böyük Brtiyaniya üzrə təmsilçisi, Londonda yaşayan soydaşımız Araz Yurdsevən məlumat verib.
O bildirib ki, piket 2006-cı ilin mayında Güney Azərbaycanda baş vermiş hadisələrin 8-ci ildönümü münasibətilə düzənlənib: "Ölkənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar yerli vaxtla saat 14:00-da əllərində bayraqlar və plakatlarla Böyük Britaniyanın Baş Nazirliyinin binasının qarşısına toplaşıblar. İki saat davam edən piketdə İran əleyhinə Azərbaycan və ingilis dillərində müxtəlif şüarlar səsləndirdik. İranda həbsdə olan azərbaycanlı fəalların və jurnalistlərin fotolarını da nümayiş etdirməklə onların azadlığa buraxılmasını, orada öz tarixi torpaqlrında yaşayan azərbaycanlıların pozulan hüquqlarının təmin olunmasını, İran hökumətinin Urmiya gölünün qurumasının qarşısını almaq üçün əməli addımlar atmasını tələb etdik". A.Yurdsevən əlavə edib ki, insidentsiz keçən piketin sonunda ingilis dilində bəyanat oxunub.
Qeyd edək ki, 2006-cı il mayında "İran" adlanan rəsmi qəzetdə azərbaycanlıların hamam böcəyinə bənzədilməsi kütləvi etirazlara səbəb olub. İran təhlükəsizlik qüvvələri Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Sulduz və digər şəhərlərində keçirilən aksiyaları yatırmaq üçün müxtəlif vasitələrdən, hətta odlu silahdan istifadə etməkdən belə çəkinməyiblər. Nəticədə onlarla nümayişçi həlak olub, minlərlə insan həbs edilib.
İranın keçmiş prezidenti Məhəmməd Xatəmi isə 3 ildən çoxdur ev dustaqlığında saxlanan müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubidən danışıb. Tehranda İran-İraq müharibəsinə həsr olunmuş bir toplantıda çıxış edərkən Xatəmi deyib ki, Musəvinin, xanımı Zəhra Rəhnəvərdin və Kərrubinin həbsdə saxlanmasına laqeyd qalmayıb, onların azadlığa buraxılması üçün səy göstərib: "Biz onların həbsi qarşısında susmamışıq. Lakin hiss edirik ki, onların həbsinin götürülməsindən, azadlığa buraxılmalarından danışdıqca vəziyyət daha da pisləşir. Biz bilmirik necə oldu ki, Musəvi və Kərrubinin azadlığa buraxılması təşəbbüsləri nəticə vermədi. Onların üzərindən həbs götürülməyibsə, heç olmasa gəlin onların həyatı haqda düşünək və elə edək ki, rahat müalicə ala bilsinlər. Ümid edirəm ki, bu problem tezliklə həllini tapacaq".
Bir başqa məlumata görə isə İranda güclü zəlzələ baş verib. Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytının verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Hörmüzqan vilayətinin Suza şəhərinə təsadüf edib. 5.2 bal gücündə olan zəlzələ mayın 27-də Bakı vaxtı ilə səhər saat 10:44-də yerin 14 km dərinliyində meydana gəlib.
Təbii fəlakət Suzadan 30 km, Bəndər Laftdan 41 km və Dərgahandan 49 km uzaqlıqda baş verib.
İnsan itkisi və tələfat yoxdur.
İranda təyyarə qəza enişi edib. Hadisə mayın 26-da Bakı vaxtı ilə günorta saat 14:52-də İranın Kirman vilayətində baş verib.
Tehran-Rəfsəncan aviareysini həyata keçirən təyyarənin hidravlik qurğusunda nasazlıq olub. Ancaq pilotlar təyyarəni Kirman şəhər beynəlxalq hava limanına endirməyi bacarıblar. Təyyarədəki 68 nəfər ekipaj üzvü və sərnişinin vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, İranın təyyarə parkı tamamilə köhnəldiyindən, texniki nasazlıq tez-tez baş verir. Bəzən xeyli insan tələfatı ilə nəticələnən qəzalar da olur. Çünki ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən İran həmin təyyarələrin ehtiyat hissələrini ala bilmir.
Murad İbrahimli