Azərbaycan İKT-nin tətbiqi üzrə beynəlxalq konfransda təmsil olunacaq
Azərbaycan İKT-nin tətbiqi üzrə beynəlxalq konfransda təmsil olunacaq

Bu ilin oktyabrın 15-17-də Qazaxıstanın Astana şəhərində İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə VIII Beynəlxalq Konfrans (AICT-2014) keçiriləcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) verilən məlumata görə, konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş dünyanın müxtəlif guşələrindən olan elm adamları və mühəndisləri eyni coğrafi məkana gətirməkdir. Bu baxımdan tədbirə İKT-nin təhsil və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahəsində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamları dəvətlidir.
Təşkilat Komitəsindən bildirilib ki, "AICT-2014" adıçəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq etmək, geniş dairəli məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur akademik konfranslardan biri olacaq. Budəfəki tədbirdə əsas diqqət informasiya təhlükəsizliyinə veriləcək.
Təşkilat Komitəsinin məlumatına görə, tədbir müxtəlif illərdə 50-yə yaxın ölkənin tədqiqatçılarının diqqətini cəlb edib. "AICT-2014" Beynəlxalq Konfransının tematik mövzularına 80-ə qədər istiqamət daxildir.
Tədbir işini "Kibertəhlükəsizlik problemləri", "İKT-nin tətbiqində ən son tendensiyalar, nailiyyətlər", "Böyük verilənlərin idarəsi və tətbiqi", "Verilənlərin Emalı və Verilənlər Mühəndisliyi", "Kommunikasiya, şəbəkə və avadanlıq", "Biznes, idarəetmə və iqtisadiyyatda İKT", "Dövlət xidmətlərində İKT", "Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT", "Tibb və səhiyyədə İKT" bölmələri üzrə aparacaq. Amma konfransın mövzuları yalnız bu sahələrlə məhdudlaşmır. "AICT-2014" konfransı çərçivəsində bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Bunların sırasında "9-cu Beynəlxalq İnformasiya Təhlükəsizliyi Tədqiqat Konsorsium (IISRC) Konfransı", "İnformasiya Cəmiyyəti üzrə 2-ci elmi-praktik konfrans", "27-ci Kompüter Mühəndisliyi Bölmələri Müdirləri Beynəlxalq Sammiti"ni qeyd etmək olar.