İkinci Dünya müharibəsinin sonu  haqqında sarsıdıcı faktlar ortaya çıxdı
İkinci Dünya müharibəsinin sonu
haqqında sarsıdıcı faktlar ortaya çıxdı

İddialara görə, Sovet əsgərləri Almaniyada 2 milyon qadını zorlayıbmış

Hərb tarixçisi Entoni Bivor özünün yeni kitabında iddia edir ki, nasist Almaniyasına girəndə Qızıl Ordunun yaşadığı orgiyalar əvvəl düşünüləndən qat-qat daha iri miqyaslarda olub. "Stalinqrad" bestsellerinin müəllifi cənab Bivor deyir ki, sovet qoşunları alman düşərgələrində əsirlikdə olan xeyli rus, polyak qadınlarını, həmçinin milyonlarla alman qadınlarını zorlayıblar.

Müəllif "Vikinq" nəşriyyatının nəşr etməli olduğu "Berlin" kitabını yazmağa hazırlaşanda, sovet arxivlərində tədqiqat aparır və aşkarlayır ki, həmin ərəfədə Qızıl Ordunun sıralarında olmazın intizamsızlıq və əxlaqsızlığa yol verilib.
Böyük Britaniyanın Sandherst hərbi məktəbində təhsil alan, daha sonra şahzadə Albertin qusar alayında, elit kavaleriya bölüyündə xidmət edən Bivor bəyan edir ki, sovet əsgərlərinin davranışlarının xırdalıqlarını öyrənəndən sonra insan təbiətinə baxışlarını dəyişməli olub. "Əvvəllər mən zarafatla düşünürdüm ki, bütün kişilər potensial olaraq qadın zorlamağa hazır varlıqlardır, amma sonra bu nəticəyə gəldim ki, müharibədə iki-üç il qəddarlaşan, əli silahlı kişilərin çoxu ordu nizamsızlığı zamanı əsl zorakılara çevrilirlər", - o, kitabının naşirinə deyib.

"Ruslar Berlinə çatanda, qadınlara canlı
qənimət kimi baxırdılar"

Cənab Bivorun dedikləri amerikalı feminst Merilin Frençin kədərli həqiqətləri ilə kəsişir, o deyirdi ki, "bütün kişilər qadınlara münasibətdə zorakıdırlar, bu, məhz belədir". Amma istənilən uyğunluq səthidir. Cənab Bivor ciddi-cəhdlə vurğulayır ki, 1944-cü ildən başlayan hadisələr dinc vaxtlarda da hardasa kişilərə xas olan şeylərdir. Amma o etiraf edir ki, nasist düşərgələrindən azad edilən əsir rus və polyak qadınlarının da sovet hərbçiləri tərəfindən zorlanmaya məruz qaldığını öyrənəndə bərk sarsılıb: "Bunu öyrənənə qədər düşünürdüm ki, sovet əsgərləri alman qadınlarını nasistlərdən qisas almaq üçün zorlayırlar, amma bu fakt fikirlərimi tamam dəyişdi".
Ruslar Berlinə çatanda, qadınlara canlı qənimət kimi baxırdılar, onlar düşünürdülər ki, Avropanı azad etdikləri üçün, burada istədiklərini edə bilərlər. Bu çox qorxuludur, çünki başa düşürsən ki, sivilizasiya dəhşətli dərəcədə səthidir və onun fasadı çox qısa müddətdə dağıla bilər".
Cənab Bivorun tarixçi kimi yüksək və ləkəsiz reputasiyası onun dedikləriinn ciddiliyinə zəmanət verir. "Stalinqrad" kitabı yüksək dəyərləndirildi və elitar mükafatlardan sayılan, tarix üzrə Samuel Conson, Vulfson mükafatlarını və Hautornden mükafatına layiq görüldü. Amma onun Berlinin ələ keçirilməsi barədə yazdıqları deyəsən, mübahisəli olacaq. O yazır: "Bir çox məsələlərdə Berlin qadın və qızlarının taleyi Stalinqradda aclıq çəkən əsgərlərin taleyindən daha acınacaqlı idi".
Almaniyadakı zorlamaların niyə bu qədər dəhşətli olmasını anlamaq üçün, kontekstə fikir vermək vacibdir. "Barbaros" əməliyyatı, 1941-ci ildə nasistlərin Rusiyaya hücumu tarixdə əsl genosidin başlanğıcı oldu. Bu günə olan hesablamalara görə Sovet İttifaqının 30 milyon vətəndaşı müharibə illərində həlak olub, onlardan 3 milyonu almanların hərbi əsirlər üçün olan düşərgələrində məqsədli şəkildə acından öldürülüb. Heç bir rəhm hissi göstərməyən almanlar qarşılığında da rəhm gözləyə bilməzdilər. Onlar da ağır itkilər verdilər. Elə təkcə Berlindəki döyüş zamanı bir milyondan artıq alman əsgəri və yüz minə yaxın mülki şəxs həlak oldu və əsir düşdü. Sovet İttifaqı 300000 insan qurban verdi.

Stalinin etirazı

Bu dəhşətlərin fonunda Stalin və onun komandirləri zorlamaları, özü də təkcə alman qadınlarını deyil, onların müttəfiqləri olan Macarıstan, Rumıniya və Xorvatiyadan olan qadınları da zorlamağa bəraət qazandırır və hətta təqdir edirdilər. Yuqoslav kommunisti Milovan Cilas Stalinə etiraz eləyəndə, diktator qışqırmışdı: "Necə yəni, siz minlərlə kilometr yolu qanlardan, alovlardan, ölümdən keçmiş əsgərin qadınla əylənmək istəyini başa düşmürsüz?" Alman kommunistləri ona xəbərdarlıq edəndə ki, zorlamalar yerli əhalinin onlara nifrət eləməsinə səbəb olur, Stalin etiraz etmişdi: "Mən imkan vermərəm ki, kimsə Qızıl Ordunun şərəfini ləkələsin!"

10 yaşından
80 yaşına qədər bütün qadınlar zorlanırdı

Zorlamalar 1944-cü ildə, Qızıl Ordu Şərqi Prussiyaya və Sileziyaya girən kimi başladı. Bir çox şəhər və qəsəbələrdəki 10 yaşından 80 yaşına qədər bütün qadınlar zorlanırdı. O illərdə ordunun gənc zabitlərindən olmuş Nobel mükafatı laureatı Aleksandr Soljenitsın bu dəhşəti özünün "Prussiya gecələri" poemasında təsvir edir:
Döşəyin üstündə uzanıb balaca qızım.
O ölüdür.
Onun üstündən nə qədər adam keçdi
Bir dəstə, bəlkə də lap bir alayın əsgərləri...
Amma Soljenitsın kimiləri az idi, onun silah yoldaşlarının çoxu zorlaramanı qanuni bir şey kimi qəbul edirdilər.
Hucum edən dəstələr Almaniyanın dərinliyinə girəndə, onların komandanı marşal Jukovun əmrində deyilirdi: "Qatillər torpağının qara günləri başlandı. Biz hər şeyin qisasını alacağıq və qisasımız dəhşətli olacaq".
Reputasiyası nasist propaqandası tərəfindən şişirdilmiş Qızıl Ordu Berlinə çatanda yerli əhali qorxub qaçırdı.
1945-ci ilin mayında müqavimət sona çatsa da, alman qadınlarının məruz qaldıqları ağır işgəncələr bitmədi. Nə qədər alman qadını zorlanmışdı? Dəqiq rəqəmi öyrənmək mümkün deyil, amma ən azı 15 milyon qadın vardı ki onların arasında sovet ərazisində, ya da Almaniyanın şərqi əyalətlərində yaşayanları vardı. Zorlamaların miqyasını elə bir faktla hesablamaq olar ki, 1945-1948-ci illərdə qeyri-qanuni abortların sayı təxminən iki milyona çatmışdı. Ancaq 1946/47-ci illərdə, dəri-zöhrəvi xəstəliklərin artmasından ehtiyatlanan sovet rəhbərləri Şərqi Almaniyada belə hallara cəza tədbiq elədilər.
Sovet əsgərləri çox vaxt alman qadınlarını ərləri və ailələrinin gözləri qarşısında zorlamağa slavyanlara aşağı irq kimi baxan və onlarla cinsi əlaqəni təqdir etməyən nasistləri təhqir etmək kimi baxırdılar. Patriarxal rus cəmiyyəti və əhlikef həyat tərzinə öyrəncəklik də öz rolunu oynadı, amma zorlamalara və nifrətə əsas səbəb rus əsgərlərinin almanarın rifah içində yaşadığını görməsi idi.
Cənab Bivorun qeyd elədiyi fakt, yəni sovet qoşunlarının təkcə alman qadınlarını deyil, həm də düşərgələrdən azad edilən nasist qurbanlarını da zorlamağı bu ehtimala əsas verir ki, seksual zorakılıqda xüsusi seçim yox idi, hərçənd azad edilən rus və polyak qadınlarının zorlanması halı alman qadınlarının zorlanma hallarından qat-qat az idi. Sovet əsgərləri yəhudi qadınlarını heç də həmişə nasizm qurbanları kimi qəbul eləmirdilər. Sovet komissarları alman düşərgələrini təmizləyirdilər ki, orda öz məhbuslarını, "sinfi düşmənləri", nasist məmurlarını yerləşdirsinlər, buna görə də, o düşərgələrdəki adamlara qarşı, yumşaq desək, çox da sentimental davranmırdılar.
Alman əsirliyində olmuş, nasist rejiminə davam getirə bilmiş, sonra da Almaniyaya məcburi işlərə göndərilmiş milyonlarla rus və slavyan əsirlərinə gəlincə isə onlardan QULaq-a göndərilməyən, satqın elan olunub, güllələnməyənlər özlərini bəxti gətirmiş hesab edirdilər. Onların sıralarında olan qadınlara da, görünür, alman qadınlarından daha yaxşı münasibət bəsləmirdilər, demək olar ki, onlarla daha pis davranırdılar.

Rus səfirin qəzəbi

Almaniyada zorlanmalar özündən sonra acı izlər qoyub getdi. Bu izlər Şərqi Almaniyada kommunist rejiminin uğur qazanmamasına səbəb oldu və nəticədə rejim Ştazini- gizli polisi öz güc sutunlarından birinə çevirməli oldu. Qurbanlar özləri isə ömürlük zədə aldılar, hərbi nəslin alman qadınları hələ də Berlindəki Qızıl Ordu hərbi memorialını "Naməlum zorakının məzarı" adlandırırlar".
Bu məqalə "The Daily Telegraph"da dərc olunandan sonra Rusiyanın Böyük Britaniyadakı səfiri aşağıdakı məzmunda qəzəbli bir məktub göndərmişdi: "Ser! Bir Rusiya vətəndaşı və bu ölkənin Böyük Britaniyadakı səfiri olaraq, inana bilmirəm ki, "Qızıl Ordu əsgərləri düşərgələrdən azad etdiyi rus qadınlarını belə zorlayırdı" başlıqlı məqalə İkinci Dünya Müharibəsinin tarixi barədə minimal da olsa, bilgiyə sahib imtiyazlı həmkarlarınız tərəfindən çapa imzalanıb. Bu yalan iddialar barədə sizinlə diskussiyaya girməyə zərrə qədər də olsun, həvəsim yoxdur. Dünyanı nasizmdən xilas edən bir xalq barədə bu böhtanlara hər hansı münasibət bildirməyin özü biyabırçılıqdır.
Bu məqalənin Holokost qurbanlarının xatirəsi günü ərəfəsində işıq üzü görməyi məqaləni təkcə Rusiya və mənim xalqımın əleyhinə deyil, faşizmdən əziyyət çəkmiş bütün ölkələrə və milyonlarla insana qarşı allahsızlıq hadisəsinə çevirdi. Mən hesab edirəm ki, sovet ordusunun xilas elədiyi milyonlarla insan, rus əsgərlərinin qəhrəmanlığı mənim sözlərimin ən layiqli sübutudur".
Qriqoriy Karasin, Rusiya Federaiyasının səfiri"
Elə həmin ərəfələrdə Britaniyanın "Guardian" qəzeti eyni mövzuda yazılmış məqalə çap elədi: "Qızıl Ordu əsgərləri alman qadınları ilə fərdi münasibətlərə inanmırlar - dramaturq Zaxar Aqranenko Şərqi Prussiyadakı müharibə illərində qeydlər apardığı gündəliyində yazırdı. - Doqquz, on, on iki nəfər - onları kollektiv şəkildə zorlayırlar".

Beriya və Stalin
baş verənlərdən yaxşı
xəbərdar idilər

1945-ci ilin yanvarında Şərqi Prussiyaya girən sovet qoşunlarının saysız dəstələri müasirliyin və orta əsrlərin qeyri-adi bir qarışığını özündə birləşdirirdi: qara, dəri papaqlı tankçılar, tərki qənimətlərlə dolu atlarla gələn kazaklar, ardınca at arabası karvanları. Elə əsgərlər də fərqlilik sarıdan onlardan geri qalmırdı. Onların arasında açıq-aşkar quldurluq edənləri, əyyaş və zorakılar, eyni zamanda öz silahdaşlarının davranışından sarsılan intelligent, idealist kommunistlər də vardı.
Baş verənlərdən Beriya da, Stalin də yaxşı xəbərdar idilər, onlara yazılan məktublarda bütün xırdalıqlar öz əksini tapırdı. Məktublardan birində deyilirdi: "Almanların çoxu düşünürlər ki, Şərqi Prussiyada qalan bütün alman qadınları Qızıl Ordu əsgərləri tərəfindən zorlanıb". Onlara yazılan məktublarda "azyaşlılar və qarıların zorlanması" halları da öz əksini tapırdı.
Marşal Rokossovski 006 nömrəli "düşmənə nifrət hissini döyüşdə ifadə etmək barədə" əmr verdi. Bunun heç bir nəticəsi olmadı. Nizamı bərpa etmək üçün bir neçə uğursuz tədbir görüldü. Söhbət çıxmışdı ki, alaylardan birinin komandiri "alman qadınını zorlamaq üçün əsgərləri sıraya düzən leytenantı öz əli ilə güllələyib". Amma əksər hallarda yüksək çinli zabitlərin çoxu ya özləri də belə əxlaqsızlıqlarda iştirak edir, ya da avtomatla silahlanmış sərxoş əsgərlərin arasında nizamı bərpa etmək mümkün olmurdu.

(ardı sabahkı sayımızda)
Murad İbrahimli