Azərbaycanın  qədim və müstəqil etnosu -ingiloylar
Azərbaycanın qədim və müstəqil etnosu -ingiloylar

Şirinbəy Əliyev: "Azərbaycanda bu ingiloydur, bu talışdır, bu saxurdur, bu ləzgidir deyə insanlara fərq qoyulmur"

Azərbaycan müxtəlif etnik və dini qrupların dözümlülük üzərində qurulmuş siyasətin aparıldığı çoxetnikli və çoxdinli ölkədir. 2009-cu ilin siyahıya alınmasına görə ölkə əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Bu gün Azərbaycan etnoqrafik rəngarəngliyi ilə məşhurdur.
Onun ərazisində Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar kimi etnik qruplar yaşayırlar. Qeyd olunan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlayıb. Bu mədəniyyət azsaylı xalqların məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapır. Bu dəfə "Unikal" ölkəmizdə yaşayan etnik azlıqların nümayəndələrindən biri olan ingiloylardan söhbət açacaq. İngiloylar, Azərbaycanda onlara münasibət barədə "Unikala"ölkəmizdə yaşayan etnik azlıqların nümayəndələrindən biri olan Əliyev Şirinbəy Hacıəli oğlu danışıb. Qeyd edək ki, həmsöhbətimiz Bakı Slavyan Universitetinin Diplomatiya və xarici siyasət kafedrasının müdiridir. Şirinbəy Əliyev həmçinin ingiloylar haqqında "Şimali-Qərbi Azərbaycan:ingiloylar" kitabının müəllifidir.
-Şirinbəy müəllim ilk olaraq oxucularımıza ingiloylar haqqında qısa məlumat verərdiniz. Şəxsən mənim üçün də maraqlıdır, ingiloylar deyəndə niyə ilk olaraq ağıla gürcülər gəlir? İngiloylarla gürcüləri hansı tellər bağlayır?
-İngiloylar Qafqaz Albaniyasında yaşamış qədim etnoslardan biridir. Sadəcə olaraq son 200 ilə yaxın tarixşünaslıqda ingiloyların tarixinə təcavüz olunub. Onların tarixi saxtalaşdırılaraq və bəzi qafqazşünaslar tərəfindən özününküləşdirilib. Təbii ki, burda siyasi maraqlar əsas rol oynayıb. Çünki ingiloyları konfessional , yəni dinini dəyişmiş əhali qrupu kimi təqdim edən tədqiqatçılar onları öz tarixi- etnik kökündən kənar salmağı, gürcüdən törəyən və sonradan İslamı qəbul etmiş etnik qrup kimi verməklə əslində onların yaşadıqları tarixi torpaqlara iddialarını əsaslandırmaq məqsədi ilə bunu etmişdilər. Çox təqdirəlayiq haldır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bu istiqamətdə məqsədyönlü tədqiqatlar aparılıb. Xüsusilə də bu prosesin başında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov durur. Onun bir şüarı var: "Vətən sərhəddən başlanır". O deyir ki, ilk olaraq biz sərhədlərimizi öyrənməliyik. Y.Mahmudova məxsus olan "İtirilmiş torpaq" konsepsiyası var. Bu proqram əsasında tədqiqatlar başlandı və mən nəticədə "Şimal-Qərbi Azərbaycan:İngiloylar" kitabını yazdım. Bu kitabda ingiloyların tarixi tamamilə tədqiq olunub. Ən qədim dövrlərdən monqol yürüşlərinə qədər olan tarix birinci kitabda tədqiq olunub. Bildiyiniz kimi, ingiloylar Qafqaz Albaniyasında yaşamış və yunanlara məlum olan 26 tayfadan biridir. Çünki yunan müəllifləri ingiloyların qədim əcdadı olan gel tayfaları haqqında məlumat veriblər və onların yaşadıqları etnik əraziləri də göstəriblər. Çox maraqlı faktlardan biri odur ki, ingiloylar ötən 2 min ildən çox bir tarixdə elə eyni ərazidə məskunlaşmaqda və yaşamaqda davam edirlər.İngiloyların müstəqil etnos olması ilə bağlı yüzlərlə faktlar var. Onların maddi və mənəvi mədəniyyəti, məişəti, təsərrüfatı bilavasitə onların özlərinə məxsusdur. O ki qaldı ingiloyların danışıq dilini əsas götürüb onları gürcü hesab edənlərə, mən dilçi deyiləm, ingiloy dilini linqvistik baxımdan tədqiq etməmişəm, amma bu tədqiqata ehtiyac var. İngiloy və gürcü dillərini müqayisə etmiş məşhur akademik N.Y. Marr yazırdı ki, "...İngiloylar barədə hələlik onların özlərinin deyil, gürcülərin fikri məlumdur". Mən dilçi olmasam da, o dildə bəzi sözlərə tez-tez rast gəlirəm ki, bu sırf ingiloyların tayfa dilinin göstəricisidir. Həmin sözlər çox köklü şəkildə fərqlənir. Bu bir daha onu göstərir ki, ingiloylar gürcü hakimiyyəti altında olduğu dövrdə assimilyasiya prosesinə məruz qalıblar. Bu baxımdan ingiloyların müasir dili şərq dialekti kimi hesab olunur. İngiloyları Azərbaycanın qədim və müstəqil etnosu hesab edirəm. Və onları konfessional əhali qrupu adlandıranların fikrini qəbul etmirəm və onların yanlış yolda olduqlarını deyirəm.
-İngiloyların ölkəmizdə kompakt yaşadığı ərazilər haradır?
- Qax, Zaqatala və Balakəndə ingiloylar yaşayırlar. İngiloylar Balakəndə İtitala kəndində, Zaqatalada üç kənddə- Əliabad, Mosul, Yengiyanda yaşayırlar. Qaxda isə vəziyyət bir qədər həm mürəkkəbdir , həm də qəlizdir. Orada kəndlər çoxdur. Qaxda o da maraq doğurur ki, ingiloylar həm dağın cənub yamaclarında, həm də Alazan vadisində yaşayırlar. Bəs problem nədədir? Hazırda ingiloyları ikiyə bölürlər; xristian və müsəlman ingiloylar. Xristian ingiloylar yalnız Qaxda yaşayırlar. Dövlət statistikasında xristian ingiloylar gürcü kimi qeydiyyata düşüblər. Bu ingiloylar 19-cu əsrin ikinci yarısında Rusiya imperiyasının və gürcü katolikoslarının təzyiqi altında məcburi xristianlaşma siyasətinə məruz qalıblar. O vaxtı onlar xristianlığı qəbul edəndə birmənalı olaraq onlara gürcü ad -familiyaları verilib. Yəni xristianlaşdırma siyasəti həm də gürcüləşdirmə siyasəti ilə paralel aparılıb. Nəticədə adı xristian olan bu gürcülər nə müsəlman kimi müsəlman, nə də xristian kimi xristian ola bildilər. İndi gürcü kilsəsinin köməyi ilə bir -iki kilsənin fəaliyyətini təmin ediblər. Ancaq bütövlükdə orda bir dini boşluq hiss olunmaqdadır. Statistikada səhvən xristian ingiloyları gürcü kimi qələmə veriblər. İndi Azərbaycanda gürcü etnosunun nümayəndələrinin etnik ərazisi yoxdur. Bakıda, Sumqayıtda gürcülər yaşaya bilərlər, ancaq etnik ərazisi olan gürcü yoxdur. Qaxda yaşayan müsəlman ingiloyların vəziyyəti ürəkaçan deyil, çünki orada olan ingiloylar məişətdə Azərbaycan türkcəsindən istifadə etdiyinə görə, yəni azərbaycanlılar tərəfindən təbii assimilyasiyaya məruz qaldıqları üçün artıq onları da ingilo adlandırmırlar. Qorağan, Zəyəm, Lələpaşa, Şotavar və s. kəndlərin əhalisi ingiloy mənşəlidirlər, ancaq onlar məişətdə, küçədə ingiloy dilindən istifadə etmirlər, Azərbaycan türkcəsində danışırlar. Buna görə də bəzən biz görürük ki, o kəndlərində sakinlərini ingiloyluqdan çıxarırlar. Zaqatala rayonunda Yengiyan kəndində yaşayan ingiloylar təmiz Azərbaycan türkcəsində danışdıqlarına görə, həmin kənd ingiloy kəndləri siyahısından çıxarılır. Ümumiyyətlə, ingiloy etnosu xalq səviyyəsinə yüksələ bilmədiyi üçün, tayfa kimi qaldığına görə 15-ci əsrdən bəri onların azalma tendensiyasını görmək olur. 19-cu əsrə qədər ingiloylar avarlar və saxurlar tərəfindən təzyiqə məruz qalıblar. Buna görə də vaxtilə Balakəndə, Carda ingiloylar yaşasa da, indi artıq yaşamırlar. Hazırda Azərbaycanda təxminən 20 minə yaxın ingiloy dilində danışan müsəlman ingiloyu yaşayır. Bunlar Balakəndə İtiala kəndində, Zaqatalada Mosul, Əliabad kəndlərində yaşayırlar. Eləcə də ölkəmizdə 8 mindən artıq xristian ingiloy yaşayır.
- Ölkəmizdə ingiloylara olan münasibətdən razısınızmı?
-Azərbaycanda bu ingiloydur, bu talışdır, bu saxurdur, bu ləzgidir deyə insanlara fərq qoyulmur. Bəlkə də buna görə, Azərbaycan etnik azlıqların yaşadığı məkana çevrilib. Azsaylı xalqlar tarix boyu Azərbaycanda özlərinə yad münasibət görməyiblər. Eləcə də ingiloylar. İngiloylar da digər etnik qruplar kimi bu ölkənin bərabərhüquqlu vətəndaşlarıdır.
-Hazırda ingiloyların Azərbaycanda təhsil almaq imkanları hansı səviyyədədir?
-Azərbaycan tolerant ölkədir, bütün mədəniyyətlərin inkişafına şərait yaradılır. İndi böyük yaşayış məntəqələrində və ingiloyların öz ana dillərində danışdığı kəndlərdə həm Azərbaycan, həm də gürcü bölməsi olan məktəblər fəaliyyət göstərir. Sadəcə olaraq bizim əlifbamız olmadığından gürcü və rus əlifbalarından tədrisdə istifadə edilir.
-Ölkəmizdə yaşayan ingiloylar daha çox hansı sahələrdə çalışırlar?
- Tarixən ingiloylar əkinçilik, bağçılıq və maldarlıqla məşğul olublar. Ümumiyyətlə, ingiloylar siyasətlə məşğul olmayan, kimlərin hakimiyyətdə təmsil olunmağından asılı olmayaraq öz işləri ilə məşğul olan insanlardır. Onların yaşadığı yerlərdə təbiətdə səxavətli olub və il ərzində onlara bütün nemətlər bəxş edilib. İngiloylar Allahın və təbiətin onlara bəxş etdiyi nemətlərdən düzgün yararlanmağı bacarırlar.Son dövrlər regionlarda yeni iş yerləri açılır və ingiloylarda orada işləyirlər. Bakıda tikinti sahəsində çalışan ingiloylarda var. Azərbaycan- Rusiya münasibətlərinin yaxşı olmağı imkan verir ki, bizim gənclər gedib orada işləyirlər. İngiloyların ziyalılarıda yetişir.
-İngiloyların toplaşdığı bir mərkəz və ya cəmiyyət varmı?
- Azərbaycanda xristian ingiloyların cəmiyyətləri var. Amma müsəlman ingiloyların hər hansı bir cəmiyyəti yoxdur. Düzdür, zaman -zaman cəhdlər olunub belə bir cəmiyyətlərin yaranması üçün, ancaq Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməkdə müəyyən problemlər yaranırdı. Ancaq ingiloy cəmiyyətinin təşəbbüs qrupu çoxdan yaradılıb və uzun müddət təşəbbüs qrupu olaraq fəaliyyət göstərib. Burada Bakıda yaşayan ingiloy ziyalıları cəmləşiblər.Təşkilatlanma məsələsinə biz özümüz o qədər ciddi baxmırıq. Mənən və virtual olaraq biz o cəmiyyətin mövcudluğunu qəbul edirik, ingiloy ziyalısı olaraq harda olmağımızdan asılı olmayaraq, hər bir ingiloyun problemini həll etməklə məşğuluq.