İkinci Dünya müharibəsinin sonu  haqqında sarsıdıcı faktlar ortaya çıxdı
İkinci Dünya müharibəsinin sonu
haqqında sarsıdıcı faktlar ortaya çıxdı

İddialara görə, Sovet əsgərləri Almaniyada 2 milyon qadını zorlayıbmış

(əvvəli dünənki sayımızda)

Vermaxtın hücumuna məruz qalmış Vətənin qisasını almaq çağırışı qəddarlıq ifadə etmək təklifi kimi qəbul olunurdu. Hətta gənc qadınlar, əsgərlər, tibb işçiləri də buna etiraz etmirdilər.
Aqranenkonun kəşfiyyat qrupundan olan 21 yaşlı qız deyirdi: "Bizim əsgərlər almanlarla, xüsusilə də alman qadınları ilə düz hərəkət edir". Bəzilərinə bu, maraqlı gəlirdi. Bəzi alman qadınları danışır ki, onlar zorlananda kənardan prosesə maraqla baxan və gülən sovet qadınları da vardı. Amma Almaniyada gördüklərindən sarsılan insanlar da vardı. Andrey Saxarovun yaxın dostu, hərbi müxbir Natalya Hesse sonralar xatırlayırdı: "Rus əsgərləri 10 yaşından 80 yaşına qədər bütün alman qadınlarını zorlayırdılar. Qızıl Ordu zorakılar ordusu idi".

Müharibə veteranları
hələ də bu barədə
danışmağa
cəsarət etmirlər

Labaratoriyalardan oğurlanan, kimyəvi tərkibli içki də bu zorlamalarda öz rolunu oynayırdı. Deyəsən, sovet əsgərləri alman qadınlarına yaxınlaşmazdan əvvəl cəsarətə gəlmək üçün içməli olurdular. Amma bəzən onlar o qədər içirdilər ki, cinsi əlaqəyə halları qalmır və qadınları zorlamaq üçün içki şüşələrindən istifadə edir, qadınları eybəcər hala salırdılar. Zorlama qurbanlarının bir qismi bu işgəncələrə məruz qalmışdı.
Qızıl Ordu daxilində nizamsızlıq və Almaniyadakı kütləvi əxlaqsızlıq məsələsi barədə danışmağa Rusiyada uzun müddət qadağa olub. Müharibə veteranları hələ də bu barədə danışmağa cəsarət etmirlər. Yalnız bəziləri bu barədə açıq, amma heyfsilənmədən danışırdılar. Tank bölüyünün komandiri hadisələri belə xatırlayırdı: "Onların hamısı o dəqiqə ətəklərini qaldırıb, çarpayıya uzanırdılar". O hətta qürrələnib deyirdi ki: "Almaniyada bizim iki milyon uşağımız doğulub".
Sovet zabitlərinin qurbanların çoxunun bu aktdan məmnun qalmasını düşünməsi, ya da bu zorlamaların Rusiyanın almanlardan aldığı qisas olduğunu hesab etmə bacarıqları adamı təccübləndirir. O vaxtlar bir sovet mayoru ingilis jurnalistinə demişdi: "Silahdaşlarımız qadın sarıdan o qədər aclıq çəkirdilər ki, altmış, yetmiş, hətta səksən yaşlı qarıları da zorlayırdılar ki, o qarılar da çox təəccüblənirdilər, bəlkə həm də məmnun qalırdılar".

Qızıl Ordu özünü
inandırmışdı ki...

Bu hadisələr zamanı psixoloji ziddiyyətləri də gözardı etmək olmaz. Kenisberqin zorlanmış qadınları onlara "bizi öldürün!" deyib, yalvaranda, sovet əsgərləri özlərini təhqir olunmuş sayırdılar. Cavabları belə olurdu: "Rus əsgərləri qadınlara güllə atmır. Belə şeyi ancaq almanlar edir". Qızıl Ordu özünü inandırmışdı ki, Avropanı faşizmdən xilas elədiyinə görə onun əsgərləri istədiklərini eləməkdə azad və haqlıdırlar.
Şərqi Prussiya qadınlarına qarşı yekəxanalıq və həqarət hissi xeyli əsgərlərə xas idi. Qurbanlar təkcə Vermaxtın cinayətlərinə görə cavab vermirdilər, onlar həm də müharibəni təmsil edən və aqressiyanı öz üzərlərinə götürən obyektlər idilər. Tarixçi və feminist Süzan Braunmiller danışır ki, zorlama fateh əsgərlərin haqqı kimi qəbul olunur və qələbəni vurğulamaq üçün düşmən xalqın qadınlarına qarşı yönəlirdi. Düzdü, 1945-ci ilin yanvarındakı izahagəlməz dəhşətlər sonradan az-az təkrarlandı. Qızıl Ordu 3 aydan sonra Berlinə çatanda, alman qadınlarına "qələbə qəniməti" kimi baxırdı. Düzdü, yekəxanalıq hissi hələ qalmışdı, amma buna əsgərlərin öz komandirlərindən və sovet rəhbərlərindən gördükləri təhqirlərin şəklini dəyişmiş nəticəsi kimi də baxmaq olardı.
Bəzi başqa faktorların da rolu vardı. 20-ci illərdə Kommunist Partiyası sıralarında seksual azadlıq geniş təbliğ olunsa da, növbəti onillik ərzində Stalin sovet cəmiyyətinin aseksual olması üçün əlindən gələni eləmişdi. Bu, heç də sovet insanlarının puritan baxışları ilə izah olunmurdu, məsələ burasında idi ki, sevgi və seks şəxsiyyətin "deindividualizasiya"sı konsepsiyasına uyğun gəlmirdi. Təbii hissləri boğmaq lazım idi. Freyd qadağan olunmuşdu, boşanma və xəyanət partiya tərəfindən pis qarşılanırdı. Homoseksualizm cinayət hesab olunur və cəzalandırılırdı. Yeni doktrina cinsi tərbiyəni tamamilə qadağa eləmişdi. Təsviri incəsənətdə hətta örtülü qadın sinəsi belə, erotika hesab olunurdu, qadın sinəsini işçi kombinezonu örtməli idi. Rejim tələb edirdi ki, ehtirasın sevgi dolu ifadəsi partiya və şəxsən yoldaş Stalinə qarşı sevgi ifadəsi ilə sublimasiya olunsun.
Gənc qızları adətən günlərlə çardaqlarda
gizləyirdilər

Seks məsələsində bilgisizlik və qadınlara qarşı kobud davranış Qızıl Ordu əsgərlərinə, xüsusilə də az savadlanmış əsgərlərə tamamilə xas idi. Beləliklə, sovet hökümətinin öz vətəndaşlarının libidosunu aşağı salmaq cəhdi ona gətirib çıxarmışdı ki, rus yazıçılarından biri əslində ən sərt pornoqrafiyadan da primitiv və qəddar səhnəni "barak erotikası" adlandırmışdı. Bunların hamısı insanı öz mahiyyətindən məhrum edən müasir təbliğatın təsirii ilə qarışırdı.
Yazıçı Vasili Qrossman, Qızıl Orduda hərbi müxbir olaraq tezliklə fərqinə varmışdı ki, zorlama qurbanları təkcə alman qadınları deyil. Onların arasında polyak qadınları, həmçinin, Almaniyada işçi qüvvəsi kimi saxlanan gənc rus, ukraynalı və belorus qadınlar da vardı. O qeyd edirdi ki: "Azad edilmiş sovet qadınları öz əsgərlərimizin onları zorlamağından şikayətlənirlər. Göz yaşına boğulan bir qız mənə demişdi: "Məni zorlayan hərbçi atamla yaşıd adam idi".
Sovet qadınlarının zorlanması halları göstərir ki, Qızıl Ordu əsgərlərinin bunu guya almanların Sovet İttifaqı ərazisində elədikləri vəhşiliklərə cavab, qisas aktı olaraq elədikləri kimi izah etmək mümkün deyil. 1945-ci ilin 19 martında Komsomolun Mərkəzi Komitəsinə, Malenkova birinci Ukrayna Cəbhəsindən yazırdılar. General Tsıqankov xəbər verirdi ki: "Fevralın 24-də 35 nəfər əsgər və batalyon komandiri Qrütenberq kəndindəki qadın yataqxanasına hücum çəkərək, hamını zorlayıblar".
Gebbelsin apardığı propaqandaya baxmayaraq, Berlində alman qadınlarının çoxu rusların qisasının bu qədər dəhşətli olacağını təxmin etmridilər. Çoxları özünü inandırmağa çalışırdı ki, kəndlərdə, gözdən uzaqda gizlin zorlamalar olsa da, şəhərdə, hamının gözü qarşısında bunu edə bilməzlər.
Dahlemdə sovet zabitləri sığınacağı və doğum evi olan qadın monastırına baş çəkdilər. Zabitlər və əsgərlər özlərini ağa kimi aparırdılar. Onlar monastırdakı qadınlara xəbərdarlıq elədilər ki, arxalarınca yeniləri də gələcək. Monastırdakı bütün rahibələr, qızlar, qarılar, hətta hamilə qadınlar da zorlandı.
Bir neçə gündən sonra əsgərlərin arasında qurbanlarını üzlərinə işıq tutub, seçmək ənənəsi yarandı. Seçmə prosesi zorlama məsələsinə yanaşmadakı fərqi göstərirdi. Əsgərlər alman qadınlarına Vermaxtın elədiklərinə cavabdehlər kimi deyil, hərbi qənimət kimi baxırdılar.
Zorlamanı çox vaxt seksual istəklərlə əlaqəsi olmayan zorakılıq kimi qiymətləndirirlər. Amma bu, qurbanların qiymətləndirməsidir. Cinayəti başa düşmək üçün, o cinayətə aqressorun gözü ilə, xüsusilə də, sonrakı mərhələlərdə, "sadəcə zorlamaların" başıpozuq orgiyalara çevrilməsi mərhələsindən baxmaq lazımdır.
Bir çox qadınlar özlərini rus əsgərinə bu ümidlə təslim edirdilər ki, bu əsgərlərin onları başqalarının əlindən qurtaracağını düşünürdülər. 24 yaşlı gənc aktrisa Maqda Viland paltar dolabında gizlənməyə çalışmışdı, amma Orta Asiyalı bir əsgər onu ordan tapıb-çıxarmışdı. Əsgər gənc, sarışın aktrisa ilə cinsi əlaqəyə girməyin mümkünlüyündən o qədər həvəslənmişdi ki, vaxtından çox tez qurtarmışdı. Maqda ona demişdi ki, onun rəfiqəsi olmağa hazırdır, bir şərtlə ki, onu başqa əsgərlərdən qorusun. Amma əsgər başqa əsgərlərə xəbər vermişdi və onlardan biri Maqdanı zorlamışdı. Maqdanın yəhudi rəfiqəsi Ellen Hetsi də zorlamışdılar. Almanlar rus əsgərlərinə başa salmağa çalışmışdılar ki, bu qadın yəhudidi və təqib olunurdu, onların cavabı bu olmuşdu: "Frau ist Frau" (Qadın qadındır).
Tezliklə qadınlar axşamlar başlayan "ov saatları"ndan gizlənməyə başladılar. Gənc qızları adətən günlərlə çardaqlarda gizləyirdilər. Analar su gətirməyə ancaq səhərlər, gecə içki və əyləncədən sonra bərk yatan əsgərlər hələ oyanmamış çıxırdılar. Bəzən onlar öz qızlarını xilas etmək məqsədilə qonşu qızların harda gizləndiyini xəbər verən qonşulardan ehtiyat edirdilər. Qoca berlinlilər gecələr başlayan çığırtıları hələ də xatırlayırlır. Bütün pəncərələr sındırıldığından, bu səsləri eşitməmək mümkün deyildi.
Zorlamalardan
sonra intihar

İki şəhər xəstəxanasının verdiyi məlumatlara görə, təxminən 95000-130000 qadın zorlanmaya məruz qalmışdı. Həkimlərdən biri hesablamışdı ki, zorlanan yüz min qadından on mini sonradan dünyasını dəyişdi - onlardan çoxu intihar eləmişdi. Şərqi Prussiya, Pomeraniya və Sileziyada bir milyon dörd yüz min qadın zorlanmışdı ki, onların arasında ölüm halları daha yüksək idi. Ümumilikdə ən azı 2 milyona yaxın alman qadını zorlanmışdı və onların çoxu kütləvi zorlanmaya məruz qalmışdı.
Qadınları sovet əsgərlərinin əlindən qurtarmağa çalışan kimsə tapılırdısa, bu, ya qızını xilas etməyə çalışan ata, ya da anasını xilas etməyə çalışan oğul olurdu. Bir hadisədən sonra qonşular məktubda yazırdılar "13 yaşlı Diter Sal gözünün qarşısında anasını zorlayan rus əsgərinin üstünə cumdu. Oğlan bu hərəkətiilə ancaq ona nail ola bildi ki, yazığı güllələdilər".
"Qadınların çoxsaylı zorlanmalardan canlarını qurtarmaları üçün özlərini bir əsgərə təklif etmələri mərhələsindən sonra növbəti mərhələ gəlirdi -müharibəsonrası aclıq - Süzan Braunmiller yazırdı - "hərbi şərtlər altında zorlanmaları hərbi şərtlər altındakı fahişəlikdən ayıran xətt çox incəlmişdi".
Ursula fon Kardorf qeyd edir ki, Berlinin işğalından sonra şəhər çörək və alternativ valyuta - siqaret qarşılığında bədənlərini satan qadınlarla dolu idi. Alman kinorejissoru, bu məsələni xırdalıqlarına qədər öyrənən Helke Sander də "birbaşa zorlama, şantaj, hesablama və əsl bağlılığın qarışınğından" yazıb.
Dördüncü mərhələ Qızıl Ordu zabitlərinin alman "qənimət qadınları" ilə qəribə birgə həyat yaşamaları idi. Evə qayıtmaq vaxtı gələndə bir neçə sovet zabiti alman məşuqələri ilə qalmaq üçün ordudan qaçanda sovet məmurları hirslərindən özlərinə gələ bilmirdilər.
Zorlamanın feministlər tərəfindən sırf zorakılıq aktı kimi müəyyən edilməyi bəsit görünsə də, kişi özünəəminliyinə bəraət qazandırmaq olmaz. 1945-ci il hadisələri bizə aydın şəkildə göstərdi ki, cəzasızlıq olanda, cavabdehlik qorxusu olmayanda, sivilizasiya necə səthi anlayış ola bilər. Bu hadisələr həm də onu göstərir ki, kişi seksuallığının bizim varlığını xatırlamaq belə istəmədiyimiz qaranlıq tərəfləri var.
("Azadlıq" radiosu bu məqaləni "Guardian", "The Daily Telegraph", inosmi.ru-nun materialları əsasında hazırlayıb).

Murad İbrahimli