Prokrorluq Əli Bayramovun  həbsinə start verdi
Prokrorluq Əli Bayramovun həbsinə start verdi

"Aqrolizinq" ASC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb

Kənd Təsərrüfatı Nazirliyinin "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən cəmiyyətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2011-2013-cü illərdə satınalmalar üzrə müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla Satınalmalar üzrə Dövlət Agentliyindən müvafiq razılıq almadan dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə etmələrində, həmçinin büdcə öhdəliklərinin icra edilməməsinə, iş həcmlərinin artırılmasına, borcların uçotdan yayındırılmasına və digər maliyyə pozuntularına yol vermələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Xəbər verdiyimiz kimi, "Aqrolizinq" ASC-nin sabiq sədri Əli Bayramov vəzifədən kənarlaşdırılsa da, məsuliyyətdən yaxa qurtara bilməyəcək. Artıq bununla bağlı geniş miqyaslı araşdırmaya başlanılıb. "Aqrolizinq" ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb və hüquqi mexanizmlər işə salınıb. Bu isə o deməkdir ki, Əli Bayramov həbsin bir addımlığındadır. Onun da istintaqa cəlb olunması və barəsində həbs qət-imkan tədbirinin seçilməsi an məsələsidir. Görünən odur ki, artıq onun həbsi ilə bağlı razılıq var və hazırda isə alt zəmin hazırlanır.
İnformasiya şöbəsi