Məmurların himayəsindəki səhmdar cəmiyyətlərdə qanunsuzluqlar at oynadır
Məmurların himayəsindəki səhmdar
cəmiyyətlərdə qanunsuzluqlar at oynadır
Bəs bu nöqsanları aradan qaldırmaq üçün nə etmək lazımdır?

Azərbaycandakı səhmdar cəmiyyətlərin bəzilərinin arxasında məmur maraqlarının dayandığı sirr deyil. Bu isə həmin məmurların himayəsinə güvənən belə səhmdar cəmiyyətləri qanunvericiliyin tələbləri ilə hesablaşmamağa həvəsləndirir.
Məsələn, səhmdar cəmiyyətlərin rəhbərləri hər il cəmiyyətin ali orqanı olan illik ümumi yığıncaqlarını keçirməlidirlər. Mülki Məcəllənin 107-1. Səhmdarların ümumi yığıncağının çağırılması maddəsinə əsasən,səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Yəni, müəssisələr hər il iyun ayının 30-na qədər cəmiyyətin əvvəlki il üçün maliyyə hesabatını bu yığıncaqda səhmdarlarına təqdim etməlidirlər. Bu, qanunvericiliyin tələbidir. Lakin, müşahidələr və faktlar göstərir ki, bir çox ASC-lər qanunvericiliyə əməl etmirlər.
Bunu ötən ilə aid faktlardan aydın görmək olar. Belə ki, bir neçə ay əvvəl 2013-cü ildə illik ümumi yığıncağının vaxtını gecikdirən müəssisələrin adları açıqlanmışdı (bizimyol.info), həmin siyahıda "Gədəbəy Respublika İdman Kompleksi", "Azərkabel", "Sumqayıt Dalğa", "Sumqayıt Sənaye İstehsal", "Salyan Avtovağzal", "Xudat Balıq", "Sabunçu Tikinti-Quraşdırma", "Xətai Tikinti Mexanizasiya", "Bakı Poladtökmə", "Bakı Tələbat Qabları", "Bakıtikintisənayedəstləşdirmə" kimi açıq səhmdar cəmiyyətlərin adları vardı.
Araşdırmalara görə, səhmdar cəmiyyətlərin fəaliyyəti haqqında şikayətlər hər il 500-ə yaxındır, yəni ölkədəki ümumi səhmdar cəmiyyətlərin üçdə biri qədərdir. Bununla belə cərimə məbləğləri ilbəil prinsipial şəkildə artmayıb.
Araşdırmalar zamanı o da məlum olub ki, ölkədə 1500-ə yaxın səhmdar cəmiyyət olmasına baxmayaraq, Rəsmi rəqəmlər belə deməyə əsas verir ki, illik hesabatlarını təqdim edən cəmiyyətlərin sayı heç 500-ə də çatmır. Ümumi cərimə məbləği ötən il 179800 manat təşkil edib. Bu məbləği cərimə olunan müəssisələrin sayına böləndə hər müəssisəyə cəmi 329 manat düşür. Bu isə qanun pozuntusuna yol verənlər üçün o qədər də böyük məbləğ deyil. Elə məbləğin azlığı da səhmdar cəmiyyətlərin nəzarət səhm paketi sahiblərini arxayınlaşdırırdı. Ona görə də 2011-ci ilin göstəriciləri ilə 2013-cü ilinki arasında elə də fərq yoxdur. Ötən il fəaliyyətindən şikayət olunmuş səhmdar cəmiyyətlərin sayı 456 olub, illik hesabatlarını təqdim etməyənlərin sayı isə bəlli deyil.
Belə çıxır ki, aidiyyatı orqanlar yalnız şikayətlər əsasında müəssisələrdə araşdırma aparır. Hesabatların təqdim olunmamasına görə isə sahibkarlar məsuliyyət daşımayıblar. İcrasına məcburi göstəriş verilən işlərin sayının ilbəil nisbətən azalması isə, bu sahədə problemlərin azaldığına işarə deyil. Çünki, postözəlləşmə yeni problemlər ortaya çıxarır, bu sahədə olan problemlər getdikcə dərinləşir, səhmdar cəmiyyətlərin qanunsuz ləğvi artır, illik yığıncaqlarını gecikdirənlərin, ümumiyyətlə, yığıncaqlarını heç keçirməyənlərin sayı çoxalır.
Bütün bu və digər problemlərin kökündə isə yuxarıda da qeyd etdiyimiz kimi, bir çox səhmdar cəmiyyətlərin arxasında bu və ya digər formada məmur maraqlarının dayanması durur. Ekspertlər hesab edirlər ki, bəzi məmurların biznes çevrəsinə daxil olan səhmdar cəmiyyətlər güvəndikləri "güclü əl" sayəsində qanunvericiliyin tələblərini yerinə yetirməyə həvəsli olmurlar, əksər hallarda fikirləşirlər ki, onsuz da buna görə onlara gözün üstə qaşın var deyən tapılmayacaq. Ən pis halda isə onlar bir o qədər də böyük olmayan cərimələrlə vəziyyətdən çıxacaqlar.
Ona görə də ekspertlər səhmdar cəmiyyətlərlə bağlı şəffaflığın artırılmasını və səhmdarların hüquqlarının qorunması ilə bağlı səylərin gücləndirilməsini təklif edirlər. Düzdür, bu, bəzi məmurların maraqlarına uyğun gəlməyəcək, onlar buna asanlıqla imkan verməyəcəklər.
Amma əvəzində Azərbaycanda biznes fəaliyyətinin genişlənməsi, iqtisadiyyatın güclənməsi baxımından önəmli addım atılmış olacaq. Hər halda bir çox məqamlarda müəyyən məmurların himayəçiliyinə güvənən səhmdar cəmiyyətlərdə qanunsuzluqların at oynatmasına biganə yanaşılmamalı, bu məsələ aidiyyatı qurumların ciddi şəkildə diqqət mərkəzində olmalıdır.
Ülviyyə Qasımlı