İsmət Abbasova baş nazirlik yolunda böyük sədd
Vitse-premyerin Artur Rəsizadənin yerinə keçəcəyi xəbərlərindən sonra ara qarışdı

Xəbər verildiyi kimi, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Aqroservis filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Srağagün bildirildi ki, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, aparılmış istintaqla cəmiyyətin Şəki rayon Aqroservis filialının müdiri Rafim Qurbanovun ümumilikdə 66 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçılarının adlarına onların məlumatı olmadan mineral gübrələrin güzəştli şərtlərlə satışını rəsmiləşdirməsi, lakin həmin mineral gübrələri ayrı-ayrı fiziki və hüquqi şəxslərə sataraq əldə olunmuş 789 min 512 manat məbləğində vəsaiti, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən aldıqları gübrə üçün ona verilmiş 55 min 124 manat məbləğində vəsaiti müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Maraqlıdır ki, bundan bir neçə gün əvvəl isə Baş Prokurorluqda "Aqrolizinq"dəki neqativ hallarla bağlı cinayət işi başlandığı və qurumun keçmiş sədri Əli Bayramovun ölkədən qaçdığı barədə məlumat yayılmışdı. Lakin "Aqrolizinq"in İdarə Heyətinin sədr müavini Aydın Əzizov mətbuata bildirmişdi ki, Əli Bayramovun səhhətində problem var və o İstanbulda yerləşən xəstəxanaların birində müalicə olunur. Aydın Əzizov Əli Bayramovun ölkədən qaçması barədə deyilənlərin yalan olduğunu vurğulamışdı.
Əli Bayramov özü isə yayılan xəbərlərə münasibət bildirərkən ölkədən qaçmadığını, İstanbulda müalicə olunduğunu və artıq Bakıya döndüyünü söyləmişdi. Əli Bayramovun açıqlamasından sonra isə Baş Prokurorluq "Aqrolizinq"in vəzifəli şəxsləri barədə cinayət işinin başlanması barədə məlumat yaydı. Həmin məlumatda deyilirdi ki, Hesablama Palatasının "Aqrolizinq"dəki yoxlaması Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilib.
Hesablama Palatası "Aqrolizinq"dəki yoxlamalar zamanı cəmiyyətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini aşkarlayıb. Qurumun hesabatına görə, "Aqrolizinq"in vəzifəli şəxsləri ciddi korrupsiya əməliyyatlarına və maxinasiyalara yol veriblər. Məsələn, bəlli olur ki, fermerlərə minarel gübrənin güzəştlə satılması qaydalarına əməl olunmayıb. 6 epizodda əkin sahəsinin fiziki şəxslərə məxsusluğunu təsdiq edən müvafiq sənəd olmadığı halda həmin şəxslərin adlarına alqı-satqı müqavilələri sənədləşdirilib və bununla 186.9 ton gübrənin taleyi qaranlıq qalıb. Ümumilikdə bu tip üsullarla 1347.2 ton mineral gübrə "əridilib". Bundan başqa məlum olub ki, bazanın əmtəəşünası işə çıxmadığı və ümumiyyətlə onun tərəfindən heç bir iş yerinə yetirilmədiyi halda ona əmək haqqı hesablanıb.
Yoxlamalar zamanı "Aqrolizinq"in Şəki və Horadiz filiallarında da ciddi yeyintilər aşkarlanıb. Xüsusilə Şəki filialında korrupsiya hallarına yol verilib. Məsələn, 982.9 ton miqdarında superfosfat gübrəsinin satılmasından əldə olunan gəlirin yalnız bir hissəsi kassaya daxil edilib. Görünür, elə bu səbəbdəndir ki, həbslərə Şəkidən başlanılıb.
"Aqrolizinq"lə bağlı ortaya çıxarılan bütün qanunsuzluqlar isə keçmiş Kənd Təsərrüfatı Naziri İsmət Abbasovun dövrnə təsadüf edir. Bu isə belə rəylərin yaranmasına səbəb olub ki, əslində prosesdə əsas hədəflərdən biri, hətta birincisi məhz keçmiş kənd təsərrüfatı naziridir.
Məsələ burasındadır ki, hazırda baş nazirin müavini görəvini yerinə yetirən İsmət Abbasovla bağlı son həftələrdə ilginc bir iddia ortaya atılıb. Mətbuatda intensiv şəkildə müzakirə olunan və bir çoxlarının inandırıcılıq ehtimalını yüksək dəyərləndirdiyi həmin iddiaya görə, Abbasovun baş nazir paostuna gətirilməsinə hazırlıq gedir.
Belə ki, payızda hökumət kabineti ilə bağlı önəmli dəyişikliklərin olacağı və gələnilki parlament seçkiləri ərəfəsində hakimiyyətin əlini gücləndirəcək kadr islahatlarının aparılacağı proqnozlaşdırılır; gözlənilən bu dalğada önəmli ehtimallardan biri isə çoxlarının proqnozlaşdırmadığı halda keçən ilin payızında baş nazir müavini təyin edilən İsmət Abbasovun bu payız artıq baş nazir kimi fəaliyyətə başlamasıdır.
Maraqlıdır ki, məhz vitse-premyerlə bağlı bu iddiaların intensivləşməsindən sonra "Aqrolizinq" ətrafında ciddi proseslər yaşanmağa başladı, bu qurumda İsmət Abbasovun nazir olduğu dövrdə yol verilən korrupsiya faktları ortaya çıxarıldı, onun vaxtilə "sağ əli" hesab edilən Əli Bayramov işindən yola salındı, bəzi həbslər həyata keçirildi, yeni həbslər də gözləniləndir.
Ekspertlər hesab edirlər ki, yaşananlar təsadüfə oxşamır, bu olanları İsmət Abbasovun baş nazirliyə gedən yoluna çəkilən "güclü sədd" hesab etmək mümkündür. Vitse-premyerin bu səddi necə aşacağını, ümumiyyətlə, aşıb-aşmayacağını isə zaman göstərəcək. Odur ki, gözləyək.

Ülviyyə Qasımlı