Avropa alternativ variantlar axtarışında

Avropa alternativ variantlar axtarışında

Qitə nəyə görə çətin duruma düşdü?
Rusiyanın Krımı işğal etməsi ilə ortaya çıxan Ukrayna böhranı aprel ayında Moskvanın Ukraynaya satdığı təbii qazın qiymətini artırmasıyla kulminasiya nöqtəsinə çatdı. Bundan bir həftə sonra Rusiya dövlət başçısı Vladimir Putinin Türkiyənin də daxil olduğu 18 ölkə liderinə xitabən yazdığı məktubda Ukraynanın qaza görə olan borcunun ödənməməsi halında Avropanın təbii qazla təminatında problemlərin yaranacağı bildirildi.

Əslində bu sözün həqiqi mənasında Rusiyanın Qərbə qarşı "böyük hücumu" sayıla bilərdi. Heç kimə sirr deyil ki, Avropa Birliyinin üzvü olan 7 ölkənin Rusiyadan ciddi şəkildə təbii qaz asılılığı var. Regionun 7 ölkəsinin Rusiyadan təbii qaz asılılığı 80 faiz təşkil etsə də, Litva, Latviya, Estoniya və Finlandiya kimi ölkələrsə istehlak etdikləri bütün qazı Rusiyadan alırlar. Ümumilikdə Avropa Birliyinin illik qaz istehlakının təxminən dörddə birini təşkil edən Rusiyaya bu bazarda tranzit rolunu Ukrayna oynayırdı. Dünənə qədər Ukrayna Rusiyanın enerji körpüsü olaraq tanınırdı. Belə ki, Rusiya qazının təxminən 50 faizi, 80 milyard kubmetr qaz Ukraynadan keçərək Avropaya ixrac olunurdu. Hələ Yuşenko dönəmindən zaman-zaman gərginləşən Rusiya-Ukrayna münasibətlərinin fonunda Avropanın enerji təminatında yaranan problemlər Qərbi alternativ variantlar üzərində düşünməyə vadar edirdi.
Bir müddət əvvəl isə Rusiyanın atmış olduğu addım Avropa üçün artıq fərqli qaynaq axtarışının qaçınılmaz olacağı mənasını verdi. Belə ki, Çinə səfəri çərçivəsində Kreml rəhbərinin Çin lideri ilə ən böyük təbii qaz razılaşmasına imza atması Avropanın təbii qazla təminatında sözün həqiqi mənasında problemlər yaranacağından xəbər verirdi. Həmin razılaşmaya görə, 400 milyard dollarlıq anlaşma əsasında Rusiya 2018-ci ildən etibarən 30 il ərzində Çinə ildə 38 milyard kubmetr qaz ixrac edəcək. Bu müqavilə , Rusiyanın ən böyük təbii qaz alıcısı Avropaya olan bağlılığının qırılması və istiqamətin artıq Asiyaya dönəcəyi mənasını verir. Eyni zamanda , anlaşmadaki qazın qiymətinin Avropaya satılandan daha ucuz olması da Rusiyanın Avropaya çox da ehtiyacı olmadığı anlamına gəlir. Bir növ Putin bununla Avropaya bir daha meydan oxumuş olur.
İndiki durumda Avropanın vəziyyəti o qədər parlaq görünmür. Təbii qaza tələbatın 2020-ci ildə daha 33 faiz artacağı təxmin edildiyi bir məqamda Avropanın ən böyük qaynaqları olan Norveç, İngiltərə və Hollandiyanın qaz istehsalı aşağı düşür. Həmçinin Avropanın digər ənənəvi qaz təchizatçıları Liviya , Əlcəzair və Misir bölgədəki siyasi qeyri-sabitlik səbəbiylə etibarlı qaynaqlar sırasında çıxır. Belə olan halda isə Avropanın üç variantı qalır. Birincisi, ABŞ-ı dünyanın ən böyük qaz istehsalçısı edən qaya qazı ( SHALE gas) axtarışını Avropada sürətləndirmək. Lakin qaya qazının önündəki ən böyük maneə, qazın çıxarılması mexanizmi zamanı baş verə biləcək ekoloji problemlərdir. Fransa, Bolqarıstan, Hollandiya və Çexiya bu səbəbdən qaya qazı axtarışını qadağan edib. İkinci alternativ isə təbii qaz bazarına yeni daxil olan istehsalçılardan mayeləşdirilmiş təbii qaz (LNG) almaqdır. Qaz qaynaqları sayəsində bazara sürətli şəkildə daxil olması gözlənilən Avstraliya, Mozambik, Tanzaniya, Anqola və Ekvatorial Qvineya də Avropanın gələcək qaz təminatçıları ola bilər. Avropadakı bir çox ölkənin yeni LNG terminalı istehsalına başlaması da region ölkələrində bu alternativ varianta xüsusi diqqət yetirildiyi anlamını verir.
Nəhayət, Avropanın sonuncu alternativi isə Cənub dəhlizidir. Bu sırada isə əlbəttə ki, Azərbaycan xüsusi rolu qeyd edilməlidir. Çünki Azərbaycan qazını Avropaya daşıyacaq olan iki layihə hazırda istehsal mərhələsindədir. Bunlardan biri Azərbaycan qazını Türkiyə üzərindən Yunanıstan sərhəddinə qədər aparacaq olan TANAP, digər isə bu qazı Adriatik dənizinin altından İtaliya bazarına daşıyacaq olan TAP layihəsidir. Avropa üçün başqa bir alternativ isə , dünyanın ən böyük qaz ehtiyatlarından biri olan Leviathandan çıxan qazın İsraildən Avropaya daşınmasıdır. Lakin bunun üçün Yaxın Şərqdə davamlı sabitliyin bərpa edilməsi və Kipr probleminin yoluna qoyulması şərtdir. Əgər regionda sülh təmin olunarsa bu layihəyə Birləşmiş Kiprin də əlavə olunması gözlənilir.
Digər qaynaq ölkələrdən biri də İraq sayılır. İraqda qaz istehsalı hazırda çox məhdud olsa da, İraq Kürdüstanındaki qaz potensialı bölgəni Avropa üçün çox cazibədar edir. Bir başqa variant Türkmən qazı ilə bağlıdır. Lakin Avropa Türkmən qazına o qədər də ümid etməməlidir. Çünki Türkmən qazının Avropaya daşınması üçün Xəzərin hüquqi statusunun həll edilməsi lazımdır.
Göründüyü kimi Ukrayna səbəbindən Rusiya ilə üz-üzə gələn Avropa təbii qaza olan tələbatını qarşılamaq üçün müxtəlif variantlar üzərində baş sındırır. Təqdim edilən alternativlər sırasında isə Avropa üçün ən cəlbedici variant isə Azərbaycan sayıla bilər.
S. İsmayılbəyli