Şeyx  Qərbdən gələn təhlükənin anonsunu verdi
Şeyx Qərbdən gələn təhlükənin anonsunu verdi

QMİ sədri Avropanın radikal müxalifət və dindar kəsimlə birgə ölkədə qarşıdurma yarada biləcəyinə işarə vurur

Qərb dövlətləri müsəlmanları bir-birinə qarşı qoymağa çalışırlar. Bunu islamofobiya ilə bağlı jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
QMİ sədri qeyd edib ki, hazırda dünyada islamofobiya və müsəlmanlar arasında parçalanma yaratmaq cəhdləri var və bu, göz qabağındadır: "Məsələn, Suriyada hər iki tərəfdən döyüşənlər müsəlmanlardır, hər iki tərəfdəkilər "Allahu Əkbər" deyir. Bu vəziyyəti yaradanlar kimlərdir?! Bu durumu məqsədli şəkildə yaradırlar. Dünyada dinlər, dövlətlər, xüsusən, müsəlmanlar arasında münaqişə yaradaraq onları zəiflədib, onların sərvətlərinə yiyələnmək istəyirlər. Bəzi dövlətlər, bəzi müsəlman xalqlar bunu dərk edir, təəssüf ki, bəziləri isə dərk etmir".A.Paşazadə həmçinin deyib ki, İslamda müsəlmanın müsəlmanı öldürməsi haramdır. Onun fikrincə, bu məsələ əsasən Qərb dövlətlərinin marağındadır: "İslamda bir qardaşın qanı digər qardaşa halal deyil. Dünyanın hansı yerində olursa-olsun, müsəlman deyilən şəxsi öldürmək kafirlikdir. Bu məsələ o şəxsləri qane edir ki, o şəxslər müsəlman qanına susayıblar. Xüsusən, Qərb dövlətləri özləri birbaşa iştirak etməsələr də, vasitəçiləri bu prosesdə iştirak edirlər və müsəlmanları bir-birinə qarşı qoymağa çalışırlar".Məlum olduğu kimi, hazırda Qərb dairələrinin Azərbaycanla bağlı qərəzli mövqe sərgiləməsi göz önündədir. Xüsusən də AŞPA-nın hakimiyyətdən əsası olmayan tələblər irəli sürməsi və maraqlarının təmin olunması üçün sıxışdırma siyasətini işə salması bu yöndə səslənən fikirləri daha da sərtləşdirir. Belə bir məqamda Allahşükür Paşazadənin yarıdiplomatik bəyanatının ortaya çıxması da təsadüfi ola bilməz. "Unikal"ın əldə etdiyi məlumata görə, Qərb Azərbaycanda radikal müxalifətin avanqardlığı ilə yeni qarşıdurma müstəvisi yaratmaq istəyir. Sadəcə olaraq, budəfə islamçılardan da istifadə olunması planlaçdırılır: "Diqqət edirsinizsə, şeyx dini zəmində münaqişələrdən danışır. Təbii ki, o, həm statusu, həm də diplomatik səbəblərdən açıq şəkildə Qərbin burda hansısa planlarının olduğunu deyə bilməz. Ona görə də üstüörtülü, amma hədəfləri bəlli olan bir mesajla gündəmə gəlib".Müsahibimizin sözlərinə görə, şeyxin "Qərb dövlətləri özləri birbaşa iştirak etməsələr də, vasitəçiləri bu prosesdə iştirak edirlər və müsəlmanları bir-birinə qarşı qoymağa çalışırlar" mesajını konkret tezisdir və bununla ictimaiyyəti diqqətli olmağa çağırıb. Əslində, radikal müxalifətlə dindar kəsimin son dövrlərdəki yaxınlığı və müttəfiqliyi Qərbin müəyyən planlarının olduğunu düşünməyə əsas verir. Görünən odur ki, yuxarı dairələrdə bu barədə konkret məlumat var. Şeyxin bu mesajı isə həmin məlumatın təzahürüdür.
Qərib Gərayzadə