Milyonçu məmurların və övladlarının Braziliya macərası başlayır
Milyonçu məmurların və övladlarının Braziliya macərası başlayır

DÇ-2014-ü izləmək üçün Cənubi Amerika ölkəsinə getmək istəyənlərlə bağlı maraqlı iddia

Məlum olduğu kimi, iyulun 12-də Cənubi Amerika ölkəsi Braziliyada planetin ən mötəbər futbol yarışı - sayca 20-ci olan Dünya Çempionatı start götürəcək. Yarışda mübarizə aparacaq 32 ölkə millisi arasında Azərbaycanın futbol yığması olmasa da, mundialı izləmək istəyənlər arasında çox sayda azərbaycanlı olacaq.Artıq məlumat yayılıb ki, futbol üzrə Dünya Çempionatını izləmək üçün Azərbaycandan xeyli sayda insan bu ölkəyə gedəcək.

Bu barədə Braziliyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.Bildirilib ki, bu günə qədər xeyli sayda insan viza almaq üçün səfirliyə müraciət edib və onların hər birinə müsabət cavab verilib: "Azərbaycandan çox adam Braziliyaya getmək üçün müraciət edib və onların hamısının müraciətinə müsabət cavab verilib. Dəqiq deyə bilmərik ki, say nə qədərdir. Müraciətlər bitsin, ondan sonra statistikanı açıqlayacağıq",-deyə səfirlikdən qeyd ediblər.Qeyd edək ki, Braziliyanın Ermənistandakı səfirinin bu yaxınlarda verdiyi məlumata görə, dünya çempionatına bu ölkədən cəmi 10 nəfər getmək üçün müraciət edib. Azərbaycandan getmək istəyənlərin sayının bundan qat-qat yüksək olacağına isə artıq indidən heç bir şübhə yoxdur, bunu Braziliyanın ölkəmizdəki səfirliyinin məlumatı da təsdiqləyir."Unikal"ın əldə etdiyi məlumata görə, onların arasında bir çox məmurlarımız və övladları da olacaq. Belə ki, mötəbər çempionatın yay ayına təsadüf etməsi bəzi məmurlarımızın ürəyincə olub. Onlar planlaşdırdıqları yay tətili üçün məhz DÇ-2014-ün keçiriləcəyi ölkəni - Braziliyanı seçiblər.Həmçinin bəzi imkanlı məmur övladlarının da Braziliyada keçiriləcək mundialı izləmək üçün Cənubi Amerikaya getməsi gözlənilir. Bu, onlar üçün göydəndüşmə fürsətdir - həm planetin həm nüfuzlu futbol turnirini izləyəcək, həm də Cənubi Amerikanın ən unikal ölkələrindən biri ilə tanışlıq, yeni macəra imkanı qazanacaqlar.Haqqında danışdığımız xəbəri inandırıcı edən isə Braziliyaya Azərbaycandan çoxsayda insanın gedəcəyi ilə bağlı rəsmi açıqlamadır. Məsələ burasındadır ki, Cənubi Amerikanın ən böyük ölkəsinə səfər üçün kifayət qədər iri məbləğdə vəsait tələb olunur. Braziliyaya yol və orada qalmaq xərcləri sıravi vətəndaşların cibinə uyğun gəlmədiyi üçün buna yalnız milyonçu şəxslərin, varlı məmurların və iş adamlarının, onların ailə üzvlərinin imkanlarının çata biləcəyi məlum həqiqətdir. Qeyd edək ki, bizim bir çox məmurların və onların övladlarının ayrı-ayrı xarici ölkələrdə bahalı tətillər keçirdiyi yeni xəbər deyil. Onların belə istirahət və əyləncələri hətta mətbuat səhifələrinə də çıxır. Xüsusilə yay tətili zamanı ekzotikaya meyllənən bir çox məmurlarımız, onların övladları belə zövqlü istirahətlər üçün istənilən qədər pul xərcləməkdən çəkinmirlər.Bu mənada onların özünəməxsus təbiəti, həyat tərzi, əfyləncələri ilə məşhur olan Braziliyaya da xüsusi həvəs və maraqla gedəcəyini təxmin etmək çətin deyil. Necə deyərlər, "varlığa nə darlıq?" Pul sarıdan korluq çəkməyənlərin istirahət və əyləncə üçün dünyanın o biri ucuna getməsi belə onların əlində su içimi kimi bir şeydir.
Sadə vətəndaşların böyük hissəsi yoxsulluq içində üzsələr də olar, yetər ki, bəzi milyonçu məmurlarımız, onların yaxınları kef-damaqlarından qalmasınlar, həyatın dadını çıxarsınlar.
Toğrul Əliyev