Kondisionersiz avtobuslarımız
Kondisionersiz avtobuslarımız

Yaxşı və komfortlu yaşamaq hər kəsin hüququdur

21-ci əsr olmasına baxmayaraq yay aylarında ictimai nəqliyyatdan istifadə edənlər kondisioneri olmayan avtobuslarla yol getməyə məcbur olurlar. Çox zaman isə sərnişinlər tıxacda qalmalı olur və bu da bəzi insanları əsəbi və aqressiv edir. "Ans press"-in əməkdaşı yol mədəniyyətinin əsasını təşkil edən ictimai nəqliyyatın yeni problemlərini araşdırıb.

İki il bundan öncə Nəqliyyat Nazirliyi açıqlama vermişdi ki, kondisonerlə təchiz edilmiş yeni avtobuslar alınacaq və bu yay həmin avtobuslar şəhər sakinlərinin istifadəsinə veriləcək: "Belə avtobuslar şəhərin əsas marşrutları üçün xəttə buraxılacaq. Və zaman keçdikcə belə avtobusların sayı xeyli çoxalacaq". Ancaq 2014-cü ilin yayı gəlsə də o avtobusların gəlişi haqda heç bir məlumat yoxdur.
Bəzi mütəxəssislərin fikrincə, şəhərə gətiriləcək belə avtobuslar elə ideya kimi qalacaq. Bunu isə iki səbəblə əlaqələndirirlər. Birincisi, kondisionerlə işləyən avtobuslar çoxlu yanacaq işlədəcək. Bu isə iş adamlarına sərfəli deyil. İkincisi isə dayanacaqların çoxluğu qapıların tez-tez açılması ilə nəticələnəcək, bu da avtobusun daxilində normal temperaturun saxlanılmasına imkan verməyəcək.
Öncədən deyək ki, istifadə edilən yanacağın kompensasiya edilməsi üçün müəyyən addımlar atmaq olar. Birincisi, avtobusları dayanacaqdan kənar yerlərdə saxlamamalı və lazım olmayan hallarda qapılar açılmamalıdır. İkincisi, mühərrik işləyə-işləyə dayanacaqda 3 dəqiqədən artıq dayanmamalısan.
İndi müşahidələrimiz göstərir ki, bir çox avtobuslar dayanacaqlarda 15 dəqiqə dayanmalı olur. Bu problemləri həll etdikdən sonra isə 9 ay ərzində istifadə edilən rasional yanacaq 3 ay ərzində kondisioner üçün xərclənən məsrəfə bərabər olacaq.
Bu gün Rusiyanın bəzi şəhərlərində nəqliyyat parkının yenilənməsi üçün bir çox tədbirlər həyata keçirilir. İlk növbədə yeni avtobusların alınmasında istər salonda, istərsə də sürücünün kabinasında kondisionerin varlığı və avtobusların hündür olmaması vacib şərtlərdən biri kimi götürülür. Moskvada artıq yaxın zamanlarda belə avtobusların testinə başlanılacaq.
Bakıda isə isti günlərin sayının çox və temperaturun yüksək olduğunu nəzərə alsaq, bu qəbildən olan avtobusların paytaxtımıza gətirilməsi ümdə vəzifələrdən biri hesab edilməlidir. Belə olan halda saatlarla vaxtını avtobusun kabinəsində keçirən sürücülərin əhval-ruhiyyəsi də yüksək olar və onların əsəb pozğunluğuna son qoyular.
İki gün bundan öncə Moskva xəbərlərində belə bir informasiya yayılmışdı ki, sərnişin avtobusu yüksək sürətlə yoldan kənara çıxaraq səkidəki bir neçə işıqlandırma dirəklərini sıradan çıxarıb. Səbəb kimi isə yürksək temperaturda sürücünün huşunu itirməsi göstərilir. Rusiyanın 2-ci paytaxtı hesab edilən Sankt-Peterburqda baş verən bu qəzada yaralananların da olduğu deyilir. Həmin gün Rusiyanın qədim şəhərində temperatur 30 dərəcədən yüksək olub.
Azərbaycanda isə yay aylarında kölgədə 42 dərəcə isti olur. İndi təsəvvür edin ki, Azərbaycan sürücüləri avtobusları necə çətinliklə idarə edirlər.
Bu problemi müzakirə etmək üçün nəqliyyat üzrə ekspert Məzahir Rüstəmovun fikirlərini öyrəndik. Onun sözlərinə görə, şəhər nəqliyyatında çoxlu problemlər və iradlar mövcuddur: "Ancaq heç kəs bu problemi həll etmək üçün onu törədən səbəbləri axtarmaq istəmir. Sizin qaldırdığınız problemlər, xüsusilə kondisoneri olmayan avtobusların xəttə buraxılması, saatlarla tıxacda qalmaq, ağzıdolu avtobusların hərəkəti hamının gözləri qarşısında baş verir. Deməli, əsas problem nəqliyyat sisteminin düzgün idarəedilməməsidir".
Ekspertin fikrincə, şəhər nəqliyyatındakı problemləri həll etmək üçün ilk növbədə nəqliyyatın idarəetmə sistemi düzgün qurulmalıdır: "Bu halda şəhərimizdə nəqliyyatdan istifadə edən hər bir kəs özünü nəqliyyat vasitələrində komfortlu hiss etməlidir. Və o düşünməməlidir ki, isti havada bir məkandan digərinə getmək üçün avtobusun salonunda onun üçün narahatçılıq olacaq".
Məzahir Rüstəmov vurğulayır ki, kondisionerli avtobuslarda qapıların tez-tez açılmasının qarşısını almaq üçün lazım olan sayda sərnişin daşınmalıdır. "Avtobusa minən hər bir şəxs, istər o insan ahıl, qoca, məktəbli, uşaqlı qadın və yaxud əlil olsun, oturacaq yerinin olmaması haqda düşünməməlidir. Salonda ayaqüstə dayananların sayı əlitutacaqlarının sayı ilə bərabər olmalıdır. Bunu isə sürücüdən tutmuş o marşrutu xəttə buraxan sahibkar tənzimləməlidir. Onların işini isə vaxtaşırı olaraq Nəqliyyat Depatmentinin əməkdaşları yoxlamalıdırlar", - deyə Məzahir Rüstəmov bildirir.
Nəqliyyat üzrə ekspert hesab edir ki, bu problemlərin çözülməsi üçün isə dünya praktikasından istifadə etmək lazımdır: "Unutmaq lazım deyil ki, avtobusların xidmətindən istifadə edənlər içərisində çox saylı əlillər və az təminatlı ailələrin üzvləri olur. Sahibkarlar hava temperaturundan asılı olmayaraq öz nəqliyyat vasitələrində bütün mümkün şəraiti yaratmalıdırlar".
Məzahir Rüstəmov deyir ki, sərnişin avtobuslarındakı problemlərin bir çox insanların bu nəqliyyat növündən imtina etməsi və özünə avtomobil alması ilə nəticələnir. "Belə olan halda isə şəhərdə maşınların sayı çoxalır. Bu da həm tıxaclara, həm də şəhərimizin ekoloji cəhətdən çirklənməsinə gətirib çıxarır", - deyə ekspert bildirir.
Alınan məlumata görə, Azərbaycan Nazirlər Kabineti Bakı şəhər icra hakimiyyətinin nəzdində yeni "BakuBus" şirkəti yaradıb.
Özünü maliyyələşdirmə prinsipilə işləyəcək bu şirkət fəaliyyətində çox güman ki, şəhərimizin nəqliyyat sistemindəki çatışmazlıqları aradan qaldıracaq və avtobusa minən hər bir sərnişin burada özünü komfortlu hiss edəcək.
Yaxşı və komfortlu yaşamaq isə hər kəsin hüququdur.
İndi hamı onlara verilən bu imkanın necə dəyərləndirilməsini gözləyir.


Nazim Mustafayev