Səttar Mehbalıyev: "Etiraf edilməlidir ki, bu gün əsas məsələ layiqli işlə təminatdır"
Səttar Mehbalıyev: "Etiraf edilməlidir ki, bu gün əsas məsələ layiqli işlə təminatdır"

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Beynəlxalq Əmək Konfransının 103-cü sessiyasında çıxış edib

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv-dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 103-cü sessiyası keçirilir. Sessiyanın iyunun 6-da keçirilən plenar iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Mehbalıyev "Məşğulluğun strateji məqsədləri" mövzusunda çıxış edib.

"Bu sessiyanın gündəliyinə əhalinin məşğulluğuna, eyni zamanda qeyri-formal iqtisadiyyata dair məsələlərin daxil edilməsi inkişafın müasir mərhələsində də aktual olaraq qalmaqdadır. Bu gün dünyada 200 milyon işsiz var. Bu göstəricinin artım tendensiyası və son 5 il ərzində işsizlərin sayının 30 milyon artması narahatlıq doğurur. Bununla yanaşı təcrübə göstərir ki, sosial tərəfdaşların məqsədyönlü birgə işi nəticəsində iqtisadi artımı təmin etmək, əhalinin rifah halını yüksəltmək, əmək bazarında gərginliyin azaldılmasına nail olmaq mümkündür".
Bu sözləri Səttar Mehbalıyev Beynəlxalq Əmək Konfransının 103-cü sessiyasında çıxışı zamanı deyib.
S.Mehbalıyev çıxışında bildirib ki, 20 ildən artıqdır ki, öz müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası Konstitusiyasında ölkə vətəndaşlarının məşğulluğunun təmin edilməsinin hüquqi əsasları təsbit edilib. Ölkəmizdə məşğulluq problemlərinin həllinə BƏT-in ratifikasiya olunmuş 60 konvensiya və tövsiyəsi, Avropa Sosial Xartiyasının, Avropa Sosial Təminat Kodeksinin əsasnamələri və digər beynəlxalq sənədlərin rolu böyükdür. Azərbaycan Respublikasında aparılan sosial-iqtisadi siyasətin əsas istiqamətləri əmək hüquqlarının qorunması, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə əməli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, vətəndaşların maddi, sosial, mənəvi və digər maraqlarının təmin edilməsidir. Bu sahələr üzrə aparılan təkidli və məqsədyönlü iş Azərbaycana insan inkişafı sahəsində dünyada ən tərəqqipərvər ölkə olmaq imkanı yaradıb.
AHİK sədri öz çıxışında diqqətə çatdırıb ki, təsdiq olunmuş "2011-2015-ci illər üçün Azərbaycan Respublikasında məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı"nın məqsədi əlverişli siyasi, iqtisadi, sosial və institusional mühitin yaradılması əsasında əhalinin səmərəli məşğulluğunun təmin edilməsidir. Respublikada həmkarlar ittifaqlarının iştirakı ilə işlənib hazırlanmış Əhalinin Məşğulluq Strategiyası, kiçik və orta sahibkarlığa dəstək üzrə dövlət proqramları, iqtisadi artım və yoxsulluğun aşağı salınması, regionların inkişafı və digər mühüm sənədlər əmək bazarında gərginliyin azaldılması üçün yaxşı zəmin yaradıb. Bütün bunlar, eləcə də ölkə rəhbərliyinin siyasi iradəsi 10 il ərzində 1,2 milyon yeni, o cümlədən 70 faiz daimi iş yerlərinin yaradılmasına imkan verib. Bu istiqamətdə iş davam etdirilir, yeni müəssisə və obyektlər yaradılır, işsizliyin səviyyəsi durmadan düşərək 5 faiz təşkil edir ki, bu iş axtaranlar arasında normal rəqabət yaradır.
Struktur dəyişikliklərinin həyata keçirilməsi ilə əlaqədar olaraq S.Mehbalıyev qeyd edib ki, əmək ehtiyatlarının sektor bölgüsündə müsbət irəliləyişlər baş verir, iqtisadiyyatın dövlət sektorunda işləyənlərin payı əhəmiyyətli dərəcədə azaldığı halda (1995-ci ildə 56 faizdən 2013-cü ildə 24 faizədək) şəxsi mülkiyyət müəssisələrində bu göstərici artmaqda davam edir (44 faizdən 76 faizədək). Ölkənin həmkarlar ittifaqları məşğulluq probleminin həllində fəal rol oynayır. Öz üzvlərinin maraqlarını müdafiə edən həmkarlar ittifaqları əmək, iqtisadi, sosial məsələlər üzrə qanunvericilik aktlarının işlənib hazırlanmasında, əhalinin məşğulluq siyasətinin həyata keçirilməsində iştirak edir.
Bir çox problemlərin, o cümlədən məşğulluq məsələlərinin həllində sosial tərəfdaşlığın və dialoqun möhkəmləndirilməsinin mühüm əhəmiyyətini diqqətə çatdıran S.Mehbalıyev daha sonra qeyd edib ki, üçtərəfli əməkdaşlığın nəticəsi olan Baş Kollektiv Sazişin müəyyən bölməsində ölkədə məşğulluq məsələlərinin həlli üzrə öhdəliklər öz əksini tapıb. Hazırda həmkarlar ittifaqlarının təkidi ilə respublikada sosial-iqtisadi məsələlərə dair Üçtərəfli komissiyanın, eləcə də əhalinin məşğulluq məsələləri üzrə Respublika Koordinasiya Komitəsinin yaradılması istiqamətində işlər aparılır.
"Düşünürəm ki, bu strukturlar əhalinin məşğulluq probleminin həllinə öz təsirini göstərəcəkdir.
Yuxarıda göstərilən rəqəmlərə görə belə nəticəyə gəlmək olar ki, Azərbaycan əhalisi işlə təminatda o qədər də gərginlik yaşamır. Lakin etiraf edilməlidir ki, bu gün əsas məsələ layiqli işlə təminatdır, yəni layiqli əməkhaqqı, layiqli əmək şəraiti, sosial müdafiə və s. Bu problemin bir çox sualları layiqli əmək üzrə ölkə proqramlarında öz əksini tapmışdır".
Qeyd edək ki, iyunun 12-nə kimi davam edəcək sessiyada BƏT-in Konvensiya və Tövsiyələrinin icrası vəziyyəti, habelə "İcbari əmək haqqında" 1930-cu il Konvensiyasına dəyişikliklərin edilməsi, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidin dəstəklənməsi, məşğulluğun strateji məqsədləri və digər məsələlər müzakirə olunacaq.