Qeyri-ənənəvi təriqətlərin siyasiləşmə çağırışları
Qeyri-ənənəvi təriqətlərin siyasiləşmə çağırışları

Tolerantlığın pozulması bu qüvvələr üçün münbit şərait yarada bilər

Əvəz Həsənov: "Radikallaşmış qüvvələr ciddi nəzarətə götürülməli və onların keçmişi aydınlaşdırılmalıdır"

Son zamanlar Azərbaycanda dini tolerantlığa zərbə vurmaq istəyən kifayət qədər qüvvələr artıb və onlara qarşı ciddi mübarizə aparılır. Demək olar ki, dövlətin cavabdeh strukturları, o cümlədən vətəndaş cəmiyyətləri tolerantlığın qorunması üçün vacib addımları atdılar və cəmiyyətdə qeyri-ənənəvi dini qüvvələrə bir qınaq yaradıldı. Amma bu günün özündə də Suriyada yüzlərlə azərbaycanlı vuruşur və onlarla bağlı həyacanlı xəbərlər gəlir.
Öncələr Suriyada vuruşan azərbaycanlılar orda olduqlarını gizlətməyə çalışırdılarsa artıq bu ənənə pozulub və nümayəşkarənə şəkildə fəaliyyətlərini gücləndirirlər. Ən təhlükəlisi isə budur ki, artıq bu şəxslər Azərbaycan hakimiyyətini və xalqını da təhdid edirlər. Elə yayımlanan sonuncu açıqlamada buna misladır. Belə ki, Suriyada döyüşən azərbaycanlı mücahidlər Azərbaycan hökumətinə çağırış edib. Suriyada əsasən azərbaycanlı döyüşçülərin olduğu Təbuk camaatı Azərbaycanda məscidlərin bağlanması problemini gündəmə gətirib.
"Azərbaycanı insan haqlarını qorunduğu ölkə kimi təqdim edirsiniz, amma dini azadlıq yox dərəcəsindədir. 2008-ci ildə Əbu-Bəkr məscidi bağlandı, daha sonra Ləzgi məscidi eyni taleyi yaşadı. Bunun əksinə olaraq, kilsələr, sinaqoqlar rahat formada fəaliyyət göstərirlər. Bəs müsəlmanlar nə etsin? Bu gün əhli-sünnət camaatının ibadət etməyə yeri yox dərəcəsindədir. Hansı azadlıqdan danışmaq olar?!"- deyə onlar bildirirlər.
Daha sonra hökumətə çağırış edən azərbaycanlı mücahidlər bildiriblər ki, məscidlər açılmalı, insanların dini azadlığı təmin edilməlidir: "Əgər məscidlər açılmasa, insanlar ibadət etmək üçün yerlər tapmasa, onda hansı azadlıqdan danışa bilərsiniz? Məscidlərin açılması bizim arzumuz və tələbimizdir". Bunu da qeyd edək ki, Suriyada vuruşanlar bundan öncədə bir neçə dəfə müraciətlər yaymışdılar və dindarları Suriyada vuruşmağa dəvət etmişdilər. Ekspertlər hesab edir ki, Suriyada vuruşan azərbaycanlıların bu şəkildə gündəmə gəlmələri kifayət qədər təhlükəli haldır və sabah bu şəxslər Azərbaycandakı tərəfdarları vasitəsi ilə hansısa aksiyalarıda təşkil edə bilərlər. Çünki onların son bəyanatı heç də təsadüfdən olmamışdı. Başqa cür desək bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə ölkənin din xadimlərinə müraciət edərək, radikal dini qruplaşmaların basqısından qorxmamağa çağırmışdı. Şeyx son açıqlamasında əvvəlcə mətbuatdan din xadimləri ilə bağlı yazılanlara etirazını bildirib: "Mətbuatda dinin birtərəfli qaydada təbliği gedir. Telekanallarda pirlərdən, falçılıqdan və digər eybəcərlikdən danışılır. Amma media pisliklərlə yanaşı, yaxşılığı da deməlidir. Mən demirəm pislikdən yazmayın. Yazın. Amma bunun yaxşı olanları da var axı". Şeyx mətbuatda dinin pis tərəfdən təbliğinə səbəb olan dindarlardan da danışaraq, dindarları onlara qarşı mübarizə aparmağa çağırıb: "Ölkədə din xadimi adı ilə təhlükəli, saxta adamlar peyda olub ki, onlara din xadimi demək olmaz. Əsl dindarlar haqqı söyləyərək onlara qarşı ayıq-sayıq olmalıdır. Siz çəkinməyin, bu gün hansısa vəhhabi, uzun saqqalı-filan ağzına gələni danışır. Hətta şiələr arasında da radikallıq nümayiş etdirənlər var. Məsələn, fətva verir ki, get filankəsin başını kəs. Belə hala qarşı qorxmayın, əksinə, haqqın tərəfində olaraq onlara imkan verməyin".Şeyx din xadimlərinə çıxışlarında yalnız haqqı söyləməyi məsləhət görüb: "Sizə çağırış edirəm, din xadimləri dini radikallığa qarşı konkret mövqelərini ifadə etməlidirlər". Gördüyünüz kimi əslində bu Şeyx həzrətlərinə bir cavabdır və bir neçə ay öncə məhz radikal dini qruplaşmalar Şeyxülislam Hacı Allahşükür Paşazadəni şantaj edəcək açıqlamalarla da çıxış etmişdilər. Müşahidəçilər bildirir ki, bu fakt onu təsdiqləyir ki, öncələr özünümüdafiə ilə hərəkət etməyə üstünlük verən bu qruplaşmalar artıq müdafiədən hucuma keçiblər və sabah onların ortaya siyasi maraq qoymalarıda gözləniləndir. Elə bir neçə gün öncə bir qrup Bu azərbaycanlının Suriyada Azərbaycana məxsus pasportları yandırmalarıda ciddi rezonans yaratmışdı. Bununla bağlı "Unikal"a açıqlama verən hüquq müdafiəçisi Əvəz Həsənov bildirib ki, bu hallar ciddi təftiş olunmalıdır: " şəxslər sabah Azərbaycana qayıtmaqla təhlükə yarada bilərlər. Bu səbəbdən radikallaşmış qüvvələr ciddi nəzarətə götürülməli və onların keçmişi aydınlaşdırılmalıdır. Milli Təhlükəsizlik Nazirliyi geri qayıdacaq bu şəxslərin Suriyada terror təşkilatları ilə əlaqələrini yoxlamalı və buna müvafiqdə addım atılmalıdır. Onların qayıdışı yeni məqamlar yarada bilər ki, bununda qarşısını güc qüvvələri alacaq". Bunu da qeyd edək ki, həmin şəxslərin geri qayıtmasından sonra onalrın terrorçu kimi həbs olunması təklifləri çox səsləndirilir və iddia olunur ki, ümumiyyətlə qeyri-ənənəvi təriqət rəhbərləri istəlinən halda həbs olunmalıdır. Maraqlıdır, bəs həbslər yolu ilə bunun qarşısını almaq nə qədər ağlabatandır? Öncəliklə gəlin iki yeni məlumata diqqət ayıraq və bundan sonra daha real cavab tapmağa çalışacaq. İlk xəbər, Azərbaycanda saxlanılan üç "nurçu" barəsində seçilmiş həbs-qətimkan
tədbirinin müddəti uzadılıb.Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Fərzəliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.Qeyd edək ki, onlar Bakının Yasamal rayonunda keçirilən əməliyyat zamanı saxlanılıblar. Hər üç şəxs Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirli bilinirlər.Onu da qeyd edək ki, hüquq-mühafizə orqanları bu ilin aprelində paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərdən birində axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən "nurçu" təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, "nurçu" təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.Digər xəbər isə xristian təməlli təşkilatla bağlıdır. Belə ki,Mingəçevir Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 8-də Asif Bəkirova məxsus evdə "Yəhova şahidləri" dini təriqətinin təbliğ edilməsi müəyyən edilib. Evə baxış zamanı 22 nəfər saxlanılıb və təbliği və yayılması qanunla qadağan olunmuş 13 ədəd dini kitab aşkar edilərək götürülüb. Onlardan A.Bəkirov, oğlu Elçin və Beyləqan rayon sakini Rza Babayev ŞPŞ-yə gətirilib, izahatları alındıqan sonra buraxılıb. Bütün bunları nəzərə alan ekspertlər o fikirdədir ki, bir tərəfdən hüquq-mühafizə orqanları bu tip əməliyyatların sayını artırmalı, digər tərəfdən isə cəmiyyətin özü onların aktivləşməsinin qarşısını almalıdır. Bunun üçün isə marifləndirməyə ehtiyac çoxdur. Ekspertlər deyir ki, hazırda diqqəti cəlb edən təşkilatlardan biri olan "Yəhova şahidləri" təşkilatı daha çox rayonlarda fəaliyyət göstərməyə üstünlük verirlər və onların insanlara yanaşmaları maraqlı olur. Başqa cür desək təşkilat üzvləri social və ruhi durumu gərgin olan insanları ələ keçirir, onlara müəyyən qədər maddi dəstək verir və bundan sonra onun vasitəsi ilə dini bilgisi zəif olan insanlar ələ keçirilir. Adətən digər qeyri-ənənəvi təriqətlər kimi bunlarda gənclərə üstünlük verirlər. Ekspertlər bu baxımdan hesab edirlər ki, dini marifləndirmə bir nömrəli vəzifə kimi qarşıya qoyulmalıdır. O ki, qaldı hüquq-mühafizə orqanlarının fəaliyyətinə müşahidəçilər hesab edir ki, ortada bir qanun pozuntusu varsa hansı təriqəti belə təmsil etməyin mənasıda qalmır. Çünki faktiki qanuna hörmətsizlik olub. Ekspertlər buna görə də hesab edirlər ki, qanunlarda ciddi dəyişikliklər edilməli və sərtləşməyə getmək vacibdir. Bunu da qeyd edək ki, bu gün Avropanın özündə dini tolerantlığın qorunması üçün bir sıra qanunlara ciddi dəyişikliklər edilib, hətta Fransa kimi ölkələrdə hicab qadağası qüvvəyə minib, bir sıra xristian yönümlü missioner təşkilatların fəaliyyətinə qadağalar qoyulub. Bir haldakı Avropanın özündə hansısa təşkilatın fəaliyyətinə qadağa qoyulursa, Azərbaycan niyə bu addımı atmasın? İkinci bir tərəfdən son zamanlar Azərbaycanda radiakllaşan dini qruplarla da bağlı addımlar atılmalıdır. Məsələn, müşahidəçilərin fikrincə fəaliyyətinə radikallığa yol vermiş təşkilatlar parlament tərəfindən terrorçu təşkilat kimi tanınmalıdır və bununla da problem həll etmək olar.