Aytən Mustafayeva: "Ermənilərin Dağlıq Qarabağdakı milli-mədəni sərvətlərimizə vurduğu zərər heç bir ölçüyə sığmır"
Aytən Mustafayeva: "Ermənilərin Dağlıq Qarabağdakı milli-mədəni sərvətlərimizə vurduğu zərər heç bir ölçüyə sığmır"

"Erməni işğalı nəticəsində Azərbaycana dəyən humanitar və mədəni, tarixi zərərin miqyasları çox böyükdür".
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Konfliktologiya və İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva bildirib.
A.Mustafayeva deyib ki, erməni işğalçıları işğal etdikləri ərazilərdə Azərbaycanın mədəni irsini təmsil edən obyektləri xüsusi vəhşiliklə məhv ediblər və işğalçıların Azərbaycanın Dağlıq Qarabağ regionundakı milli-mədəni sərvətə vurduğu zərər heç bir ölçüyə sığmır: "Qarət olunmuş və məhv edilmiş əşyalar təkcə Azərbaycanın deyil, bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir".
A. Mustafayeva qeyd edib ki, tarixi faktlara və əldə edilmiş tədqiqat materiallarına əsasən, Albaniya dövlətinin varisi bu gün məhz Azərbaycan Respublikasıdır. Bu gün Azərbaycanda yaşayan udinlər, avarlar, xınalıqlılar və digər tayfalar albanların nəslindəndir: "Təəssüflər olsun ki, hazırda işğal altında olan Qarabağ torpaqlarında və indiki Ermənistan ərazilərində çoxsaylı Alban məbədləri və digər tarixi-memarlıq abidələrinin qalıb. Alban kilsə, məbəd və monastrları özünün bir çox xüsusiyyətlərinə görə, xristianlığın digər müvafiq abidələrindən və ibadət yerlərindən fərqlənir. Terroru və işğalçılığı dövlət siyasətini səviyyəsinə qaldıran və türk, Azərbaycan və alban tarixi və mədəniyyəti ilə bağlı hər bir şeyi görünməmiş şəkildə mənimsəyən ermənilər tərəfindən bu abidələr tamamilə erməniləşdirilib və ya məhv edilib. Erməni millətçiləri öz işğal siyasətlərinə haqq qazandıraraq bütün qədim Alban abidələrinin "Erməni abidələri" olduğunu bildirirlər. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində hazırda erməni separatçılarının dövriyyəyə buraxdığı pul vahidlərinin üstündə də qədim alban məbədi təsvir olunub. Qafqaz regionuna gəlmə xalq olan ermənilərin antik alban mədəniyyəti ilə heç bir tarixi, hüquqi bağlılığı yoxdur. Ermənilər qədim Azərbaycan dövlət olan Albaniya ilə bağlı bütün faktları saxtalaşdırırlar".
Millət vəkilinin sözlərinə görə, prezident İlham Əliyev tərəfindən Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli fəaliyyət proqramının müddəaları belə bir inam yaradır ki, Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi zərərin ödənilməsi istiqamətində dövlət tərəfindən görülən işlər, atılan addımlar müsbət nəticəsini verəcək, təcavüzkar cəzasını alacaq, haqq-ədalət öz yerini tutacaq.