Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq təcrübəsi xaricdə yüksək qiymətləndirilir
Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq təcrübəsi xaricdə yüksək qiymətləndirilir

Nadiq Quliyev: "Dünyanın nüfuzlu dini rəhbərlərinin mütəmadi olaraq ölkəmizə etdikləri
səfərlər, bu yaxınlarda birinci xanım Mehriban Əliyevanın Vatikanda Roma-katolik
Kilsəsinin başçısı tərəfindən yüksək səviyyədə qəbul olunması buna bariz nümunədir"

Azərbaycanda dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi yönündə dövlət tərəfindən kifayət qədər addımlar atılır. Dini maarifləndirmə işi daimi proses kimi həyata keçirilir, Azərbaycanın tolerantlıq təcrübəsi dünyada təbliğ olunur. Cəmiyyətdən də həmişə bu yöndə pozitiv reaksiyalar olur. Budəfki müsahibimiz tanınmış yazar-tərcüməçi Nadir Qocabəyli də bu düşüncədədir.
- Nadir bəy, öncə ondan başlayaq ki, Azərbaycanda tolerantlığın vəziyyətini necə qiymətləndirirsiz?
- Elmi ədəbiyyatda tolerantlığı daha çox dini və milli müxtəlifliyin etirafı, ona hörmətlə yanaşılması kimi şərh edirlər. Latınca "tolerancia"dan olan bu sözün hərfi mənası dözümlülükdür. Əvvəla, onu qeyd edim ki, Azərbaycanda tolerantlığın kökü qədimdir, ancaq bu haqda çox deyilib-yazıldığından bunun üzərində geniş dayanmaq istəmirəm. Təkcə onu bildirmək istəyirəm ki, bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır. Hələ eramızdan əvvəl Babil hökmdarı Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərinə sığınacaq tapmışlar. Eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları da Azərbaycana pənah gətirmiş və sonradan burada yaranan Alban kilsəsinin əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənib. Müsəlman tolerantlığının əsasını Qurani-Kərimin surə və ayələri təşkil edir: "Dində məcburiyyət yoxdur". Tarixçilərin dediklərinə görə, VII-VIII əsrlərdə müsəlmanlar yəhudilik, xristianlıq və zərdüştiliyin tərəfdarlarına qarşı ehtiram və dözümlülük göstərmişlər. Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynamışdır. Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş və yaranmış şərait onları, dünya görüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar etmişdir.
Sovet İttifaqının dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslər nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı dini etiqad azadlığı da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olan erməni təcavüzü yaradırdı. Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olmuşdur.
Barışmaz erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə və Rusiyaya həmişə belə bir mif təlqin etməyə çalışıblar ki, güya Azərbaycandan "islam təhlükəsi" gözlənilir. Digər tərəfdən, Azərbaycanda anti-müharibə və hətta ermənipərəst meyllərin yayılması üçün bəzi qüvvələr respublikanın müsəlman əhalisinin xristianlaşdırılmasından istifadə ediblər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmir. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər daha da yaxşılaşdı. Şübhəsiz ki, dözümlülük ruhunun qorunub saxlanılmasında müsəlman ruhanilərinin də müəyyən xidmətləri var.
- Sizcə, hazırda Azərbaycanda dövlət-din münasibətləri, bu münasibətlərin tənzimlənməsi hansı səviyyədədir?
- Bu gün Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dinlər qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir və bunun xeyli örnəyi var. Rus Pravoslav Kilsəsinə göstərilən müsbət münasibət, Müqəddəs Məryəm kilsəsinin bərpa olunması, katolik kilsəsinin inşası və digər məsələlər buna parlaq misal ola bilər. Qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsinə də dövlət tərəfindən qayğı göstərilir. Azərbaycandakı yəhudilərə göstərilən ehtiramdan söhbət açarkən, "Krasnaya sloboda" qəsəbəsini də qeyd etməmək olmur. Bura keçmiş sovetlər məkanında yəhudilərin yığcam yaşadığı, yeganə yerlərdən biridir. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xaricdə yüksək qiymətləndirilir. Dünyanın nüfuzlu dini rəhbərlərinin mütəmadi olaraq ölkəmizə etdikləri səfərlər, bu yaxınlarda birinci xanım Mehriban Əliyevanın Vatikanda Roma-katolik Kilsəsinin başçısı tərəfindən yüksək səviyyədə qəbul olunması buna bariz nümunədir. Onu da qeyd edim ki, ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. Mən prezident İlham Əliyevin müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramları münasibətilə təbrik etməsini, ölkəmizdə keçirilən dinlərarası və mədəniyyətlərarası dialoqla bağlı tədbirlərə böyük diqqət yetirdiyini, həmin tədbirlərdə nitqlər söylədiyini müşahidə etmişəm.
- Təəssüflə demək lazımdır ki, Azərbaycanda etnik xalqları dövlətçilik əleyhinə qaldırmaq cəhdləri də olub və imkan olduqca indi də davam etdirilir. Sizcə, bu cəhdlər hər hansı bir problem yarada bilərmi?
- Az öncə qeyd etdiyim kimi, ölkə rəhbərliyinin bu istiqamətdə gördüyü böyük işlər bütün bunları istisna edir. Azərbaycanda sayından asılı olmayaraq, bütün xalqların bərabər yaşaması, öz milli kimliklərini yüksək səviyyədə ifadə etməsi üçün hər cür şərait yaradılmışdır. Belə olduğu halda, dövlətçilik əleyhinə hansısa təxribatların uğur qazanma ehtimalı sıfra bərabərdir. Doğrudur, müstəqilliyimizin kövrək olduğu ilk dövrlərdə belə cəhdləri edənlər olub, amma bu cəhdlər o zaman, yəni dövlətimizin o qədər də möhkəmlənmədiyi dönəmdə uğursuzluqla nəticələnibsə, artıq xeyli güclü və qüdrətli olduğumuz bir vaxtda buna cəhd olunmasına belə hansısa ehtimal vermək mümkün deyil.
- Azsaylı xalqların yaşadığı regionlarda hər hansı ayrıiseçkilik hiss eləmisinizmi?
-Azərbaycanda yaşayan xalqlar bir-biriylə o dərəcədə qaynayıb-qarışıb ki, hansısa ayrıseçkilik ümumiyyətlə mümkün deyil. Baxın, bizim ölkədə elə bir adam, elə bir ailə tapmaq mümkünmüdür ki, yalnız öz etnosundan olanlarla qohumluq əlaqəsi qursun, təkcə öz etnosundan qız alsın, təkcə ona qız versin? Biz kiminləsə tanış, dost olanda, münasibət quranda, iş görəndə onun milli mənsubiyəti ilə maraqlanırıqmı? Bizdə kimsə deyə bilərmi ki, filan idarəyə, müəssisəyə müraciət etdim və məni məhz milli mənsubiyyətimə görə rədd etdilər? Yoxdur belə şeylər və ola da bilməz. Çünki əvvəla buna tarixən yiyələndiyimiz dərin ənənələr, yüksək tolerantlıq mədəniyyəti, ikincisi də, bu sahədə aparılan düzgün və ardıcıl siyasət imkan vermir. Dövlətin regionlarla bağlı siyasətində heç bir ayrıseçkilik yoxdur, sosial-iqtisadi lahiyələr də, abadlıq-quruculuq işləri də hər yerdə eyni cür həyata keçirilir. Azsaylı xalqların nümayəndələri bütün dövlət strukturlarında müvəffəqiyyətlə təmsil olunur, paytaxtımızın və digər istənilən şəhər və kəndlərimizin ən gözəl guşələrində yaşamaq imkanına malikdirlər. Bakının ən gözəl və mərkəzi küçələrindəki istənilən binada yaşayanların etnik tərkibiylə bağlı araşdırma aparsaq, buna tam əmin ola bilərik.
- Yaşlı və orta nəsil tolerantlıq, humanist dəyərlərə əhəmiyyət verir, amma gənlərimiz arasında müəyyən problemlər yaşanır. Hazırda tolerantlıqla bağlı gənclərin maarifləndirilməsinə ehtiyac varmı? Ümumiyyətlə, bu istiqamətdə təklifləriniz nədir. Gənclərin bu dəyərlərə önəm verməsi üçün nə etmək olar?
- Maarifləndirməyə hər zaman ehtiyac var. Qeyd etdiyim kimi, dövlət bu sahədə əhəmiyyətli işlər görür, ancaq ölkəmizi sevməyən bəzi xarici və az da olsa, əfsuslar olsun ki, daxili qara qüvvələrin təxribatlarının qarşısını almaq, xüsusilə də, dünyagörüşləri hələ tam formalaşmayan gəncləri təxribatçıların qurduğu torlara düşməkdən qorumaq üçün hər bir ziyalı, vətəndaş tolerantlığa öz töhfəsini verməli, gənc nəsli düzgün istiqamətə yönləndirməlidir. Təklif olaraq, tolerantlığın məktəb partasından, hətta uşaq bağçasından aşılanmasıyla bağlı layihələr, proqramlar işlənib hazırlanmasını, bu sahədə fəaliyyət göstərən QHT-lərin təşviq olunmasını, vətəndaşlarımızda yalnız qanunların ali olduğu cəmiyyət ideyasına inamı gücləndirəcək islahatlar aparılmasını istərdim.