Tolerantlıq toplumun özünəinamıdır
Tolerantlıq toplumun özünəinamıdır

Ermənistan kənar mədəniyyətləri həzm etmək gücündə deyil

Azərbaycanda milli və dini tolerantlığa olan yanaşma əslində bir fəlsəfi və psixoloji yanaşmadır. Əksər ekspertlər hesab edir ki, tolerantlıq özünəinam prosesindən irəli gələn meyyardır. Yəni özünəinamı zəif olan toplu kənar mədəniyyyətləri, toplumları və dinləri həzm edə bilmirlər. Bu baxımdan Ermənistanda da mövcud olan durumu təhlil etmək maraqlı olardı. Bu gün faktiki olaraq Ermənistanda ermənilərdən başqa millətlər yaşamır və erməni toplumu kənar millətlərin Ermənistanda olmasından sadəcə olaraq narahatçılıq keçirirlər. Ekspertlərin fikrincə bunun başlıca səbəbləri aşağıdakılardır.
1. Erməni toplumun yerli xalq olmaması
2. Toplumda özünəinam hissinin aşağı olması
3. Toplumun utopik prinsiplərlə formalaşdırılması
Məhz bu səbəblərə görə Ermənistanda kənar xalqlar yaşamır . Amma Ermənistandan fərqli olaraq Azərbaycanda kifayət qədər fərqli xalqlar yaşayır və dini tolerantlıq ən yüksək səviyyədədir. Bununla bağlı "Unikal"a açıqlama verən psixoloq Fərqanə Mehmanqızı maraqlı bəzi nüanslara toxundu:" Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olub.
Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır: Babil hökmdarı II Novuxodonosurun Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərinə sığınacaq tapmışlar.
Eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş və sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmişdir.
Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynamışdır.
Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi beynəlxalq müstəvidə yüksək qiymətləndirilmiş və tanınmışdır. Bunun bariz nümunəsi- Roma-katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin 2002-ci ildə respublikaya etdiyi tarixi səfəridir. Bakıda olarkən o, Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir.
Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. Olkə rəhbəri müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir. Beləliklə, tarixən Azərbaycanda formalaşmış tolerantlıq və dözümlülük cəmiyyətimizi səciyələndirən gözəl bir ənənəyə çevrilmişdir. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü yüksək səviyyədə göstərir.
Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə islam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir.
Təsadüfi deyildir ki, son illərdə ölkəmizdə dini tolerantlıq mövzusunda bir sıra beynəlxalq tədbirlər keçirilmişdir. Ölkə başçısının təşəbbüsü ilə Azərbaycan mədəniyyətlərarası dialoq ücün bir mərkəzə çevrilmişdir. Prezident İlham Əliyev Avropa və qonşu regionların mədəniyyət nazirlərinin 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş konfrasındakı nitqində müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan "Bakı Prosesi" təşəbbüsünü irəli sürmüşdür. Bundan sonra Azərbaycan paytaxtının bu yöndə ev sahibliyi etdiyi daha bir mötəbər beynəlxalq məclisdə - 2009-cu il oktyabrın 13-dən 15-dək davam etmiş İslam ölkələri mədəniyyət nazirlərinin konfransı çərçivəsində "Mədəniyyətlərarası dialoq" mövzusunda keçirilmiş "dəyirmi masa"da "Bakı Prosesi -sivilizasiyalar arasında dialoqa yeni çağırış" adlı rəsmi sənəd qəbul edilmişdi.
2010-cu ildə Bakıda keçirilən Dünya Dinləri Liderlərinin Zirvə Görüşündə Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlərin mövcud olması dünyanın müxtəlif regionlarından tədbirə qatılmış nüfuzlu din xadimləri tərəfindən də təsdiq edilmişdir.
2011 -ci ilin aprelin 7-9-da Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha göstərdi ki, Azərbaycan belə forumlar təşkil etməklə xalqları bir-birinə yaxınlaşdırmağa və sülhün qorunub saxlanmasına səy göstərir. Forumda mədəniyyətlərarası dialoqa önəmli töhfə verəcək müzakirələr aparılmış, qərarlar qəbul edilmişdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birlikdə 2012-ci dekabrında Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumu keçirmişdir. Forumun yekunu olaraq "Bakı Platforması" qəbul olunmuşdur. Sənəddə dini tolerantlığın əhəmiyyəti və ekstremizmin zərərli olması vurğulanıb, o cümlədən dünyada tolerantlığın müdafiəsi istiqamətində dövlət nümayəndələri, din xadimləri və alimlərdən ibarət əməkdaşlıq şəbəkəsinin yaradılması məsələsi, həmçinin Azərbaycanın təklifi ilə Bakı Platformasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti də ümumbəşəri təhdid kimi əksini tapmışdır. Sənəddə BMT-yə dinlərin rəmzlərinin təhqir olunmasına qarşı sanksiyanın tətbiq olunması istiqamətində zəruri addımların atılması da təklif olunub.
Beləliklə, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir". Bunu da qeyd edək ki, bu günlərdə millət vəkili və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Roma Papası ilə görüşəndə də məhz tolerantlığın qorunmasına görə Roma Papası ona təşəkkürünü bildirmişdi. O, Fond tərəfindən həyata keçirilən layihələrdə qurumun rəhbəri Mehriban Əliyevanın şəxsi təşəbbüsü və rolunu xüsusi vurğulayaraq, bu münasibətlə Azərbaycanın birinci xanımını təbrik edib.
Vatikanın Azərbaycan ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirən Roma Papası Fransisk bu istiqamətdə Mehriban Əliyevanın fəaliyyətini xüsusi vurğulayıb. Görüşdə Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpası yüksək qiymətləndirilib.
Bütün bunları nəzərə alaraq hesab etmək olar ki, Azərbaycanda milli və dini tolerantlıq əslində öz psixologiyamızdan irəli gələn bir meyyardır və bunu kənar təsirlərlə sıradan çıxartmaq mümkün deyil. Bu səbəbdən də hesab edilir ki, son zamanlar radikal dini qruplaşmaların yaranması kütləvilik təşkil edə bilməz. Həqiqətəndə son bir neçə il ərzində Azərbaycanda havaric, vəhhabi kimi təriqətlər yaransada cəmiyyət onlarla aralarında bir məsafə saxlayır və daha çox bunlara yad ünsürlər kimi yanaşırlar. Həmçinin uzun müddət xristian missonerləri də Azərbaycanda kök atmaq istədilər və nəticəsi uğursuzluqla sona çatdı. Bunu da qeyd edək ki, hazırda ölkədə olan əksər qeyri-ənənəvi sektalar əslində hansısa ölkələrin kəşfiyyat qurumları ilə sıx bağlıdırlar və əsas məqsədi ölkədə milli və dini zəmində münaqişə yaratmaqdır. Həmçinin Ermənistan xüsusi xidmət orqanlarıda Azərbaycanda milli münaqişələrin yaranması üçün güclərini səfərbər ediblər və Əlikram Hümbətovun nümunəsində bunun şahidi olduq. Belə ki, talış separatçısı Əlikram Hümbətov Ermənistana səfər etdi və Şuşada talış dilində radio proqram yaradıldı. Məqsəd isə aydındır. Bununla paralel olaraq hazırda Azərbaycanda yaşayan tatlarla da bağlı müəyyən addım atmaqdadırlar. Ancaq yuxarıda göstərdiyimiz səbəblərdən milli azlıqlarda bu cür oyunlarda iştiraka maraq göstərmirlər və azərbaycançılıq prinsipinə söykənəkli milli tolerantlıq qorunur.